backend

Qara günlü AĞ ŞƏHƏR... - Nə qədər başçı dəyişsə də...

Nə qədər yazmaq olar, nə qədər demək olar ki, şəxsi mülkiyyət toxunulmazdır. Ev sahibinin razılığı və məhkəmə qərarı olmadan heç kim, heç bir qurumun nümayəndəsi evə daxil ola bilməz, ev sahibini zorla evdən çıxarda bilməz, onun əmlakına qəsd edə bilməz, onu təhdid edə bilməz.
Təsəvvür edirsiniz, heç bir qurumun nəinki evi sökməsi, hətta evə icazəsiz daxil olması mümkün deyil.
Görəsən dünyanın 100 illərdir qəbul etdiyi bu adi həqiqəti Razim Məmmədov və onun xələfi Rafiq Quliyev kimi icra başçıları niyə qəbul etmir ?
Söhbət Xətai RİH-nin keçmiş icra başçısı Razim Məmmədovdan və rayonun yeni icra başçısı Rafiq Quliyevdən gedir.
Təsəvvür edirsiniz cənab Prezident İlham Əliyevin 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikaslnda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks tədbirlər planı”na əsasən Bakı Ağ Şəhər ekoloji şəhərsalma layihəsi həyata keçirilir.
Açıq demək lazımdır ki, Prezidentin bu təşəbbüsü böyük bir şəhər salmaq səviyyəsində layihədir. Adam sənədlərlə, görüləcək işlərin miqyası və ən əsası millətimiz üçün faydalı olacağını düşünəndə fərəh hissi keçirir.
Təsəvvür edirsiniz Ağ Şəhər dünya miqyasında ən böyük və ən müasir tələblərə cavab verən şəhərsalma layihələrindən biridir.
Geniş küçələr və parklar salınır, ticarət və ofis mərkəzləri, mehmanxanalar, məktəblər, fərdi və çoxmənzilli evlər yaşayış evləri tikilir.
Ən maraqlısı odur ki, 100 il ərzində neft tullantıları ilə çirklənmiş 12 metr qalınlığında çirkli qat təmizlənməli, beton plitələr döşənməli, üstünə təmiz torpaq qatı salınmalı və...
İndi layihənin miqyasını təsəvvür edin də.
Amma min təəssüf ki, bu miqyasda layihə kimlərə tapşırılıb ?
Yuxarıda qeyd etdiyimiz kimi Razimlərə, Rafiqlərə...
Layihə ilə bağlı qısa bir rəsmi məlumatı qeyd edək.
Bakı ŞİH başçısının 262 saylı, 11.06. 2007-ci il tarixli sərəncamından irəli gələn Bakı şəhəri, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi “ADES” Azərbaycan İnkişaf Şirkətinə həvalə edilir.
Bu plana əsasən bu ərazidə yaşayan sakinlər ilk mərhələdə müvəqqəti köçürülür, sonra ərazidəki neftlə çirklənmiş 12 metr dərinliyində torpaq qatı daşınmalı, beton səth döşənərək üzərinə yeni torpaq sahəsi tökülməli və son mərhələdə burada müasir yaşayış binaları tikilməli, yeni mənzillər sakinlərin istifadəsinə verilməli idi.
Lakin “ADES” şirkəti işin öhdəsindən gəlmədiyi üçün Bakı ŞİH başçısının 225 saylı, 10.06.2013-cü il tarixli sərəncamı ilə yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi Xətai RİH-nin başçısı Razim Məmmədova həvalə edilir. O gündən sakinlərin qara günləri başlayır.
Axı, Razim Məmmədov kimdir ki, Prezidentin birbaşa şəxsi təşəbbüsü ilə irəli sürülən böyük bir layihənin icrası ona tapşırılır ?
Razim Məmmədovun əməlləri ucbatından nə qədər vətəndaş narazı qaldı ?
Bunu heç düşünürsünüzmü ?
Allah qoymasa, Razim Məmmədovun yaratdığı komissiya “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əsaslanaraq yaşayış sahələrinin və köməkçi tikililərin hər kv.m-ə qiymət qoyur. Qiymətlər real bazar qiymətlərindən xeyli aşağı olduğu üçün sakinlər razılaşmır.
Razim Məmmədov kimi məmurlar isə yapışıblar ki, dövlət ehtiyacı-filan...
Ay adam, dövlət sənə deyib ki, vətəndaşın evinə, mülkünə dəfələrlə ucuz qiymət qoy, mülkiyyət sahibi razılaşmayanda, vur-dağıt ?
Məgər dövlət ehtiyacı, dövlət sifarişi deyiləndə bunlar başa düşülür ?
Siz məmurlar dövləti niyə vətəndaşların qarşısında üzüqara edirsiniz ?
Axı, dövlət sizə belə tapşırıq verməyib.
Hələ bu harasıdır ?
Maliyyə naziri Samir Şərifovun “kantor”u vətəndaşların şikayətinə belə cavab verib:
“Mülkiyyətinizdə olan daşınmaz əmlakın alınmasına “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanunun müddəaları şamil edilmir”.
Birincisi, niyə şamil edilmir, cənab Samir Şərifov ?
İkincisi, şamil edilməyəndə camaatın evini başına uçurdurlar, cənab maliyyə naziri ?
Üçüncüsü, sizin bu məntiqsiz cavab məktubunuza əsaslanaraq Razim Məmmədov və hazırda isə Rafiq Quliyev xeyli sayda vətəndaşın evini uçurdub.
Razim Məmmədov vəzifəsindən azad ediləndə sakinlər düşünürdü ki, yeni icra başçısı Rafiq Quliyev onların dərdinə çarə edəcək. Amma tam əksinə oldu.
Hüququ pozulan vətəndaşlar Ağ Şəhərə açılışa gələn Prezidentlə görüşməyə çalışsalar da bu mümkün olmayıb.
Vətəndaşlar qeyd edir ki, hətta bizim müraciətimizi AzTv, ARB, Real TV, Xəzər TV, ATV, İctimai TV işıqlandırmır. Görəsən niyə ?
Dövlətin maliyyəsi ilə fəaliyyət göstərən telekanallar da Razim Məmmədova, Rafiq Quliyevə “işləyir”?
Hüququ pozulan sakinlərin Xətai RİH başçısının müavini Etibar Əhmədovun, 66 saylı MİS-in rəisi Füzuli Ələsgərovun əməllərindən beziblər. Hər iki məmur 01.02. 2021-ci il tarixdə Zahid Həsən oğlu Nağıyevin mənzilinə daxil olaraq zorla oradakı sakinləri və ev əşyalarını bayıra çıxardaraq evi, yardımçı tikilini və hasarı dağıtmışlar.
Zahid Nağıyev kimi hüququ pozulan, evi dağıdılan vətəndaşların sayı xeylidir.
Sakinlərdən biri Əhmədov Elçin Tağı oğlu 06.03.2021-ci il tarixdə təsadüfən Nizami parkında abadlıq işləri ilə maraqlanan Bakı ŞİH-nin başçısı Eldar Əzizovla və ADES şirkətinin direktoru Ruslan Sadıxovla görüşüb başına gələnləri ərz edib. Və Eldar Əzizov yerindəcə Rafiq Quliyevə zəng edərək tapşırıq versə də, NƏTİCƏ olmayıb.
İcra başçısı Rafiq Quliyev hətta 1-ci Qarabağ qazisi Həbiyev Əhli Həbibulla oğlunun da evini zorla sökdürməyə cəhd edib.
Xətai sakinlərinin bu problemləri hətta Milli Məclisin tribunasından səsləndirilib. Amma faydası olmayıb.
Hüquqları pozulan sakinlər cənab Prezidentə müraciət edərək məsələni nəzarətə götürməsini xahiş edirlər.
Gundelik-Bakı olaraq müraciətləri redaksiyamıza daxil olan Xətai sakinlərinin siyahısını da dərc edirik:
Cəbrayılov Tahir
Qasımov Kərim
Paşayev Vahid
Əhmədova Dilarə
Babayev Nizami
Məmmədov İlyas
Əliyev Fərhad
Tahirov Ulubəy
Əhmədov Elçin
Nağıyev Zahid
Həbiyev Əhli
Quliyev Şakir
 //gundelik-baku.com//