backend

Gürcüstan Bakı ilə Moskva arasında bölünür

Gürcüstan Bakı ilə Moskva arasında bölünür














"Gürcüstan Cənubu Qafqaz, Rusiya və Avropa İttifaqı arasında enerji mərkəzi yaratmaq istəyir”

Bu açıqlama ilə Gürcüstan Neft və Qaz üzrə Beynəlxaql Korporasiyasının eks-rəhbəri Georgi Çanturiya çıxış edib.

O, bu layihənin əsas icraçılarından biri olduğunu bildirib:

"Əsas industrial mərkəzin Supsa şəhərində tikilməsi sentyabrda nəzərdə tutulub. Layihənin həcmi təxminən 17 milyard dollar təşkil edir. Onu Avropa İttifaqı ölkələri ilə bərabər Rusiya da maliyyələşdirəcək. Layihə çərçivəsində Abxaziyadan keçməklə Novorossiyskdən Supsaya kəmər tikiləcək. Bu isə öz növbəsində Rusiya neft kəmərinin Bakı-Tiflis-Ceyhan kəmərinin qoşulmasına imkan yaradacaq. Bunun üçün "Rosneft” özünün Qafqazda fəaliyyətini genişləndirmək istəyir”.

Gürcüstanın rəsmi dairələri Çanturiyanın açıqlamasını təsdiqləməyiblər. Hakim partiyanın nümayəndəsi olan Georgi Volski hökumətin enerji mərkəzinin yaradılması ilə bağlı məsələyə baxmadığını deyib. Həmçinin o, Çanturiyanın bu məsələlər barədə Tiflis meri uğrunda seçkilərə qoşulduqdan sonra danışmağa başladığı haqqında informasiyaya sahib olduğunu deyib.

Xatırladaq ki, bundan öncə Rusiyanın "Rosneft” şirkəti Xəzər neftini Qara dənizə daşıyan "Petrocas” şirkətinin 49% səhmini almışdı. Bəzi ekspertlər Çanturiyanın bu informasiyasının reallaşacağı təqdirdə Rusiya ilə Azərbaycan arasında Gürcüstanın energetikasının bölünəcəyini bildirmişdilər.

Onu da vurğulayaq ki, Şevardnadze dövründə kifayət qədər önəmli fiqur olan Çanturiya Saakaşvili hakimiyyətə gəldikdən sonra 2004-cü ildə vəzifəsindən uzaqlaşdırılıb. Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum layihələrinin həyata keçirilməsində mühüm rol oynayan Çanturiya sonradan Azərbaycana gəlib.

Bəzi iddialara görə, Canturiya 2004-cü ildən 2010-cu ilə qədər SOCAR prezidentinin məsləhətçisi vəzifəsini icra edib, amma bu xəbər rəsmən təsdiqlənməyib.