backend

Arif Əsgərov üçün gözlənilməz son

Arif Əsgərov üçün gözlənilməz son


















48 milyonluq yeyintidən "təmiz" çıxan məmur vəzifəsini itirə bilər

Məlum olduğu kimi, ölkəmizdə eyni ailənin üzvləri, yaxud başqa cür qohumluq əlaqələri olan şəxslər müxtəlif vəzifələrdə çalışırlar. Daha yüksək vəzifələrdə işləyən məmurlar yaxın qohumlarını nisbətən aşağı postlara yerləşdirməklə həm dayaqlarını möhkəmləndirirlər, həm də maliyyə imkanlarının sərhədini genişləndirmək haqda fikirləşirlər. Bu heç kimə sirr deyil. Belə məmurlardan biri də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Əsgərovdur.

Arif Əsgərovun qardaşı Ayaz Əsgərov isə Qazax Rayon İcra Hakimiyyətinin başçısıdır. Əslən Tovuz rayonundan olan Arif Əsgərov qardaşının Qazaxa icra başçısı keçməsinə nail olmaqla bölgədə müəyyən inhisarçı maraqlarını təmin edib. Bu barədə bir qədər sonra.

Qısaca bildirək ki, Arif Nəriman oğlu Əsgərov 1961-ci il yanvarın 1-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. 1982-ci ildə Moskva Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun "Dəmir yolunun iqtisadiyyati və idarə edilməsi" ixtisasını bitirib. 1982-1989-cu illərdə Azərbaycan dəmir yolu Bakı maliyyə şöbəsinin müfəttişi, 1989-1993-cü illərdə yolun mühasibat və maliyyə xidməti rəisinin müavini işləyib. 2009-cu ildən isə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib. Bildiyiniz kimi, Arif Əsgərovun adı son vaxtlar mətbuatın gündəmindən düşmür. Buna səbəb "Azərbaycan Dəmir Yolları" QSC-dəki 48 milyon manatlıq yeyinti idi. Xatırladaq ki, hələ bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qurumun marketinq şöbəsinin rəisi, Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etmişdi. Sabiq şöbə müdiri 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu. Qaranlıq maliyyə əməliyyatlarında onun qardaşı Emin Hüseynovun da iştirakının olduğu deyilirdi. Məsələ böyüyəndən sonra QSC-də üzə çıxan 48 milyon manatlıq yeyintidə Arif Əsgərovun və onun oğlu, "Liman Group" şirkətinin rəhbəri Elnar Əsgərovun da adı hallanmağa başladı. Buna baxmayaraq, yeyinti olayının istintaqını aparan hüquq-mühafizə orqanlarının rəsmiləri nə Arif Əsgərovu, nə də onun oğlunu dindirdi.

Mənimsəmə faktında adı keçən Elnar Əsgərov isə tələm-tələsik xaricə getdi. Beləcə, diqqətlər tamam başqa istiqamətlərə yönəldi. Ən nəhayət, 48 milyonluq yeyintidə ittiham edilərək həbs olunan Rahib Hüseynov bir neçə ay öncə azadlığa çıxdı. Uzun sözün qısası, dövlət büdcəsindən silinən 48 milyon manata görə heç kimə ağır cəza verilmədi. Fikir verin toyuq oğrusuna 10-15 il iş kəsilir, amma dövlətin 48 milyon manat əmlakını mənimsəyən şəxslər azadlıqda gəzir. Bəzi mənbələrin iddiasına görə, qeyd olunan vəsait "Azərbaycan Dəmir Yolları" QSC-dəki maliyyə yeyintisini bağlamağa sərf olunub: "Arif Əsgərovun idarəsində cox böyük yeyinti var idi. Pulların cox hissəsi bu yeyintini bağlamağa sərf olunub. Elnar Əsgərov Rahibə deyib ki, sən boynuna al, mən səni qurtaracağam".

Düzdür, cəmiyyət sədri özünü və oğlunu sözügedən məsələdən kimlərinsə himayəsi altında təmiz çıxarmağı və sığortalamağı bacardı. Özəl mənbələr isə vurğulayır ki, məmurun adının hallandırıldığı 48 milyon manatlıq yeyinti işi hələ də yuxarılarda əsas müzakirə mövzularından biridir. Mənbənin dediyinə inansaq, bu fakta görə Arif Əsgərovun gələcək karyerası təhlükə altına düşə bilər: "Artıq yuxarı instansiyaların rəhbərləri cəmiyyət sədrinə əvvəlki kimi münasibət bəsləmirlər. Ona qarşı olan inam azalıb. Deyilənə görə, qurumun rəhbərliyində kadr dəyişikliyi qaçılmazdır.

Ehtimallara əsasən cəmiyyət sədri yaxın günlərdə tutduğu vəzifədən uzaqlaşdırılacaq". Mənbəmiz deyir ki, QSC rəhbəri işdən çıxarılacağı təqdirdə qardaşı Ayaz Əsgərovun da karyerasının sonu çatacaq: "2011-ci ilin oktyabr ayından Qazax rayonuna rəhbərlik edən Ayaz müəllim bu müddət ərzində yerli əhalinin rəğbətini qazana bilməyib. Erməni Silahlı Qüvvələri ilə üzbəüz mövqedə yerləşən rayonda sosial problemlər vətəndaşların əsəbini tarıma çəkib. Vətəndaşların icra hakimindən yuxarılara göndərdiyi şikayətlər ünvanına çatmır.

Digər tərəfdən, Arif Əsgərov qardaşını gözlənilən təhlükələrdən qoruyur. Cəmiyyət rəhbərinin Tovuz rayonunda iri ticarət obyektləri var ki, bunlara icra başçısı işləyən qardaşı nəzarət edir. Hazırkı vəziyyət isə Əsgərov qardaşlarının xeyrinə deyil. Belə ki, onların hər ikisinin gələcək vəzifə taleyi sual altındadır. Çox güman ki, qarşıdan gələn günlərdə Arif Əsgərov və Ayaz Əsgərovun məsələsinə yuxarılarda baxılacaq və onların vəzifədən çıxarılması ilə bağlı yekun qərar veriləcək".