backend

“Qarabağ məsələsinin həlli istiqamətində çərçivə sazişi imzalanmalıdır”

“Qarabağ məsələsinin həlli istiqamətində çərçivə sazişi imzalanmalıdır”

qaynarxett.az Moderator.az-a istinadən xəbər verir ki, yeni ildəki ilk açıqlamasında millət vəkili Fərəc Quliyev cari ildə parlamentdə ən önəmli məsələ olaraq, Qarabağ məsələsilə bağlı iqtidarla müxalifət arasında dinləmələrin olmasını məqbul saydı: “Bu il qəbul olunması nəzərdə tutulan layihələr əslində təqdim olunub. Amma başqa təkliflər də ola bilər. İstərdim ki, Dağlıq Qarabağ məsələsilə bağlı Milli Məclisdə dinləmələr olsun və burada bütün güc nazirlikləri iştirak etsin.

Məqsəd isə ondan ibarətdir ki, Müdafiə Nazirliyi, həm də Xarici İşlər Nazirliyinin mövqeyini bilək. Ölkədə iqtidarla müxalifət arasında dialoq başlayıb. Ortaq bir memorandum hazırlanmalı və Qarabağ məsələsinin həlli istiqamətində çərçivə sazişi imzalanmalıdır. O da Dağlıq Qarabağ məsələsinin həllini nədə görməyimizlə bağlı olmalıdır. Sevindirici haldır ki, Dağlıq Qarabağ məsələsinin həlli yolunda iqtidarla müxalifət arasında fərqlilik görünmür. Ana prinsip olaraq həll yolunu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görürük. Elə bir memarandum hazırlaya bilərik ki, həm müxalifət iqtidarın məsələni fərqli şəkildə həll etməyəcəyinə, həm də iqdidar müxalifətin bundan sui-istifadə etməyəcəyinə əmin olsun. Həm də xaricdən basqılar olanda iqtidar deyə bilsin ki, qərarı bir tək olaraq verməyib. Müxalifətlə də danışmaq lazımdır. Bu yeni ildə danışıqlarda ölkəmizə hər hansı basqılar olarsa, vəziyyətdən çıxmalıyıq. Azərbaycan daha gözləyə bilməz, bu məsələni savaş yolu ilə olsa da həll etməliyik. İkinci bir tərəfdən, istərdim ki, Azərbaycan büdcəsi neftin hesabına formalaşmaqdan daha çox, qeyri-neft sektoru hesabına formalaşan büdcəyə çevrilməlidir. Bu yolla da normal şəkildə iqtisadiyyatın diversifikasiyasına nail olaq. Çünki, siyasi təzahürlərlə neftin qiymətinin düşməsilə bağlı Azərbaycan anormal vəziyyətlə üzləşməsin. Rusiyadan qayıdan soydaşlarımızla bağlı olaraq da qanun layihəsi qəbul olunmalıdır ki, onlar Azərbaycan iqtisadiyyatına inteqrasiya olunsunlar. Bu istiqamətdə müzakirələrin olmasını arzulayıram. Gürcüstanlı soydaşlarımızın ölkəmizə gəlib-getməsilə də əlaqədar olaraq miqrasiya qanununda qanunun qəbulu lazımdır ki, ikili vətəndaşlıq olmasa da, hər hansı statusla onlar əcnəbilərdən fərqlənsinlər. Arzulayıram ki, müəllim və həkimlərin əmək haqlarının artırılması istiqamətində də yenilik etmək imkanlarımız olsun. Minimum əmək haqqına da düzəlişlər olmalıdır. Bu sadaladığım məsələlər içərisində Qarabağ məsələsi üzrə dinləmələrin keçirilməsini daha önəmli sayıram”.