backend

5 saylı doğum evində ölüm “kabusu” - VİDEO

5 saylı doğum evində ölüm “kabusu” - VİDEO























Baş həkim Xədicə Əhmədova yüksək rütbəli məmurlara arxalanır

Son günlər ana və uşaq ölümlərinin sayının kəskin şəkildə artması bütün diqqətləri Səhiyyə Nazirliyinin (SN) üzərinə yönəldib. Dövlət hesabına maliyyələşən doğum evlərində həkimlərin səhvi ucbatından hamilə qadınlar doğuş zamanı dünyalarını dəyişirlər. Bəzi hallarda isə ana sağ qalır, bətnindəki körpə həlak olur. Nazirlik və tibb ocağının rəsmiləri bu cür ölüm hallarında özlərini təmizə çıxarmağa çalışsalar da, əslində günahın çoxu elə onların özündədir.
Etiraf etmək lazımdır ki, doğum evlərinin əksəriyyətində vəziyyət acınacaqlıdır. Az qala hər gün ana və uşaq ölümlərinin baş verməsi ilə bağlı xəbərlər eşidirik. Əfsus ki, səhiyyə naziri Oqtay Şirəliyev belə olaylara lazımi şəkildə münasibət bildirmir. Günahı olan həkimlər və xəstəxana rəhbərləri cəzasız qalır. Xatırladaq ki, keçən ilin sonlarında Şamama Ələskərova adına Kliniki Doğum Evi, camaat arasında 5 saylı Doğum Evi kimi tanınan tibb ocağında bədbəxt hadisə qeydə alınmışdı. Belə ki, Qaradağ rayonu Ələt qəsəbə sakini, 1982-ci il təvəllüdlü Züleyxa Xudaverdi qızı Göyüşovanın qız övladı dünyaya gəlib. Lakin qeysəriyyə əməliyyatı ilə aparılan doğuşdan sonra Z.Göyüşovanın səhhəti pisləşib və o dünyasını dəyişib.

Qeyd edək ki, mərhumun qohumları ölümdə doğum evinin rəhbərliyini günahkar biliblər. Səhiyyə Nazirliyindən isə bildirilib ki, ölüm faktı Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılacaq. Hadisə baş verəndən sonra 5 saylı Doğum Evinin baş həkimi Xədicə Əhmədova və əməliyyatı aparan həkim Səhiyyə Nazirliyinə çağırılıb. Lakin 4 aydan çox vaxt keçməsinə baxmayaraq həmin məsələ barədə heç bir tədbir görülməyib. Xəstəxanada isə 491 00 06 nömrəli telefonuna cavab verən xanım bildirir ki, baş həkim Xədicə Əhmədova işinin başındadır: «Onu nəyə görə işdən çıxarmalıdılar ki? Xəstənin vəziyyəti ağır olub deyə dünyasını dəyişib. Məsələni bu qədər şişirtmək lazım deyil». Bu sözləri deyəndən sonra doğum evinin işçisi dəstəyi üstünə asdı. Səhiyyə Nazirliyi ilə nə qədər əlaqə yaratmağa cəhd etsək də, alınmadı.

Qeyd edək ki, Xədicə Əhmədovanın vəzifədə qalması gələcəkdə bu cür faciələrin sayının daha da artmasına rəvac verə bilər. Nədənsə qurumun rəsmiləri ana və uşaq ölümlərində birtərəfli mövqe tuturlar. Nazirliyin səlahiyyətli nümayəndələri günahı həmişə öləndə görürlər. Fikrimizcə, SN və aidiyyəti qurumların rəhbərliyi səviyyəsində doğum evlərinin fəaliyyətinə güclü nəzarət edilməlidir. Bu baxımdan hesab edirik ki, Oqtay Şirəliyev 5 saylı Doğum Evinin baş həkimi barədə konkret tədbirlər görməli, onu işdən xaric etməlidir. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, sözügedən doğum evində bundan qabaq da problemli məsələlər qeydə alınıb. Keçən ilin iyul ayında doğum evinin qarşısında xəstə yaxınları ilə tibb işçiləri arasında insident baş verib. Qeysəriyyə əməliyyatı ilə ana olan Mehparə Musa qızı Rəhimovanın bacısı ondan külli miqdarda «şirinlik» tələb edildiyi barədə açıqlama verib. Lakin baş həkim irəli sürülən ittihamları rədd edərək rəhbəri olduğu tibb müəssisəsində qanunsuz işlərin görülmədiyini deyib. Bir sözlə, özünü müdafiə edib. Bizə çatan məlumata görə, Xədicə Əhmədova SN-in Doğuşa Yardım Komissiyasına çağrılarkən ora «hazır» vəziyyətdə gedib. Bəlkə də bu səbəbdən komissiyanın üzvləri doğum evinin rəhbəri barədə müsbət qərar çıxarıblar. Deyilənə görə, baş həkim yüksək rütbəli məmurlardan birinin qohumudur. Onun həyat yoldaşının da xəstəxanalardan birinə rəhbərlik etdiyi söylənilir. Amma biz inanırıq ki, bütün bunlara baxmayaraq, əlaqədar prokurorluq orqanları cinayət işini ədalətli şəkildə araşdırıb baş həkimin məsuliyyətə cəlb olunması barədə qərar çıxaracaqlar.

Qeyd: Xatırladaq ki, keçən ayın 20 yanvar tarixində İsmayıllı rayonundan olan valideyn ana olmaq üçün 700 manat növbədə olan həkimə verib. Biz doğum evinin baş həkimi Xədicə xanımla əlaqə saxlayıb yuxarıda sadalanan faktlara aydınlıq gətirməsini xahiş etdikdə onun cavabı amiranə oldu: “Nə jurnalist, jurnalist salmısınız, siz kimsiniz ki, araşdırma aparırsınız, müstəntiqsiniz bəyəm? Davay-davay” deyib telefonu qapadı.
Xatırladaq ki, 5 saylı Doğum Evinin baş həkimi Xədicə Əhmədovanın güc sturukturlarına rəhbərlik edən nazirlərdən birinin yaxın qohumu olduğu, həyat yoldaşının da Respublika DİN-in xəstəxanalarından birində baş həkim işlədiyi bildirilir.


Yazı ilə bağlı bir daha qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.