backend

"Ordumuz yüz il də müharibə aparmağa hazır olmalıdır" - ÇAĞIRIŞ

“Peşəkar ordu bir gecədə bu qədər döyüşçü itiribsə, ya ciddi irəliləyiş var, ya ciddi xəyanət! Yayılan videolarda yeni ərazilər, yeni əsirlər görünür. Bu o deməkdir ki, artıq Azərbaycanın geriyə yolu yoxdur. Gözü yaşlı tale dövrümüz bitib, gözü qanlı tarix dövrümüz başlayıb. Tarix yazanlarımızın dirisinə də, ölüsünə də eşq olsun!”. Bu sözlər sərhəddə baş verən döyüşləri dəyərləndirən şair Aqşin Yeniseyə məxsusdur.

Şairin motivasiya məqsədli bu paylaşımı bir çox sosial şəbəkə istifadəçisi tərəfindən təqdir olunsa da, əks mövqedə dayanan həmyerlilərimiz də olub. Onlar şairi dövlətin haqsız mövqeyini müdafiə etməkdə ittiham edib.

Qaynarxett.media-nın məlumatına görə, Aqşin Yenisey “Şərq”ə müsahibəsində deyib ki, bu və gələcəkdə ehtimal olunan döyüşlər onu göstərir ki, Qarabağ müharibəsi bizim üçün bitmiş hesab olunsa da, ermənilər və onların havadarları üçün bitməyib. Belə halda müharibənin heç bir alternativi qalmır:

- Ölkənin daxilində siyasiləşdirilmiş məlum sürülərin apardığı təbliğat da xalqın Qarabağ mövzusunda yekdil fikrini parçalamağa yönəlikdir. Məqsəd Azərbaycanın siyasi və hərbi gücünü xalq gücündən ayırmaqdır. İdeoloji mübarizəni psixoloji mübarizə səviyyəsinə endirməkdir. Ümumiyyətlə, Qarabağ konfliktinin adı dəyişib. 30 ildir bu konflikt münaqişə adlandırılırdı, indi isə onun adı haqlı olaraq Vətən müharibəsidir. Bu çox ciddi çağırışdır. Azərbaycan Ordusu bu gün öz vəzifəsini icra edir. Ölkənin suverenliyinə olan təhdidlərin qarşısını alır. Ordunun vəzifəsi budur. Təəssüf ki, bəzi vətəndaşlarımız tarixləri işğalçı müharibələrlə dolu olan və bü gün beynəlxalq gücü təmsil edən dövlətlərin kərənayını çalırlar. Bu beynəlxalq güclər 30 ildir ki, Azərbaycanda bəşəri dəyərlərin milli əcinnələrini yetişdirməklə məşğuldurlar. Yəni müharibənin daha təhlükəli forması da ölkənin daxilində gedir. Bu döyüşlər təkcə sərhədlərin xaricindəki düşmənləri deyil, eyni zamanda daxildəki düşmənləri də təmizləmək üçün tarixi bir zərurətdir. Bu müharibə Azərbaycan dövlətinin tarix qarşısında verdiyi "dövlət imtahanı"dır. Bu imtahandan "kəsilmək" indiyə qədər Azərbaycan uğrunda tökülən qanlara hörmətsizlikdir. Bu gün Azərbaycanı öz torpaqları uğrunda döyüşməkdən yayındırmağa çalışan Fransa yüz il İngiltərə ilə taxt-tac uğrunda müharibə aparan bir ölkədir. Bu gün Azərbaycanı havadarlıq etdiyi Ermənistana qarşı “ərazi iddiası etməkdə” beynəlxalq səviyyədə şərləməyə çalışan Fransanın Birinci Dünya müharibəsində öz qonşularına qarşı ərazi iddiaları ilə çıxış etməsini haqlı mövqe kimi müdafiə edən fransız yazıçısı Moris Barres deyirdi: “Yanlış tərəfdə də olsa, həmişə öz ölkəmin haqlı olduğunu müdafiə edərəm!”

Barres tək deyildi. Modern çağın, demək olar ki, bütün aydınları öz ölkəsinin, öz dövlətinin haqlı, haqsız mövqeyinin dəstəkçisi idi. Fransız filosofu Jülen Benda özünün “Aydınların xəyanəti” kitabında bu aydınları özü hərbi strateq olan Makiavellidən tutmuş cəbhəyə könüllü əsgər kimi yollanan Nitsşeyə qədər bəşəri dəyərləri milli dəyərlərə qurban verməkdə qınayırdı. Amma cifayda!

Qərb dəyəri dedikdə Qərb aydınlarının bu milli duruşuna da baxmaq lazımdır. Yoxsa Qərb humanizmini milli tumanizm (LGBT, eşcinsəllik, feminizm və s.) səviyyəsində təbliğ etməyin “beynəlxalq yaltaqlıq”dan başqa adı olmayacaq.
Əgər lazım gələrsə, Azərbaycan Ordusu bundan sonra yüz il də müharibə aparmağa hazır olmalıdır. Necə ki, İsrail dövləti özünü əbədi müharibələrə hazırlamaqla məşğuldur.

- Siz həm də zabitsiniz və döyüş təcrübəniz var. Bu gün insanları ən çox narahat edən bir gecəyə 50 şəhidimizin olmasıdır. Məhz bu fakta söykənən bəzi qruplar hətta ordumuz və dövlətimizlə bağlı antimilli mövqe belə sərgiləyir. Hansı hallarda itkilərin çox olma ehtimalı var?

- Ordu səngərdən çıxdısa, itkilərinin sayı çoxalır. Bu, əzəli müharibə qanunudur. İki-üç il əvvəl PKK ünsürləri ABŞ-ın hərbi dəstəyi ilə Suriya ilə sərhəd ərazilərdən Türkiyənin sərhəd bölgəsini raket atəşinə tutur, mülki əhalini qorxu içində saxlayırdı. Türk ordusu bu təhdidi aradan qaldırmaq üçün Suriya ərazisinə girməyə məcbur oldu. Bu gün eyni hal Ermənistan-Azərbaycan sərhədində baş verir. Və Azərbaycan Ordusunun vəzifə borcudur ki, düşmənin atəş nöqtələrini nə yolla olur-olsun susdursun. Xalq öz övladını əsgərliyə buna görə göndərib. Siyasi manipulyasiyalar isə təkcə şəhidlərin sayı üzərindən aparılmır, həm də onların nəşi üzərindən aparılır. Qərbin, Rusiyanın, İranın əlinə oynayanlar şəhidlərin dəfn mərasimlərini, şəhid ailələrini özlərinin iyrənc məqsədləri üçün istifadə edirlər. Bu cür adamlar üçün şəhidlərin sayının 50 və ya 500 olmasının heç bir fərqi yoxdur. Onlara Azərbaycan dövlətinin əleyhinə yararlana biləcəkləri elementar bir fakt lazımdır.

- “Bu döyüşlər təkcə sərhədlərin xaricindəki düşmənləri deyil, eyni zamanda daxildəki düşmənləri də təmizləmək üçün tarixi bir zərurətdir” –deyirsiniz. Bəs necə? Erməni ilə mübarizə aparmaq daha asandır, ən azı açıq səngərdir. Daxildə kimin əli kimin cibindədir, bəlli deyil. Şəhid dəfnlərini məzhəbçilər basıb. Şəhid atası, şəhid anası imkan verin balamı ağlayım deyir, Hüseynçilər isə qulaqardı edib Xiyabanda, vida mərasimlərində şaxsey-vaxsey deyir. Kimiləri xaricdə oturub Azərbaycanı Ermənistan ərazisinə təcavüz etməkdə ittiham edir. “5-ci kolon”un “xidmət”ləri isə saymaqla bitmir.

- Bu şəxslərin əksəriyyəti psixoloji problemləri olan vətəndaşlarımızdır. "Savaş sənəti" kitabının müəllifi general Sun Tzu da hələ qədim dövrlərdə çinlilərə bir ölkəni daxildən dağıtmaq üçün belə psixlərin əvəzsiz güc olduğunu söyləyirdi. Bunu ötən gün feysbukda da yazmışdım. Kritik məqam yaranan kimi Azərbaycana açıq-aşkar düşmən mövqeyi sərgiləyən Qərbin, Rusiyanın və İranın cəmiyyətimizə bir faydası var ki, ölkədə psixi pozuntuları olan nə qədər adam varsa hamısına yiyə durub, çörək verirlər.

- Ermənistan-Azərbaycan sərhədindəki prosesin arxasında hansı qüvvələrin “əli”ni müşahidə edirsiniz?

- Mən bu sahənin adamı deyiləm, yanlış təhlilə yol verərəm. Bu məsələnin daha çox xarici siyasətlə məşğul olan adamlara dəxli var. Ordu və vətəndaş üçün erməninin arxasında hansı gücün durmasının nə əhəmiyyəti var? Bəyəm erməninin arxasında Rusiya yox, ABŞ, ya da Fransa duranda güllə yarası öldürmür? Bizim üçün daha əhəmiyyətli olan Azərbaycan əsgərinin yanında və arxasında dayanmaqdır.