backend

Bir az...

Bir az...

























Bir az...



Məmuru gəl, nəzmə çək, tərbiyələnsin bir az,

Bətninə rüşvət hopub, getsin ələnsin bir az.


Səbrini bas, ver qulaq, gör nəyə müşkül vurub

Əngə verir gün-gecə, beynimizə kül vurub,

Fövqünə fürsət düşüb, məmləkətim gül vurub,

Məzluma çox pis baxır, dinmə sülənsin bir az,

Bətninə rüşvət hopub, getsin ələnsin bir az.


Bəxtinə yağdır para, yoxsa ki, təbdən düşər,

Gizlini tez faş olar, hökmü də dəbdən düşər,

Xırp kəsilər müjdəsi, xeyli qəzəbdən düşər,

Köhnə fırıldaqçıdı, qoy vicələnsin bir az,

Bətninə rüşvət hopub, getsin ələnsin bir az.


Əhli-kəramətdi ki, guya ürəkdən yanır,

Yançağı qançır qalıb, köksü kürəkdən yanır,

Heyran olub kürsüyə uydü, kələkdən yanır,

Tarcığına tök çaxır, tez təpələnsin bir az,

Bətninə rüşvət hopub, getsin ələnsin bir az.


Xəstə cüzammmış, nədi, yoxla yavuq durmasın,

Boynuna sal zınqırov, xalqı yoluxdurmasın,

Çarəni tap bir təhər, gözlə karıxdırmasın,

İtsin ayıb bildiyin, abra bələnsin bir az,

Bətninə rüşvət hopub, getsin ələnsin bir az.

İndi ləyaqət ucuz, hökmünü şeytan yapır,

Nəfsinə qul hakimi getdiyi yoldan sapır,

Aldadıb ağlatmağa min cürə böhtan tapır,

Şəninə bir zurna çal, dəm təzələnsin bir az,

Bətninə rüşvət hopub, getsin ələnsin bir az.


Fəaliyyət Qurbanov