backend

BAŞÇIMIZ

BAŞÇIMIZ



















BAŞÇIMIZ

Bölgəmizdə görəv yapdı, bu yerləri çalıb-çapdı,
Rüşvət ilə sərvət tapdı, sanki dəccaldı başçımız.

Cəh-cəh ilə quş uçurtdu, söylədilər köhnə "qurddu",
Havadan da vergi tutdu, min hava çaldı başçımız.

Tərkinə aldı yaltağı, sovurdu-satdı torpağı,
Pay-püş edib bağça-bağı, təbində qaldı başçımız.

Tuluğunda şəri, kini, dolaşır sərsəri kimi,
Neçə-neçə şərikini zibilə saldı başçımız.

Köhnə "cəhpə"çi "yap"laşdı bir-bir başına toplaşdı,
Pullu qaqaşla "curlaşdı" iştaha gəldi başçımız.

Gör necə böhtan uydurdu, yaşlı qadını döydürdü,
Sonda sözündən caydırdı, yaman cığaldı başçımız.

Budu biçir parasını, kimsə tapmır çarasını,
Uddu sözün sarısını küncə qoyuldu başçımız.

Rüstəmi-Zal nə haldadı, başı da qeylü-qaldadı,
Qazandığı zavaldadı sorğu-sualdı başçımız.

Rəhbər deyil, bir darğadı, bəxti gör necə yorğadı,
Boşadı qoca arvadı, cavan qız aldı başçımız.

Biznesi mal-mülk gətirdi, keçəl başa tük gətirdi
Haqq sözümə şəkk gətirdi, laməkan oldu başçımız.

Yoxuymuş dini-imanı, demə tapılmır dərmanı,
Bu gün oxundu fərmanı soldu-sozaldı başçımız.


Fəaliyyət Qurbanov