backend

Mirsaleh Seyidovun Penitensiar Xidmətdəki yenilikləri təəccübə səbəb olub -HÜQUQ MÜDAFİƏÇİSİ DEYİR Kİ…

Uzun illərdir ki, qanunsuzluq, özbaşınalıq, işgəncə və rüşvətxorluq hallarının sistemli şəkil aldığı Penitensiar Xidmətdə ciddi dəyişikliklər yaşanır.

Gununsesi.info xatırladır ki, Mirsaleh Seyidovun bu sahəyə rəhbər gətirilməsindən sonra Penitensiar Xidmətdə müsbət dəyişikliklər baş verib.
Belə ki, məhbus ailələrinin yaxınları ilə görüşü üçün nəzərdə tutuluan qeyri -qanuni pulun alınması qadağan edilib. Bundan başqa  məhbusların ailə üzvləri ilə telefon danışığı üçün də pul tələb olunmur. Cəzaçəkmə müəssisələrindəki bərbad vəziyyətin aradan qaldırılması  üçün isə təmir-abadlıq işlərinə start verilib.

Hətta uzun illərdir ki, dövlətin milyonlarla vəsaiti hesabına inşa olunmuş, amma hansısa səbəbdən təmiri yekunlaşmayan Gəncə və Lənkərandakı yeni Penitensiar Müəssisələrin də yaxın zamanlarda açılışı gözlənilir ki, bu da paytaxt və ətrafdakı cəzaçəkmə müəssisələrindəki məhbus sıxlığını köklü dərəcədə azaldacaq.

Dünən isə yayılan bir xəbər sözün əsl mənasında təəccübə səbəb olub.

Belə ki, Azərbaycan qanunvericiliyində nəzərdə tutulmasına baxmayaraq, nəhayət, uzun illərdən sonra məhbusların məzuniyyətə buraxılmasına başlanılıb.

Artıq bir neçə cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlar sərbəst şəkildə bir neçə günlük evlərinə gedərək geri dönüblər.


Müdafiə Xətti İnsan Haqları Təşkilatının rəhbəri Rüfət Səfərov Gununsesi.info-ya açıqlamasında Penitensiar Xidmətdəki yenilikləri müsbət dəyərləndirdiyini deyib: “Obyektivlik naminə qeyd etməliyəm ki, Mirsaleh Seyidovun bu sahəyə gətirilməsindən sonra ciddi müsbət dəyişikliklər baş verir. Ancaq bu nə dərəcədə davamlı olacaq, onu zaman göstərəcək. Görülən bu müsbət işlərin ictimai etimada səbəb olması üçün ayrı-seçkilik hallarına yol verilməməlidir. Söhbət çoxsaylı siyasi məhbuslara münasibətdən gedir. Siyasi məhbuslar da digərləri kimi özünə yaxın hesab etdiyi şəxslərlə görüşməli, telefon danışığı hüququna malik olmalıdır”.