backend

Şamaxıda it yiyəsini tanımır, ancaq, kimdi kimin qulağını buran?!

 Şamaxıda it yiyəsini tanımır, ancaq, kimdi kimin qulağını buran?!





















“Qulaqburması”nın poçtundan

Hörmətli oxucular, Şamaxıdan redaksiyamıza göndərilən məktublardan bəzilərini Sizə təqdim etməyi özümüzə borc bilirik.


Birinci məktub

Möhtərəm redaksiya! Allah mənim ağlımı başımdan alıb və dönüb olmuşam dəli. Buna da min şükür. Çünki, mən ağıllı olanda hamının dərdini çəkirdim. Dəli olandan bəri hamı mənim dərdimi çəkir. Bu çəkəçəkdə payı olan hər kəsə öz minnətdarlığımı bildirirəm.
Amma bir iş var ki, mən ziyalı dəliyəm. Ona görə də əlimə düşən qəzet parçalarını oxumadan başqa işlərə sərf etmirəm.
Dünən qəzetdə oxudum ki, ölkəmizdə yeni bələdiyyə seçkilərinə start verilib. Dərhal bir neçə ay əvvəl oxuyub öyrəndiyim bəzi şeylər yadıma düşdü. Belə ki, bəzi kənd bələdiyyələri birləşdirilir. Bu birləşdirmədə bələdiyyənin hansı mərkəzdə bərqərar olması kəndin qədimliyinə, əhalisinin sayına və sair şərtlərə görə dəqiqləşdirilir. Bütün bunlar nə qədər dəli olsam da məni qane edir.
Və onu da qəzet parçalarından oxumuşam ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə rayon təhsil şöbələri ləğv edilir, həmin şöbələrin bazasında regional təhsil idarələri yaradılır. Məsələn, Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarındakı təhsil şöbələrinin əvəzində İsmayıllı rayonunda regional təhsil idarəsi təşkil edilir.
Ayə, bəs deyirdilər ki, Şamaxı Şirvanşahlar dövlərinin paytaxtı olub? Qədim ənənələrə malikdir? İlk qız məktəbi, “Üsuli-Cədid” təhsil ocağı məhz Şamaxıda fəaliyyət göstərib? Hətta, sovet hakimiyyətinin ilk illərində belə Şamaxı qəza mərkəzi kimi İsmayıllıya da, Ağsuya da, Qobustana da böyüklük edib.
Balam, bəs orta əsrlərdə “Ədəb yurdu” adı ilə məşhurlaşan Şamaxı, dünyaya saysız-hesabsız adlı-sanlı şairlər, alimlər, ziyalılar bəxş edən Şamaxı, rəsədxana kimi akademik mərkəzə sahib çıxan Şamaxı nədən belə aşağılandı?
Mən boş başımla qanıram ki, coğrafi mövqeyinə görə də Şamaxı regional idarə üçün münasib olardı. Bu şəhərə Qobustandan 30, Ağsudan 38, İsmayıllıdan 60 km məsafə var. Şamaxının bunca nüfuzdan düşməsinin məsafəsi isə 20-25 illik yola söykənir.
Bəli, təhsil şöbələrinin ləğvi və regional idarələrin yaradılması prosesində bələdiyyələrin birləşdirilməsi sahəsindəki şərtləşdirilmələr nəzərə alınsaydı Şamaxı mütləq mərkəz mövqeyini qoruyardı.
Mən bir də ondan təsəlli tapıram ki, Şamaxının dəlixanası toxunulmaz qalıb. Ona görə də biz heç kimin dərdini çəkmirik. Hamı bizim dərdimizi çəkməklə məşğuldur. Bu çəkəçəkdə payı olanlara bütün şamaxılılar adından təşəkkür edirəm.

Hörmətlə: Dəli Bayraməli

İkinci məktub

Hörmətli redaksiya, mən bir kasıb kişiyəm. Arvadım neçə ilin naxoşudur. Oğlum onun-bunun əlinin altında günəmuzd işləyir. Qazancı bir gün olur, beş gün olmur. Xülasə, qarnımız ac, əynimiz yalavac. Evin damından damır. Borc yiyələri qapını kəsdirir.
Bu yandan da əkiz oğul nəvəm doğulub. İndi ad qoymaq üstündə evimizdə mərəkədir. Oğlum deyir ki, gədələrdən birinin adını Dövlət, o birinin adını Sərvət qoyacam.
A kişilər, doğru deyiblər ki, kasıb itinin adını Gümüş qoyar.
Mən də etiraz edirəm ki, oğul, ALLAH məsləhət bilsəydi, bizə dövlət də verərdi, sərvət də. Gəl, özümüzə bab adlar seçib metrikalara yazdıraq.
Şümür oğlu şümür dirənib ki, bəs niyə bu səhifənin adını “Qulaqburması” qoyublar? Məgər bizdə belə şeylər olur? Şamaxıda it yiyəsini tanımır, ancaq, kimdi kimin qulağını buran?!
Vallah çaşıb qalmışam.

Hörmətlə: Allahqulu kişi

Fəxrəddin Orxan