backend

Almaniyada təhsil alan, yaşayan tələbə nə casusluq edə bilər?” – ETİRAZ

2023-cü ilin martında İranda casusluq ittihamı ilə həbs olunan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova ictimaiyyətə və xarici işlər naziri Ceyhun Bayramova müraciət ünvanlayıb. Dilarə Əsgərova qeyd edib ki, oğlu Fərid 4 aydan çoxdur İranda günahsız yerə saxlanılır, hüquqları pozulur, məhkəmədə fars dilində dindirilir: “Bu günə kimi Fərid nə Azərbaycan, nə də İran tərəfindən vəkillə təmin olunub. O, cinayətkar olduğuna görə həbs olunsaydı, hec kimə ağız açmazdım. Deyərdim, zəhmət çəksin, cəzasını çəksin. Amma hamı cox gözəl bilir ki, Fərid Azərbaycan vətəndaşı olduğuna görə həbs olunub. Ona görə də sizdən xahiş edirəm, onun müdafiəsinə Azərbaycan dövləti adına səylərinizi əsirgəməyəsiniz”. D.Əsgərova övladı Fəridin vəkillə təmin olunması prosesinin sürətlənməsini, Azərbaycandan bir vəkilin bu işə cəlb olunmasını tələb edib. Məlumat üçün deyək ki, Almaniyadakı Yena Universitetində təhsil alan 27 yaşlı Fərid Səfərli bu il fevralın 20-də eyni universitetdə oxuduğu iranlı qızın ardınca Tehrana gedib. Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açıldığı bildirilib. İran tərəfi azərbaycanlı tələbəni hazırda həbsdə saxlayır. İndiyə kimi İranda Fərid Səfərliyə 3 dəfə məhkəmə qurulub. Birinci məhkəmədə tərcüməçi ilə təmin olunsa da, son iki prosesdə fars dilini bildiyinə görə ona tərcüməçi verilməyib.

Turantv.AZ-ın məlumatına görə, AĞ Partiya sədri Tural Abbaslı “Sherg.az”a açıqlamasında bildirib ki, İran hökuməti əvvəllər Fərid Səfərlinin yoxa çıxması ilə bağlı xəbəri təkzib etmiş, onu saxladıqlarını inkar yolunu tutmuşdu. Partiya rəhbərinin sözlərinə görə, F.Səfərlinin aqibəti bir müddət gizli saxlanılsa da, sonradan İran rejimi gəncin saxlanmasını etiraf etməyə məcbur qaldı: “Bəlli oldu ki, İran hökuməti Fərid Səfərlini “casusluqda” ittiham edərək həbsinə qərar verib. Almaniyada təhsil alan, yaşayan tələbə nə casusluq edə bilər?! Bu məsələ birbaşa siyasi aksiyadır. Sadəcə olaraq görünür, gəncimiz lazımsız vaxtda, lazımsız yerdə olub. Onun İrana səfəri Tehran-Bakı arasında gərgin dövrə təsadüf edib və siyasi həbsə məruz qalıb. Siyasi həbslərdə hüquqi prosedurdan, ədalətli məhkəmədən, vəkillərin müdafiəsindən söhbət getmir. Bunlar hamısı ikinci dərəcəlidir, əsas siyasi qərardır. Rəsmi Bakı bununla bağlı konkret addımlar atmalıdır. Bununla bağlı diplomatik dialoq başlamalıdır. Gəncimiz tez zamanda azadlığına qovuşmalıdır. Məndə olan məlumat görə, artıq ilkin addımlar atılıb. İran xarici işlər naziri ilə bu məsələ ətrafında danışıqlar olub. Ancaq prosesi daha da intensivləşdirmək lazımdır. Müraciətə mütləq reaksiya verilməlidir. Əgər gəncimizin anası vəkil tələb edirsə, Azərbaycan hökuməti bunu həyata keçirməlidir. Hətta ora xüsusi nümayəndə heyəti göndərilə və proses başa çatanadək orada qala bilərlər. İstənilən halda gənc tələbədən siyasi məqsədlər üçün istifadə edilməsi diplomatiyaya, dinə, qonşuluğa yaraşmayan hərəkətlərdir”.