backend

Səudiyyə şeyxlərindən Putinə sövdələşmə təklifi: “Əsədi təslim et, neft bahalaşsın”

Səudiyyə şeyxlərindən Putinə sövdələşmə təklifi: “Əsədi təslim et, neft bahalaşsın”
















“The New York Times” qəzeti Səudiyyə Ərəbistanı rəhbərliyi ilə Rusiya prezidenti Vladimir Putin arasında gedən məxfi danışıqlara dair sensasion məlumat yayıb

Qəzet Amerika və Səudiyyə Ərəbistanı diplomatik qaynaqlarına istinadən Ər-Riyadın prezident Putinə neftin bahalaşması üçün sövdələşmə təklif etdiyini xəbər verir.

Bu təklifə görə, Rusiya Suriya diktatoru Bəşər Əsədə dəstəyini dayandırsa, neft yenidən bahalaşacaq.

Məlumata görə, bu təklif üzrə danışıqlar bir neçə aydır davam edir, ancaq tərəflər hələlik əhəmiyyətli irəliləyiş əldə edə bilməyiblər.

“Əgər neftin qiyməti Suriyada sülhün əldə olunmasına kömək edəcəksə, mən razılaşmamaq üçün səbəb görmürəm”- səudiyyəli diplomat bildirib.

Xəbərdə bildirilir ki, diplomatlar, siyasətçilər və kəşfiyyat xidmətlərinin əməkdaşları bu məlumatı anonimlik şərti ilə mətbuata ötürüblər.

Bundan əvvəl Səudiyyə rəsmiləri bildirmişdilər ki, neftin ucuzlaşmasının arxasında heç bir siyasi motiv yoxdur, qiymətləri bazarda tələb və təklif müəyyən edir. İndi isə Rusiyanın Əsədə dəstəyini çəkməsi dünya bazarlarında neftin qiymətinə təsir edən əsas amil kimi təsdiq olunur.

Bununla belə qəzet yazır ki, Rusiya prezidenti xarici siyasətə dair təzyiqlərə bütün iqtisadi çətinliklərə baxmayaraq dözməyə hazır olduğunu nümayiş etdirib. Məsələn, ABŞ və Avropa İttifaqının sərt sanksiyaları Rusiyanın Ukraynaya dair siyasətini dəyişdirməyib. Həmçinin Putin Əsədə dəstəyini də dayandırmaq niyyətində deyil və onun sadiq müttəfiqi olduğunu artıq sübut edib.

Qəzetə məlumat verən mənbələr deyiblər ki, Səudiyyə nümayəndə heyətinin 2014-cü ilin noyabrında Moskvaya səfəri zamanı məhz “Əsədin əvəzində baha neft” təklifi müzakirə olunub.

O vaxtdan etibarən dialoq dayanmayıb, ancaq Səudiyyə Ərəbistanında yeni kralın hakimiyyət başına gəlməsinin bu danışıqlara necə təsir edəcəyi hələ məlum deyil.