backend

Rektor gəldi, adə qaaaç...

Rektor gəldi, adə qaaaç...


















Adi günlərdə ali və orta ixtisas təhsili müəssisələrində işgüzar ab-hava, qaynar həyat seyr edəndə adamın elə bil könlü açılır

Lakin bu pozitiv qaynaşmanı pərən-pərən salan neqativ məqamlar da var. Onlardan biri barədə söhbət açsaq qorxuruq təhsil müəssisələri rəhbərlərinin bəzisini keyfinə toxunar. Lakin bu narahatlığı nəzərə alaraq hələlik ad çəkmədən məsələni müzakirəyə çıxarmağı lazım bilirik. Deməli belə... Təsəvvür edin, ali və orta ixtisas təhsili müəssisələrindən birində təhsil alırsınız. Universitet və ya kollecin foyesində deyək ki, lap rektorun kabinetindən beş addım aralıda tələbə yoldaşlarınızla səssizcə maraqlı fikir mübadiləsi aparırsınız. Birdən, sanki göy guruldayır, ildırım çaxır, bir neçə boynuyoğun cangüdən foyeni nəzarətə götürərək tələbələrdən təmizləməyə başlayır. Çıxın gedin, burda dayanmayın... Nə var, nə var-adə qaaaç, rektor gəlir... "Gedin, gözə görünməyin, burdan indi rektor keçəcək və ya çəkilin, rektor işə gəlir" şəklində tələblərlə qarşılaşan tələbələrin aradan çıxmaqdan savayı çarəsi olmur. Bu mənzərə bu gün universitet və kolleclərin çoxunda hökm sürür. Ali məktəblərin əksəriyyətində rektorun işə gəlməsi lap "Min bir gecə" nağıllarına bənzəyir-ən azı gözlərini yummalısan. Yaxud adi bir kollec rəhbəri var ki, özünü tələbəsinə göstərməkdən hər vasitə ilə yayınmağa çalışır. Bu gizlənpaç oyunu deyil, həqiqətdir, qardaşım. Dediklərimin doğruluğuna şübhəsi olanlar ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri olan yaxınlarından soruşsunlar görək onlardan hansı biri təhsil aldığı məktəbin rəhbərini heç olmasa üzdən tanıyır. Bu ciddi məsələnin kökündə hansı nüansların dayandığını konkret söyləmək çətindir. Necə deyərlər, bütün hallarda bu məsələni bir mətləbə bağlamaq olar. Rektorun öz tələbəsindən uzaq gəzməyə çalışması dolayısı ilə onun "qrex"i sayılır. Adama deyərlər, hansı əməlindən çəkinirsən tələbən qarşısında. Bu məsələnin problem səviyyəsinə süni olaraq qaldırılması təhsil müəssisələrində demək olar ki, bütün personala ciddi təsirsiz ötüşmür. Yuxarıdan aşağıdakına hamı sanki bir həqarətlə baxır. Saxta işgüzarlıq mühiti formalaşdırılır. Lakin bu mühitin içində hamı sıxılır; müəllim də, onun tələbəsi də. Başqa sözlə desək, belə vəziyyətin hökm sürdüyü təhsil ocağında müəllim-tələbə münasibətlərinin səmiyyətindən danışmağa belə dəyməz. Nə yaxşı ki, universitet rektorlarının hamısı belə deyil. Qafqaz Universitetinin rektoru Ahmet Saniçi daim öz tələbələri arasında görmək olar. Universitetdə təhsil alan tanışlardan soruşmuşam, cavab veriblər ki, Ahmet abi bizim sadəcə rektorumuz deyil, həm də arkadaşımızdır. Ali məktəb rəhbərinin səmimiyyətindən xəbər verən bu jest çoxları üçün əsl nümunə sayılmağa layiqdir. Sadəlik gözəllikdir deyiblər. Bu gözəlliyi qəlizləşdirmək həm də insanın özünü kobulaşdırır, ətrafdakılardan təcrid edir. Vəzifəsindən, cəmiyyətdəki qulluq mövqeyindən asılı olmayaraq hər kəsin ünsiyyətə açıq olması bir növ gələcək uğurların açarıdır. Kollec və universitet rəhbərləri öz tələbələrinə yaxın olduqca. daha humanist, daha səmimi olurlar.

Fərhad Qurbanlı