backend

Qazaxı kim idarə edir? - FOTO

Qazaxı kim idarə edir? - FOTO














Yəqin ki, belə bir sualın cavabını iş otağından aylar uzunu kənara çıxmayan, rayonun nəinki kənar ərazilərini, hətda mərkəzi hissələrini belə xarabazarlığa çevirən cənab Ayaz Əsgərov özü daha dolğun şəkildə cavablandıra bilər

Ayaz Əsgərov 2011-ci ili oktyabrında Qazax rayon İcra Hakimiyyətinə yeni başçı təyin olunanda, qazaxlıların tam əksəriyyətində belə bir fikir formalaşmışdı ki, nəhayət rayonun sosial problemləri tədricən həllini tapacaq. Amma, hər şey gözlənilənlərin əksinə oldu. Buna səbəb olan müxtəlif amillər idi ki, bu amillər içərisində bir çox cəhətlər daha çox diqqəti cəlb etməkdədir. Diqqəti cəlb edən əsas amillər içərisində isə, cənab Əsgərovun özünəməxsus xarakterik xüsusiyyətə malik şəxs olmasıdır. Belə ki, o, daim özünü ətraf aləmdən tədric edir, əhali arasına çıxmır, sosial problemlərin varlığını öz gözü ilə görməyə cəhd etmir, problemlər məngənəsində boğulan sakinləri dinləmək istəmir. Elə bu kimi səbəblər üzündəndir ki, bu gün Qazax rayonu digər rayonlarla müqayisədə, daha çox problemlər məngənəsində boğulmaqdadır.
Son vaxtlar əksər mətbu orqanlarda rayonun sosial problemlərinin varlığından daha çox bəhs olunur, silsilə tənqidi məqalələr işıq üzü görür. Və bu da onu sübut etməyə əsas verir ki, artıq Qazax rayon sakinlərinin Ayaz Əsgərova olan ümidləri puça enib. İşıq üzü görən məqalələrin çoxu, yerli sakinlərin verdikləri məlumatlar əsasında hazırlanır. Bu gün rayon sakinlərini daha çox narahat edən problemlərdən biri, yerli vəzifə sakinlərinin korrupsiya əməllərinə qol qoymalarıdır. Büdcədən ayrılan vəsaitlərin də təyinatı üzrə xərclənməməsi, hal-hazırda daha çox müzakirə olunan məsələlərdəndir. Sakinlər onu da bildirirlər ki, sosial problemlərin həlli məqsədilə büdcədən ayrılan vəsaitlərin çoxu, bəzi vəzifə sahibləri tərəfindən mənimsənilir. Belə bir halın varlığı da, ümumi vəziyyətin pisləşməsinə səbəb olur.
Bu gün dəbdə olan problemlərdən biri də, rayonun mərkəzi ərazilərində olan yaşıllıqların məhv olunmasıdır. Bu haqda məlumatı verən sakinlər bildirirlər ki, icra hakimiyyəti strukturunda çalışan bəzi vəzifə sahibləri, yaşıllıq ərazilərini müxtəlif iş adamlarına və yaxud da qohumlarına satırlar. Buna misal olaraq, rayonun 5 saylı tam orta məktəbinin qarşı tərəfində satılan ərazini misal göstərə bilərik. Elə bu səbəbdən də, bu gün sakinlərin çoxu istirahət etməyə yer tapmırlar, bəzi istirahət mərkəzlərində isə qanunsuz tikinti işləri aparılmaqdadır. Sakinlər onu da vurğulayırlar ki, Ayaz Əsgərov rayona rəhbər təyin olunduqdan sonra, əksər yerlərdə abadlaşma adı altında kəsilməsi qadağan olunan ağaclar məhv edildi. Bununla da rayonun ekologiyasına, yaşıllıqlarının varlığına misli bərabəri olmayan zərbələr vuruldu.
Rayonun kəndarası yolları da bərbad haldadır. Sakinlərin su ilə təminatlarında tüğyan edən problemlər, bu gün də yaşanmaqdadır. Əksər problemlər baş qaldıranda bəzi vəzifə sahibləri daim vurğulayırlar ki, guya su xətləri yenidən qurulub. Amma elə ki, yağış yağır, bu zaman sistem sıradan çıxır və problemlər daha da çoxalır. Ayaz Əsgərov təyinatının ilk günlərində bidirirdi ki, “mən cənab İlham Əliyevin etimadını doğrultmağa çalışacağam”. Bəs nə oldu cənab Ayaz müəllim? Kim sizin işlərinizə maneə oldu, verdiyiniz vədlərin həll olunması üçün əngəllər yaratdı? Axı, siz eyni zamanda əhalinin də etimadını doğrultmağı vəd vermişdiniz? Siz vəzifə təyinatınızın ilk günlərində əhali ilə ara-sıra görüşürdünüz, problemləri ilə maraqlanırdınız. Bəs indi nə baş verir ki, aylarla iş otağınızdan bayıra çıxmırsınız? Deməli, etimadı doğrultmadığınız üçün əhali arasına çıxmırsınız. Yəni, onlara deməyə sözünüz yoxdur.
Bütün bu kimi amillərin varlığı onu sübut edir ki, Ayaz Əsgərovun təyinatı Qazax rayonuna ötən illər ərzində xoşbəxtlik yox, böyük bir bədbəxtçilik gətirdi. O, səriştəsiz idarəçiliyi ilə rayonun problemlərinin üstünə yeni bir problemlər gətirməklə, sanki rayonda ümumi durumu çıxılmaz vəziyyətə saldı. Diqqəti çəkən hal odur ki, ölkə rəhbəri möhtərəm prezidentimiz İlham Əliyev cənabları hansı şəxsi şəhər və yaxud da rayona rəhbər vəzifəyə təyin edirsə, birmənalı şəkildə tapşırır ki, “gedin əhali ilə işləməyi bacarın, onların problemləri ilə maraqlanın və həllinə də çalışın” deyir. Belə bir tapşırıqların verilməsinə baxmayaraq, səbəb nədir ki, Ayaz Əsgərovun rəhbərlik etdiyi Qazax rayonu, bu gün analoqu olmayan problemlər məngənəsində boğulmaqdadır.
Ötən illər ərzində Qazağın bütün sahələrini əhatə edən, belə demək mümkünsə əksər sahələri də iflic vəziyyətinə gətirib çıxaran Ayaz Əsgərovun naşı idarəçiliyi, hal-hazırda hər kəsi düşünməyə sövq edir. Məsələn, adicə rayonun səhiyyə sahəsi haqda onu deyə bilərik ki, bu gün Arzu həkimin rəhbərlik etdiyi MRX-da misli bərabəri olmayan rüşvətxorluq halları baş alıb gedir, dövlət səhiyyə ocağına üz tutan sıravi sakinlər sanki ilan qabığı kimi “soyulurlar”. Çünki, Arzu həkim də digər sələfləri kimi iştahasını cilovlaya bilmədiyindən və and içdiyi “Hippokrat” andına “sadiq” qaldığından, rayonun səhiyyə sahəsində ümumi vəziyyət acınacaqlı duruma düşüb. Büdcədən səhiyyə sahəsinə ayrılan vəsaitin çoxu, dərman preparatları, geyim formaları, ərzaq məhsulları, yanacaq, müxtəlif avadanlıqlar və.s, rəhbərlik tərəfindən müxtəlif yollarla “həzmi-rabedən” keçirilir. Bundan əlavə, rayonun təhsilində də ümumi durum olduqca acınacaqlıdır. Fəaliyyəti fəaliyyətsizliyə söykənən mədəniyyət evlərində planauyğun tədbirlər keçirilmir, maarifləndirmə işləri aparılmır. Kitabxanalarda, yaradıcılıq mərkəzlərində qapılar günlərlə açılmır. Uşaq bağçalarında yaşanan durum, birbaşa həyacan təbili çalmağa əsas verir. Çünki, bu haqda məlumatı verən rayon sakinləri bildirirlər ki, rayon mərkəzindən kənar kəndlərdə yerləşən uşaq bağçalarında aylar uzunu qapılar açılmır. Amma, bunun müqabilində icra hakimiyyəti aparatında bu sahəyə məsul vəzifə sahibi ilə kənd icra nümayəndələrinin işbirliyi, hər ay külli miqdarda dövlət vəsaitini dolayısı yollarla mənimsəməyə imkan verir. Rayonun peşə məktəbində, sürücülük məktəbində və digər təhsil ocaqlarında yaşanan mənzərə də, hər kəsi düşünməyə sövq edir. Yol polisi sahəsində bənzəri olmayan olaylardan xəbər tutduqca, sanki dəhşətə gəlirsən. Buna səbəb, rayon ərazisində sərnişindaşınma ilə məşğul olan nəqliyyat vasitələrinin texniki baxışdan keçməmələri, nəqliyyat vasitələrini idarə edən şəxslərin xeyli hissəsinin sürücülük vəsiqələrinə sahib olmamaları və belə bir addımlarının müqabilində, hər ay yol polisi əməkdaşlarına “görüm-baxım” etmələridir. İcra hakimiyyəti aparatının qarşısında, Mütəfəkkirlər bağının mərkəzində və Mədəniyyət evinin ön hissəsində olan fontanların ümumiyyətlə işləməməsi və bir növ zibilxanaya oxşaması, onu söyləməyə əsas verir ki, Ayaz Əsgərovun bugünkü idarəçiliyi fontanların fəaliyyəti ilə sanki eyniyyət təşkil edir. Əhalinin sosial müdafiəyə ehtiyacı olan hissəsinin sosial müdafiəsini gücləndürmək məqsədilə, büdcədən ayrılan vəsaitin də məqsədi şəkildə verilməsi, hal-hazırda böyük bir narazılıq yaratmaqdadır. Mərkəzi yerlərdə, daha dəqiq desək icra hakimiyyətinə yaxın küçələrdə kanalizasiya sularının açıq formada axması, iy-qoxunun ətraf aləmi bürüməsi, səkilərə döşənmiş üzlük daşların qopması və sınıq-salxaq hala düşməsi, ümumi mənzərənin necəliyindən xəbər verir.
Ümumiyyətlə, bu gün Qazax rayonunda Ayaz Əsgərovun həyata keçirdiyi naşı idarəçilik, hər kəsə həyacan təbili çalmağa əsas verir. Buna səbəb o olur ki, rayon rəhbərliyi etimadını itirmiş şəxs hesab olunur. Bir anlığa fikir verək, bu gün əksər şəhər və rayonlarda ən azından mərkəzi ərazilər qaydaya salınır, təmir-bərpa içləri həyata keçirilir. Amma, Qazax rayonunda bu gün bu yöndə heç bu addım atılmır, ümumi mənzərədə bir qədər dəyişikliklər həyata keçirilməklə kimlərinsə gözünə kül üfürülür.

Hörmətli oxucular! Sizləri yaxın günlərdə rayona büdcədən ayrılan vəsaitlərin daha çox hansı yollarla mənimsənilməsi, keçən ilki bələdiyyə seçkilərində baş verən ciddi qanunsuzluqlar və sair barədə geniş yazını təqdim edəcəyik. Odur ki, bizi izləməyi unutmayın.
Sadalanan problemlərlə əlaqədar, qarşı tərəfin də mövqeyini öyrənməyə və dərc etməyə hazırıq.


Mübariz

Qazaxı kim idarə edir? - FOTO

Qazaxı kim idarə edir? - FOTO

Qazaxı kim idarə edir? - FOTO