backend

Zülmün qudurduğu yer – Sabirabad

Zülmün qudurduğu yer – Sabirabad






























Nazim İsmayılov rayonu üsyana sürükləyir

Bu gün Sabirabad rayonunda vəziyyət pik həddinə çatıb. Rayon rəhbərliyinin, şəxsən icra başçısı Nazim İsmayılovun fəaliyyəti nəticəsində rayonda problemlər aşıb-daşır. Dövlət başçısının regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirdiyi, bu məqsədlə büdcədən yetərincə vəsait ayırdığı bir zamanda Sabirabad rayonu sanki bu prosesdən kənarda qalıb. Rayon rəhbərliyinin qanunsuz əməlləri ilə bağlı qəzetimizin ötən saylarında bəhs etmişdik. Əməkdaşımızın apardığı yeni araşdırmasında bir çox ilginc məqamlar üzə çıxıb.

Qeyd edək ki, indiyə kimi Sabirabadın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə büdcədən bir neçə milyon manat ayrılıb. Bu məbləğlə rayonda bəzi işlər görülsə də, yeyinti hallarına daha çox yol verildiyindən bir sıra obyektləri təmir etmək mümkün olmayıb. Təmir edilənlərdə isə ucuz tikinti materiallarından istifadə edilib. Yəni vəsaitin çoxu kimlərsə tərəfindən mənimsənilib. Sözsüz rayona ayrılan vəsaitlərin nəzərdə tutulan işlərə sərf olunmamasında təqsiri olan şəxslərdən biri də icra başçısı Nazim İsmayılovdur. Artıq rayona rəhbərlik etməsinin 3 ili tamam olan icra hakimi ölkə başçısının etimadından sui-istifadə edərək büdcə pullarını göyə sovurmaqla məşğuldur. Bildirilir ki, Sabirabadda yalnız kosmetik işlər görülüb. İcra hakimi ölkə başçısının rayona etdiyi səfəri zamanı ona yalnız rayonun mərkəzi yerlərini göstərib. Kəndlərdə və rayon mərkəzindən aralıda yerləşən yaşayış sahələrində vəziyyət dözülməzdir. Yollar yaman gündədir, kommunal problemlər əhalini boğaza yığıb. İcra başçısı heç bir vətəndaşın problemi ilə maraqlanmır. Özünü və biznesini fikirləşir. Rayon camaatı onun haqqında dəfələrlə şikayət edib. Buna baxmayaraq, hələ də vəzifəsində qalır. Özbaşınalıqlar o həddə çatıb ki, artıq buna tap gətirmək mümkün deyil. Dövlət büdcəsindən vəsait ayrılır ki, rayonda iş getsin, ancaq başçı sıravi insanları tikinti və təmizlik işlərinə cəlb edir. Rayondan bildirilir ki, bir müddət öncə rayonda gedən tikinti işlərinə işçi qüvvəsi çatmırdı. Səbəb isə sadə idi - ayrılan pulu yemişdilər, buna görə də fəhlə tutmağa pul çatmırdı. Başçı isə rayon gənclərini bu işlərə cəlb etməklə vəziyyətdən çıxış yolu tapdı. Rayonda işsizlik hökm sürdüyü bir vaxtda belə bir özbaşınalığa yol verilməsi sakinlər arasında hiddətlə qarşılanıb.

Nazim İsmayılovun Sabirabadda nail olduğu ən böyük "uğurlardan” biri də "torpaq alverinin” geniş meydan almasıdır. Başçının fəaliyyətini tənqid edən sakinlərin sözlərinə görə, Nazim İsmayılovun 3 illik rəhbərliyi dövründə Sabirabadda nə qədər boş torpaq varsa, hamısı satılıb. Rayonda elə adam yoxdur ki, başçının torpaq satışı ilə məşğul olduğunu bilməsin. İcra hakimi rayonda hegomonluq edir. Şikayətçilərin sözlərindən məlum olur ki, Nazim İsmayılovun sabirabadlılara yuxarıdan aşağı baxması bəzi məmurlara da təsir edib. Sakinlər bildirirlər ki, rayonda fəaliyyət göstərən bəzi idarə və müəssisələrin rəhbərləri bizə kobud münasibət göstərirlər. Problemlərinin həlli üçün müraciət edənlərə elə münasibət göstərilir ki, onlar bir daha buna cəhd etmək istəmirlər.

Nazim İsmayılova Sabirabadda çiçəkləndirdiyi biznes sahələrindən biri də alveridir. Çünki onun şəxsi daş karxanaları var. Karxanasının məhsullarını satmaq üçün o, rayondakı binaları təzələyir. Təbii, təzələmə prosesində onun karxanasının məhsulları dövlət büdcəsindən ayrılan pullarla bazar qiymətindən baha "alınır”. Kür daşqınları zamanı, eləcə də prezidentin Ehtiyat Fondundan ayrılanvəsaitləri də daha çox, tikilməli olan evləri "bərpa-gücləndirmə” adı ilə karxananın məhsuluna xərcləyib.
Rayonun mərkəzini "gözəlləşdirən” Nazim İsmayılov bütün binaların fasadlarının dəyişdirilməsini əmr edib. İlkin olaraq icra hakimiyyətinin binasına yeni daş üzlük vurulub. Yaxınlıqda olan bir neçə dövlət müəssisəsi də "restovrasiya” olunur. Bu isə ona ikitərəfli sərf edir. Həm büdcədən pul silir, həm də sildiyi pulu öz karxanasının hesabına köçürür.
Bütün bu söküntü-tikinti işlərinin heç birinin əhaliyə isti-soyuğu yoxdur. Hamı öz dərdinə çarə axtarır. Həftənin bazar ertəsi olan kimi "dərman” axtarışında olanlar icra hakimiyyətinin binası önünə toplaşırlar. Çünki, məhz Nazim İsmayılovun qəbuluna düşmək şansı həftənin bazar ertəsi günləri mümkün olur. Əlbəttə əgər "bu xoşbəxtliyə” nail olmaq imkanı olarsa.
Bu yaxınlarda isə mətbuatda Sabirabadda baş verən "kağız maxinasiyaları” ilə bağlı ilginc xəbərlər verilmişdi.
Rəsmi saytlarda yayılmış məlumatlarda vurğulanır ki, təkcə 2013-cü il ərzində bu rayonun 3 icra nümayəndəliyinə dəftərxana ləvazimatlarının alınması üçün külli miqdarda pul ayrılıb. Belə ki, bu məqsədlə Sabirabada rayon İcra Hakimiyyəti Azadkənd kənd İcra Nümayəndəliyinə 6000 manat, Ulucalı kənd İcra Nümayəndəliyinə 6880 manat və Muğangəncəli İcra Nümayəndəliyinə isə 5973 manat vəsait ayrılıb. Qeyd edək ki, hər üç əməliyyatın həyata keçirilməsi isə «VVS Tikinti Təhcizat» MMC-yə həvalə olunub. Elə işin içində maliyyə maxinasiyasının olması buradan açıq şəkildə hiss olunur. Çünki tikinti işlərinə baxan bir şirkətin dəftərxana ləvazimatlarının alınmasına iştirak etməsi təcrübədə az rast gəlinən hallardandır. Eyni zamanda, tikinti ilə məşğul olan bir şirkətin dəftərxana ləvazimatları almasının özü korrupsiyadan xəbər verir. İkinci bir amil isə ondan ibarətdir ki, bu qədər iri məbləğlərin dəftərxana xərcləri üçün nəzərdə tutulması şübhəlidir. Əvvəla Sabirabadın adları çəkilən kəndləri hər nə qədər böyük olsa da, bir ildə onlara bu qədər dəftərxana ləvazimatları üçün bu qədər pul gərək deyil. Belə başa düşülür ki, bu İcra nümayəndələri ancaq kağız-kuğuz işləri ilə məşğul olur. Hətta ekspertlər onu da deyir ki, bu qədər pulla hər hansı bir rayonda orta səviyyəli mətbəəni kağızla tam təmin etmək mümkündür. Aldığımız məlumatlara görə əslində, Sabirabadın icra başçısı Nazim İsmayılovun həyata keçirdiyi bu əməliyyatların iştirakçısı olan «VVS Tikinti Təhcizat» şirkəti heç də ona yad olan bir müəssisə deyil. Daha doğrusu, bu şirkətlə icra başçısını birləşdirən bir sıra məqamlar var. Bununla bağlı əldə olunan məlumatlarda qeyd olunur ki, «VVS Tikinti Təhcizat» MMC məhz Sabirabadın icra başçısının tapşırığı əsasında yaradılıb. Və bu şirkət rayonda həyata keçirilən adablıq işlərinin önəmli hissəsini görüb. Həmin şirkətin başında duran şəxsin Nazim İsmaylova qohumluq sarıdan uzaq biri olmasına rəğmən, əlaqələrinin mövcudluğu çoxdan varmış. Digər tərəfdən isə ortada bəzi iddialar var. Həmin iddialara görə, icra başçısı bu şirkət vasitəsi ilə rayona ayrılmış büdcə pullarını asanlıqla silməyi bacarıb. Daha doğrusu, razılaşma əsasında sənədlərdə yüksək məbləğlər göstərilsə də o, pulların böyük qismi Nazim İsmayılova çatıb. Hal-hazırda da «VVS Tikinti Ticarət» MMC Sabirabada abadlıq və tikinti işlərində əsas aparıcı şirkət olaraq iştirakını davam etdirir.
Nazim İsmayılovun balıqçılığa olan "böyük sevgisi” də Sabirabada heç də ucuza başa gəlməyib. Belə ki, icra başçısının göstərişi ilə əksər əkinə yararlı torpaqlar balıq yetişdirilən göllərə çevrilib. Bu isə qrunt sularının yer səthinə çıxması nəticəsində ətraf ərazilərin şoranlaşması ilə nəticələnir. Nəticədə əsas dolanacağı kənd təsərrüfatı olan sabirabadlılar çox çətin duruma düşüblər. Nazim İsmayılovun "balıqları” insanları problemə salıb.

Rayon sakinləri bildirirlər ki, icra başçısı öz şəxsi təsərrüfatlarına göstərdiyi diqqətin cüzi hissəsini rayona göstərsəydi, indi Sabirabadda problemlər bu qədər ayaq açmazdı. Özü də bu məqsədlə dövlət büdcəsindən yetərincə maliyyə vəsaiti ayrılıb. Sabirabadda büdcədən maliyələşən qurumlara, o cümlədən təqaüdlərin ödənilməsi, həmçinin şəhər təsərrüfatının idarə olunması, sosial-iqtisadi problemlərin həll olunması ilə bağlı dövlət büdcəsindən ayrılan vəsaitlərlə yanaşı prezidentin Ehtiyat Fondundan son illər rayona 7 milyondan çox vəsait ayrılıb. Bu vəsaitlərin əhəmiyyətli hissəsi rayonun sosial-iqtisadi inkişafı, abadlaşması və digər məqsədlər üçün nəzərdə tutulub. Amma görünən odur ki, nə Sabirabad abadlaşıb, nə də rayon sakinlərinin iqtisadi durumu yaxşılaşıb. Rayonda iqtisadi durumu yaxşılaşan yalnız N. İsmayılov və onun yaxınlarıdır. Digər tərəfdən 7 milyon manatın hara xərclənməsi ilə bağlı heç bir məlumat, hesabat yoxdur. Hətta "görülən işlər” barədə Sabirabad rayon İcra Hakimiyyətinin rəsmi saytında da heş bir məlumat yoxdur. Nəzərə alsaq ki, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Nazim İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib onda maraqlı sual yaranır - görəsən, N. Ismayılov hansı səmərəli fəaliyyət göstərib? Və ya o hansı vətənə xidmət edir? Axı "xidmət etdiyi”Sabirabadda acınacaqlı vəziyyət göz qabağndadır. Bütün rayon boyu narazılıq dalğası baş alıb gedir. Hər gün Sabirabaddan respublika rəhbərliyinə çoxsaylı şikayətlər ünvanlanır. Məgər vətənə xidmət deyilən anlayış budurmu? Yoxsa Sabirabadın bu vətən dediyimiz Azərbaycana aidiyyatı yoxdur? Hər halda sabirabadlılar Nazim İsmyılovun bu "vətənsevərliyindən " çoxdan doyublar.

P.S. Qəzet çapa gedərkən Sabirabaddan daha bir şikayət məktubu aldıq. RAYON CAMAATI İCRA BAŞÇISININ YARATDIĞI MÜHİTDƏN ŞİKAYƏT EDİRLƏR. Narazı vətəndaşlar redaksiyamıza ünvanladıqları müraciətlərində rayondakı sosial durumdan, iş yerlərinin olmamasından, əhalinin səfalət həddində yaşamasından giley-güzar edirlər.
Şikayətçilər yazır: «Bizim nə icra başçısı, nə də deputat sarıdan bəxtimiz gətirməyib. Dəfələrlə deputatımıza da durumu anlatmışıq. Amma deyəsən, icra başçısı Nazim İsmyılovun hökmü daha keçərlidir.
Rayonda nə yaşlıların, nə də gənclərin işləməyə bir yerləri yoxdur. Bu gün Sabirabad camaatı Rusiyada yaşayanların hesabına ayaqda durur. Son zamanlar isə rusiyadakıların da durumu ağırlaşıb. Bunu daha çox bəlkə də sabirabadlılar hiss edirlər».
Sakinlər müraciətlərində öz rayonlarını qonşu İmişli rayonu ilə də müqayisə edirlər: «Biz bu gün İmişli rayonuna həsədlə baxırıq. Orada aparılan quruculuq işlərinin yüzdə biri bizim rayonda həyata keçirilmir. İmişlidə iş yerləri açılıb, yüzlərlə adam iş yeri ilə təmin olunub. Amma bizdə əhalinin yeganə dolanışıq yeri kənd təsərrüfatı olsa da, burada da güzəranımız, dincliyimiz yoxdur. Becərdimiyiz məhsulu icra başçısının adamlarının təkidi ilə aşağı qiymətə satmalı oluruq.
Sabirabaddan olan imkanlı şəxslər dəfələrlə rayonda iş yerləri açmaq istəsələr də, Nazim İsmyılov buna imkan verməyib. Elə bu günlərdə böyük bir kompleks tikmək istəyən Rusiyadakı həmyerlilərimizdən birinə icra başçısının birinci müavini bildirib ki, əgər obyektinə şərik olacaqsa, onda icazə verilə bilər. Yəni adam pul qoyur, amma başçının müavini ilə şərik olur.
Bu özbaşınalıq durdurulmasa, o zaman Sabirabadda bütün Azərbaycanı biabır edəcək hadisələr baş verə bilər. Bu gün Sabirabadda aclıq həddində olan, bir qarın çörəyə möhtac olan adamlar var. Yaxşı olarmı ki, Sabirabadda kimsə acından ölsün? Bundan dövlətimiz nə qazanacaq?»


P.S.S. Biz Sabirabad rayon İH başçısının birinci müavini Həsən müəllimlə telefon əlaqəsi yaratdıq. Həsən müəllim əvvəl başçının məzuniyyətdə olduğunu bildirdi. Biz göstərilən faktlara aydınlıq gətirməsini xahiş etdikdə isə o, qəribə də olsa bizi Milli Təhlükəsizlik Nazirliyi ilə hədələdi və telefonu qapatdı. Bizcə şərhə ehtiyac yoxdur…