backend

CƏLİLABADIN QARA TORPAĞI HESABINA AĞ GÜNƏ ÇIXMAQ İSTƏYƏN İCRA BAŞÇISI

CƏLİLABADIN QARA TORPAĞI HESABINA AĞ GÜNƏ ÇIXMAQ İSTƏYƏN İCRA BAŞÇISI
























Redaksiyaya zəng vuran bir Cəlilabad sakini ürək ağrısı ilə yalvardı ki, o rayona baş çəkək və orada baş verənlərin öz gözlərimizlə şahidi olaq

Biz də tənbəllik etməyib yollandıq həmin rayona. Vur-tut bircə mərkəzi yoldan ibarət olan rayonun bu başından girib, o biri başına bir saata güclə çıxdıq. Dağ kəndlərinin yolunu xatırladan mərkəzi yolda təkərlərin altından qopan toz-torpaq maşınımızı , üst-başımızı pis günə saldı. Sürücülər dedilər ki, bu yol ilin bütün fəsli belə haldadır, nə təmizliyinə baxan var, nə də kələ-kötürünə.
Zəng vuran şəxslə əlaqə saxlayıb, telefonda söylədiklərinin düz olduğunu təsdiqləyəndə o, dedi:
-Xahiş edirəm, indi də "arabanızı" Hamarqışlaq kəndinə sarı döndərəsiniz.
Elə də etdik. "Petrovka" kimi keçmiş adıyla tanınan kənddən keçib, yollandıq həmin ünvana. Hamarqışlaq kəndinə çatar-çatmaz yolun sol tərəfində sıralanan torpaq tayalarını gördük. Deyəsən xoruzun quyruğu açıq-aydın görünürdü. Maşını saxlayıb kənd camaatı ilə görüşdük və bu tayalar barədə məlumat verməyi xahiş etdik. Dedilər ki, rayon İcra Hakimiyyətinin başçısı bu qaratorpaq tayalarını yolun qırağında səliqə ilə düzdürüb ki,şoran torpağı olan rayonlardan olan müştərilərə satsın. Söylənilənlərdən belə məlum oldu ki, İcra Hakimiyyətinin başçısı Əziz müəllim rayonun problemləri ilə qətiyən maraqlanmır. Ən çirkli rayon müsabiqəsi keçirilərsə bu rayon şübhəsiz 1-ci yeri tutar. O ki qaldı bu torpaq tayalarına, Əziz müəllim bərəkəti ilə seçilən Cəlilabad torpağını satmaqla küllü miqdarada pul qazanır. Necə deyərlər, Cəlilabadın qara torpağının hesabına ağ günə çıxmaq istəyir.
Bütün deyilənlərlə razılaşsaq da bu fikirlə heç vaxt razılaşa bilmərik. Torpağını istər km-lə, istərsə də kilo ilə satan rəhbərlər heç vaxt varlana bilməzlər, əksinə, gec-tez qan qusarlar. Əzizi müəlimi də şübhəsiz həmin aqibət gözləyir.