backend

Müxalifətçilər islamçıları niyə dəstəkləyir və tərifləyir?

Müxalifətçilər islamçıları niyə dəstəkləyir və tərifləyir?










Son zamanlar dini kəsimin, xüsusilə də zindanda olan dindarların hər zaman qeyri-dini məhəbbəti ilə seçilən kəslər tərəfindən müdafiə olunduğuna şahidlik edirik

Ortaya belə bir sual çıxır, olmaya, dindar kəsimin son “Aşura” mərasimi zamanı izdihamını, say çoxluğunu görən müxalifət qüvvələri, partiya rəhbərləri onları öz sıralarına çəkmək istəyirlər və onlardan öz işləri üçün bəhrələnmək niyyətindədirlər? Bu suala cavab tapmaq üçün millət vəkili Zahid Oruc, AXCP-nin müavini Razi Nurullayev vəAzərbaycan Birlik Təşkilatının sədri Vüsal Hətəmova müraciət etdik.

Zahid Oruc: "Bilirsiniz, bu müxalifətçilər ki var, onlar üçün müqəddəs heç nə yoxdur. Amma dövlətə və dövlətçiliyə qarşı çıxmaq istəyəndə onlar nəinki islamçılardan, hətta əlləri çatdığı hər kəsdən istifadə edirlər. Təki, onlar istəyən olsun. Bu cür yazıların, “dəstək”lərin arxasında, təbii ki, bir hiylə durub. Bu cür insanlar anlayırlar ki, özləri çox zəifdirlər və o üzdən üzlərini dindarlara tərəf tutub onlardan kömək istəyirlər. İnanın, sabahları dövlət qərar çıxartsa ki, Qafqaz Müsəlmanlar İdarəsinin vasitəsi ilə bütün məktəblərə hicablı şagirdlərin gəlişi stimullaşdırılsın, bütün dövlət idarələrində, efirlərdə onlara geniş meydan verilsin, din dövlət siyasətində geniş iştirak eləsin, hətta bayrağımızın yaşıl rəngi digər iki rəngi üstələsin, onda görəcəksiniz ki, hicab məhbuslarını, zindanda yatan nüfuzlu dindarları öz sözlərində dəstəkləyən şəxslər dövləti İrana işləməkdə suçlayaraq fundamentalizmdə ittiham edəcəklər. Budur, onların mahiyyəti. Onlar kimlərəsə yanmırlar, əsas hədəfləri, güddükləri dövlətin başına keçməkdir və dindarları dövlətlə vuruşdurmaqdan ibarətdir".

Razi Nurullayev: "Yanlış fikirdir. İnanclı şəxslərdən istifadə edib nə pis iş görmüşük ki? Bu gün istər inanclı, inancsız, müxalifət, bir sözlə, Azərbaycanı sevən hər kəs ölkədə demokratik ab-havanın qurulması üçün bir yerə cəmləşib. Onların yaşadıqları məhrumiyyətlər onları bir amal uğrunda – Azərbaycanın demokratikləşməsi üçün bir yerə toplayıb".

Vüsal Hətəmov: "Təki, səmimi olsunlar. Bəlkə də, anlamağa başlayıblar. Ola bilsin ki, başa düşürlər ki, əsl vətəndaş mövqeyini ortaya qoyan, xalqın, dövlətin təhlükəsizliyi uğrunda canını belə fəda etməyə hazır olan dindarlar ölkəmiz üçün uğurlu kəsimdir. Amma mənim bunlardan dalağım sancıb həmişə. Sıraları boşalan müxalifət ola bilsin ki, bəzi dindarların aldanaraq onların kəmiyyətini artıracağını düşünür. Ümumiyyətlə, mən bir sıra müxalifəti elə iqtidarla bir sırada görürəm. Yalandan özlərini müxalifət adlandırırlar".

A. Hüseynli