backend

Şərti alıcıya saxta pul satan Kürdəmir sakininə ağır cəza verildi

Şərti alıcıya saxta pul satan Kürdəmir sakininə ağır cəza verildi






















Əsginaslar xüsusi peşəkarlıqla hazırlanıb və əsl manatdan bir o qədər seçilməyib.

Bakı Apellyasiya Məhkəməsində Kürdəmir rayon sakini Kamil Məmmədovun CM-nin 204.3.2-ci (külli miqdarda saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

qaynarxett.az xəbər verir ki, ötən il avqustun 6-da DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları keçirilən əməliyyat nəticəsində Nizami rayonunun Qara Qarayev prospektində yerləşən “Ləzzət otağı” kafesində Kamil Məmmədov 200 ədəd saxta 100 manatlıq əsginasları 4000 dollara şərti alıcıya satarkən tutulub. Onun üzərinə baxış zamanı əlavə olaraq 56 ədəd 100 manatlıq və 4 ədəd 50 manatlıq saxta pul əsginasları aşkar edilərək götürülüb. Saxta pul nümunələrinə baxış zamanı əsginasların xüsusi peşəkarlıqla hazırlandığı və əsl manatdan bir o qədər seçilmədiyi müəyyən olunub.

Məhkəmə prosesində Kamil Məmmədov ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, aşkar olunan pulları Azərbaycandan kənarda hazırlatdırıb və dövriyyəyə daxil etmək üçün gizli yolla Bakıya gətirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamil Məmmədov 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.