backend

BİABIRÇILIQ: Şamaxıda büdcə işçilərinə küçə süpürtdürürlər

BİABIRÇILIQ: Şamaxıda büdcə işçilərinə küçə süpürtdürürlər














Müəllim, həkim, mədəniyyət işçiləri və tələbələri hər gün iməclik adıyla təmizlik işlərinə aparılır

Rayon sakinləri bildirirlər ki, yerli İcra Hakimiyyəti artıq bütün əndazələri aşaraq, büdcə təşkilatlarında çalışan şəxsləri işlərindən ayırıb, şəhərin küçələrini təmizlətdirir.
Onların verdiyi məlumata görə, Şamaxıda bütün təhsil, səhiyyə və mədəniyyət işçiləri hər gün iməclik adı ilə küçələrə çıxardılır. Ardından isə onlara yer süpürtdürürlür, zibil daşıtdırılır və digər işlərə təhkim edirlər. Məlumatda o da vurğulanır ki, İcra Hakimiyyətinin təlimatına əsasən keçirilən bu işlər rayondakı kollec, institut və digər təhsil müəssisələrində təhsil alan gənclərə də şamil edilir. Belə ki, tələbələr də hər gün iməcliyə çıxarılır və onlara ağacların gövdələrini ağartmaq tapşırılıb.
Rayon camaatı bildirir ki, səhiyyə, təhsil və mədəniyyət işçilərinə qarşı bu cür ədalətsiz davranış, onları süpürgəçi qismində görmək istəyi ciddi qüsurdur və bunun qarşısı alınmalıdır. «Müəllim təhsil verməlidir, yer süpürməli deyil. Həkim vətəndaşların sağlamlığının keşiyində dayanmalıdır. Daha əlinə süpürgə götürüb, küçə təmizləməli deyil. Mədəniyyət işçisinin öz vəzifəsi var. Şamaxı İcra Hakimiyyəti nə etdiyini bilmir. Rayonun Mənzil Təsərrüfatı İdarəsi var, onlar nə işlə məşğuldurlar ki, müəllimə, həkimə, tələbəyə möhtac qalıblar?»

Rövşən İnqilab