backend

Şəmsəddin Xanbabayevin Vasif Talıbova inanılmaz sədaqəti

Şəmsəddin Xanbabayevin Vasif Talıbova inanılmaz sədaqəti













Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev virtualaz.org saytının suallarını cavablandırıb. İcra başçısı ilə həmin müsahibəni təqdim edirik:

- 11-ci ildir icra başçısınız. Bu müddətdə prezident tərəfindən "Şərəf” və "Şöhrət” ordenləri ilə təltif edilmisiniz. Belə görünür ki, ölkə rəhbərliyinin sizə etimadı yüksəkdir. Bəs bu illər ərzində gördüyünüz işlərdən özünüz razısınızmı?

- Bu illərdə gördüyümüz işlərdən həm razıyam, həm də razı deyiləm. Razıyam ona görə ki, 10 il ərzində xeyli iş görmüşük. Rayonda üçmərtəbəli Tarix və Diyarşünaslıq Muzeyi yaradılıb, idman kompleksi tikilib, cənab prezident üçü Xaçmazda, biri də Xudatda olmaqla ən böyük 11 illik məktəb tikdirib. Ümumilikdə rayon üzrə 36 məktəb tikilib. 2 uşaq bağçası, 11 muzey tikilib, 7 park və 4 körpü salınıb. Açıq səma altında Şəxsiyyətlər Müzeyi salınıb. Ən əsası rayonlarda qazlaşdırma prosesi sürətlə davam etdirilir. Artıq rayon üzrə qazlaşdırmanın 60 faizi həyata keçirilib. Kənd yolları salınıb və bu işlər də davam etdirilir.
Amma həm də narazıyam. Ona görə ki, nə qədər işləsək də azdır. Hələ görüləcək çox iş var.

- Siz də məlumatlısınız ki, son zamanlar ölkədən Suriyaya döyüşməyə gedənlər var. Mətbuatın da yazdığı kimi, radikal dini təriqətlərə qoşularaq ölkəni tərk edənlər arasında şimal bölgəsindən olanlar üstünlük təşkil edir. Rayonda bu cür halların qarşısının alınması üçün hansı işlər görülür? Bu hadisələri başçılıq etdiyiniz rayon üçün təhlükə hesab edirsinizmi?

- Son bir ay ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanılının da iştirakı ilə rayonumuzda üç dəfə geniş tərkibli müşavirə keçirilib. Ciddi müzakirələr aparılıb. Ümumi rayon üzrə 500 nəfər vəhhabi təriqətinə qoşulub. Lakin onlardan 3-4 nəfəri daha radikaldır. Sizə deyim ki, bu cür halların rayonumuz üçün, ümumiyyətlə, ölkəmiz üçün heç bir təhlükəsi ola bilməz. Çünki hüquq-mühafizə və müvafiq dövlət orqanları bu məsələni ciddi nəzarətdə saxlayır, bütün lazımi tədbirlər görülür. Ümumiyyətlə, gənclərin, bu cür radikal təriqətlərə meylli olanların maarifləndirilməsi istiqamətində də işlər görülür.

- Bəzən mətbuatdan izləyirik ki, bu cür radikal təriqətlərə qoşulan şəxslərin valideynləri onların geri qaytarılması üçün dövlətdən kömək istəyir, icra hakimiyyətlərinə, müvafiq qurumlara müraciət edir. Sizə bu cür müraciətlər edilibmi?

- Yox. Bu cür hallarla rastlaşmamışam. Rayonumuzdan bu cür təriqətlərə qoşularaq ölkəni tərk edənlər çox azdır. Son zamanlar bu cür hadisələrdən biri Xudatda baş vermişdi. Səhv eləmirəmsə, bir nəfər radikal təşkilatlardan birinə qoşularaq getmişdi.

- Rayonda kənd təsərrüfatının inkişafı ilə bağlı hansı işlər görülür? Bəzi rayonlarda təsərrüfatla məşğul olan sahibkarların, kəndlilərin onlar üçün heç bir şəraitin yaradılmaması, problemlərin olması ilə bağlı şikayətlərini eşidirik. Sizin rayonda da bu cür narazılıqlar varmı? Rusiyaya qoyulan embarqodan sonra kənd təsərrüfatı mallarının qonşu ölkəyə ixracı artdı. Bu hal rayonun kənd təsərrüfatına necə təsir etdi?

- Bizim rayonda yerli camaatın, sahibkarların kənd təsərrüfatı ilə məşğul olması üçün hər cür şərait yaradılır. Narazılıq və şikayətlər yoxdur. Qeyd etdiyiniz kimi, Rusiyaya qarşı embarqoların başlamasından sonra rayonumuzdan qonşu ölkəyə ixrac olunan məhsulun həcmi həddən artıq çoxaldı. Bu, təsərrüfatla məşğul olanlara çox xeyir etdi. Kəndli, sahibkar öz məhsulunu baha qiymətə sata bildi. Rusiyadan gəlib rayonumuzdan, kəndlərimizdən məhsul alıb aparırdılar. Kəndli öz məhslunu öz qapısında satırdı.

- Rayonda turizmin inkişafına diqqət göstərilirmi? Rayonda olan otellərin, turizm mərkəzlərinin qiyməti necədir?

- Xaçmaz rayonu üzrə 75 turizm obyekti tikilib. Hazırda bir çoxlarında təmir işləri aparılır, yeni mövsümə hazırlıq görülür. Sahibkarlar üçün istənilən şərait yaradılır. Nabranda xeyli istirahət mərkəzi var. Qiymətləri də münasibdir. Rayonumuzdakı otellər digər bölgələrə baxanda çox sərfəli qiymətə xidmət göstərir.

- Sizin fəaliyyətinizlə bağlı mətbuatda tənqidi yazılar da yer alır. Buna necə reaksiya verirsiniz?

- Kim nə istəyirsə, onu da yazsın. Biz nə iş görürüksə, hamısı göz qabağındadır. Bəzən sonunu gözləmədən, araşdırmadan yazı yazırlar. Babəkin heykəlini Xudatdan rayon mərkəzinə gətirdik. Yazdılar ki, icra başçısı Babəkin heykəlini sökdürdü. Halbuki həmin heykəl hazırda rayon mərkəzindədir. Bundan başqa, Koroğlunun, Xətainin, Cavanşirin də heykəlləri rayon mərkəzindədir. Biz qəhrəmanlarımızın heykəlinin rayonumuzun mərkəzində qoydurmuşuq. Bunu hər ölkədə eləmək mümkün deyil. Çünki onların bu qədər qəhrəmanı yoxdur.

- Rayonda gördüyünüz abadlıq-quruculuq işləri ilə bağlı fikirləşənlər olur ki, siz burada "Naxçıvan modeli”ni tətbiq etmək istəyirsiniz. Yəqin ki, doğulduğunuz şəhərə, Ordubada tez-tez gedirsiniz. Orada görülən işlərin şahidi olursunuz, ona görə belə deyirlər...

- Naxçıvanda çox gözəl işlər görülüb və görülür. Abadlıq və quruculuq işləri çox sürətlə aparılır. Naxçıvanın ən ucqar kəndlərində belə bunu görmək mümkündür. Mən imkan olduqca Naxçıvana, Ordubada gedirəm. Orada görülən işləri görəndə çox sevinirəm. Ali Məclisin sədri Vasif Talıbov Naxçıvanın inkişafı üçün həddən artıq çox iş görüb. Bunu yüksək qiymətləndirmək lazımdır. Naxçıvanda uzun müddət işləmişəm. Ora bələdəm.

- Naxçıvana gedəndə Vasif Talıbovla görüşürsünüzmü?

- Əlbəttə. Mən Naxçıvana gedəndə Vasif Talıbovla mütləq görüşürəm. Darıxanda da təyyarəyə minib gedib Vasif müəllimi görüb gəlirəm...

- Xaçmaz sakinləri onlarla tez-tez görüşdüyünüzü deyirlər. Sizcə, bütün məmurlar, deputatlar, icra başçıları belə olmalıdırmı?

- Məmur özünü niyə dartmalıdır? Sadə olmaq lazımdır, xalqın içində olmaq, onların problemlərini şəxsən öz dillərindən dinləmək lazımdır. Şikayəti birbaşa vətəndaşın özündən dinləyirəm. Allah verən nə varsa, bir tikə yeməyimi elə kabinetimdə yeyir, sonra rayonda, kəndlərdə oluram. Mən rayonun bütün kəndlərinə gedirəm, çayxanaların hamısında otururam, camaatla söhbətləşirəm. Bizim işimiz xalqın, vətəndaşın problemi ilə maraqlanmaq və onları həll etməkdir. Cənab prezident bizi buna görə bu vəzifəyə təyin edib...