backend

“İnsanlar kütləvi etiraza qalxsa, hakimiyyət heç nə edə bilməz”

“İnsanlar kütləvi etiraza qalxsa, hakimiyyət heç nə edə bilməz”



















“Xalq ayağa qalxarsa, bizə nə ABŞ, nə Qərb lazım olmaz”

Mehman Əliyev: “Baş verənlərin günahı ilk növbədə cəmiyyətin özündədir”


Millət vəkili Hadi Rəcəblinin mediaya verdiyi son müsahibədə müəllimlərin dolanışıq problemini özünəməxsus formada “həll etməsi”, onlara məktəbdən sonra fəhəliklə məşğul olmağı məsləhət görməsi cəmiyyətdə ciddi rezonansa səbəb olub. Baş verənlərə münasibət bidlirən onlarla ictimai-siyasi xadim müəllim sənətinə verilən bu qiyməti tənqid etməklə yanaşı, ümumilikdə parlament və hakimiyyətin ünvanına da sərt fikirlər səsləndirib.

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlamasında H.Rəcəblinin məlum açıqlamasının absurd olduğunu və müzakirə ediləcək bir yanının olmadığını vurğuladı:

“Hesab edirəm ki, bu heç müzakirə edilməyəcək bir məsələdir. Əgər bir şəxs hər hansı bir sahəni bitiribsə və o sahə üzərində çalışırsa, bu da həmin şəxsin işi olmalıdır. Müəllimlik çox ciddi bir sənət, çox ciddi bir vəzifədir. Çünki müəllim şagirdlərə, tələbələrə savab verir, tərbiyə verir. Müəllim gələcəyin şəxsiyyətini formalaşdıran insandır. Bütün ölkələrdə müəllimlərə xüsusi diqqət və qayğı göstərilir. Əgər biz sovet dövrünə nəzər salsaq görərik ki, sovet dövründə də müəllimlərə xüsusi diqqət vardı. Lakin təəssüflər olsun ki, indiki hakimiyyət müəllimlərə münasibətini bur formada göstərir. Əslində Azərbaycandakı mövcud durum ondan ibarətdir ki, leqal olaraq işləyən, öz zəhməti ilə çalışan insanlara heç bir şərait yaradılmır. Bu sistem yalnız oğurluqla məşğul olan, yalnız oğurluqla qazanan insanların maraqlarına hesablanıb. Azərbaycan oğrular ölkəsidir”.
M.Əliyevin qənaətincə, mövcud reallıqları daha yaxşı dərk etmək üçün millət vəkillərinin dəbdəbəli yaşamına nəzər salmaq yetərlidir:
“Bu ölkədə nələrin baş verdiyini görmək üçün sadəcə millət vəkillərinin gəzdiyi 50-100 minlik maşınlara nəzər salmaq kifayətdir. Görün onlar hansı imarətlərdə yaşayırlar? Tutaq ki, onların maaşı iki min manatdır. Məgər iki min manatla insan bu cür cah-cəlalla yaşaya bilərmi? Belə bahalı maşın sürə bilərmi? Parlamentin özü korrupsiyalaşıb. Parlament tərəfindən bu cür açıqlamanın verilməsi, açığı təəssüf doğrumur. Bu, onların səviyyəsi və yaşayış tərzidir. Məsələnin mahiyyəti bundan ibarətdir”.
M.Əliyevin fikrincə, H.Rəcəblinin müəllimlərə verdiyi bu dəyər əslində mövcud hakimiyyətin müəllim kontingentinə verdiyi dəyər kimi də qiymətləndirilə bilər:
“Əlbəttə ki, H. Rəcəblinin müəllimə verdiyi bu qiymət bütövlükdə hakimiyyətin müəllimə, həkimə, cəmiyyətə verdiyi dəyər kimi də qəbul edilə bilər. Siz onların avtomobillərinə, yaşayışına, vəziyyətinə baxın. Bu gün jurnalistlərə ev verirlər. Niyə jurnalistə ev verilməlidir ki? Jurnalist cəmiyyətə nə verir, nə qazandırır ki? Niyə jurnalistə ev verilir, amma müəllimə yox? Niyə həkimlərə verilmir? Müəllimlərə verilən maaşa nəzər salın. Həmin maaşla müəllim yaşaya bilərmi? Buna görə də məcbur olurlar ki, əlavə vaxt və enerji sərf edib uşaq hazırlasınlar. Valideylər də buna can atır. Çünki cəmiyyət, təhsil sistemi belədir. Bu gün müəllimlərin sosial durumuna nəzər salsanız, o zaman görərsiniz ki, mövcud hakimiyyətin müəllimlərə münasibəti nədən ibarətdir. Kimsə bunun əksini sübut edə bilməz”.
M.Əliyevin sözlərinə görə, sosial narazılığın artacağı təqdirdə Qərbin ölkədəki demokratik qüvvələrə dəstəyini artıracağı ilə bağlı səslənən fikirləri o qədər də məqsədəuyğun hesab etmir: “Mən Qərbdən dəstək gözləntisini yanlış hesab edirəm. Məsələ bundadır ki, bu gün Azərbaycanda siyasi sahədə çalışan hər bir insan çalışmalıdır ki, insanlar öz haqlarını tələb etsinlər. Insanlar öz haqlarını müdafiə etsinlər. Sosial, iqtisadi, siyasi, hüquqi haqlarını tələb etsinlər. Buna nail olmaq lazımdır ki, cəmiyyət ayağa qalxsın, öz haqlarını hakimiyyətdən tələb etsin, ona təzyiq etsin. Bu gün proseslər ona görə bu məcrada inkiaşf edir, H.Rəcəbli kimi şəxslər ona görə bu cür ifadələr işlədir ki, cəmiyyət çox zəifdir. Kütləvi olaraq insanlar ayağa qalxıb öz haqlarını istəmirlər. Buna nail olmaq lazımdır. Əgər buna nail olsa, o zaman bizə nə ABŞ, nə də Qərb lazım deyil. Əgər insanlar kütləvi şəkildə öz haqqını tələb etsə, o zaman hakimiyyət heç nə edə bilməyəcək. Ya bu tələbləri təmin edəcək, ya da hakimiyyətdən gedəcək. Ediləcək başqa bir şey olmayacaq”.
Ekspertin sözlərinə görə, bu gün baş verənlərə görə məsuliyyət müxalif siyasi qüvvələrdən daha çox cəmiyyətin özünün üzərinə düşür:
“Təbii ki, baş verənlərin günahı ilk növbədə cəmiyyətin özündədir. Əgər cəmiyyət həqiqətən də küçələrə çıxıbsa, o zaman siyasi qüvvələrə üz tutmaq olar. Onlar prosesləri elə idarə etməlidirlər ki, bu, xaosa, özbaşınalığa gətirib çıxartmasın. Dövlətin dağılmasına səbəb olmasın. Siyasi qüvvələrin məsuliyyəti burda yaranır. Yoxsa siyasi qüvvələr evlərə girib camaatı bir-bir küçələrə çıxartmalı deyil ki. Məsələyə belə yanaşmaq düzgün deyil. Ümumi vəziyyət yaranarsa, hansısa siyasi qüvvə ortaya çıxıb prosesi aparmalıdır. Bunun baş verməsi üçün isə hansısa bir böhran yaranmalıdır. Böhranı isə hakimiyyət indi yaradır. Hakimiyyət bu böhranı düzəldəcəkmi, yoxsa bunu daha da dərinləşdirəcək, bu tamam başqa söhbətdir. Nə baş verəcəksə cəmiyyətin reaksiyası buna adekvat olacaq. Bu vaxta qədər deyirdilər ki, tərəqqi edirik, hər şey yaxşı olacaq. Hakimiyyət ucuz neft pulları qazanırdı və kimlərəsə bu pullardan nəsə düşürdü. Yəni cəmiyyətdə bir ümid var idi. Az qala insanları inandırmışdılar ki, müəyyən vaxtdan sonra hər kəs kommunizmdə yaşayacaq. Amma bu, belə olmadı. Bu gün isə cəmiyyətdə bir qorxu və çaşqınlıq var. Insanlarda inamsızlıq yaranıb. İndiki məqamda hakimiyyətin atacağı addımlar daha çox maraq doğurur. Hakimiyyət bu böhrandan necə çıxacaq? Böhranı dərinləşdirəcəkmi, yoxsa problemi yoluna qoyub cəmiyyətin arzuladığı bir durum yaradacaq. Bu hansı formada olacaq, bu tamam başqa məsələdir. Siyasi qüvvələr süni şəkildə durum yaratmamalıdırlar, yarada da bilməzlər. Bu, mümkün deyil. Son sözü vətəndaş deyəcək. Bu, onun haqqıdır”.

Seymur Əliyev