backend

Sərnişinlərin həyatı təhlükədədir

Sərnişinlərin həyatı təhlükədədir

























Ölkənin nəqliyyat sahəsindəki mövcud problemlər durmadan artır.

Sərnişinlər bu sahədəki problemlərdən cana yığılıb. Xüsusilə də şəhərətrafı qəsəbələr istiqamətində hərəkət edən marşrutların fəaliyyətində çatışmazlıqlar kifayət qədərdir. Şəhərətrafı qəsəbələrin sakinləri nəqliyyat problemi bitmir ki, bitmir. Bizə verilən məlumatlara görə, 28 May-Hövsan istiqamətində hərəkət edən 175 nömrəli avtobusun sürücüləri bir sıra qaydaları pozurlar. Sərnişinlərin bildirdiyinə görə, sürücülər avtoşluq edərək, həm sərnişinlərin həyatını təhlükəyə atır, həm digər avtomobillərə təhlükə yaradır, həm də şəhər yollarında intizamsız mühit formalaşdırırlar. Sərnişinlər sürücülərə iradlarını bildirsə də, heç bir faydası olmur. Bundan başqa sürücülər sərnişinlərə qarşı kobud rəftar edirlər. 175 nömrəli avtobusun sürücülərinin çoxu sürət həddini keçirlər. Bu da sərnişinləri qorxuya salır. hətta sürücülərə iradlarını bildirsələr də, heç bir faydası olmur. Qaydaların pozulması, sərnişinlərlə kobud rəftar sürücülük mədəniyyətinin göstəricisinin bir daha aşağı olmasından xəbər verir.

Aidiyyəti qurumlar həddən artıq qanun pozuntusuna yolvermə hallarının şəhərətrafı ərazilərdə baş verməsini nəzərə alıb reydləri gücləndirsə, daha yaxşı olar. Düzdür, zaman-zaman paytaxtda reydlər keçirilir. Keçirilən reydlər zamanı bir çox sürücü sənədsiz avtobus idarə etdiyi üçün cəzalandırılıb . Təsəvvür edin ki, "metrika" ilə avtobus sürənlər var idi. Ona görə də sürücü seçərkən müvafiq qurumlar diqqətli olmalıdır. Sürücüləri daim nəzarətdə saxlamalıdırlar. Bununla bağlı qəti addımlar atılmalı, sürücülərin yüklənməsinə son qoyulmalı, onların iş vaxtı azaldılmalı və müvafiq sistem yaradılmalıdır.

Əksər səhvləri sərnişinlərdə görən sürücülər özləri də nümunəvi olmalıdırlar. Lakin onlar sərnişinlərə nümunə deyillər. Sürücülər avtobusun salonuna yazıb yapışdırırlar ki, təmizliyə riayət edin. Lakin təmizliyə ilk öncə özləri əməl etməlidirlər, daha sonra bunu sərnişinlərdən tələb etməlidirlər.

Sürücülər suyu içib qabını pəncərədən çölə atırlar. Salfetkanı pəncərədən çölə atırlar. Bundan başqa onların əyləşdiyi yerə nəzər salsanız görərsiniz ki, natəmizlik baş alıb gedir. Bir sürücü ki öz oturduğu yeri təmizləmir, belə sürücüdən başqa hansı təmizliyi gözləmək olar? Biz bunu görmürük. Avtobusun salonuna toz-torpaq əlindən girmək mümkün deyil. Xüsusilə də natəmizlik əlindən oturacaqlardan istifadə etmək mümkün deyil, qışda oturacaqlarda palçıq əlindən əyləşmək mümkün deyildi, yayda da toz-torpaq əlindən. Bu da birbaşa sağlamlığa ziyandır. Ona görə də təmizlik insan sağlamlığı üçün ən vacib amillərdən biridir.

Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, səhərlər 175 nömrəli marşruta daxil olmaq müşkül məsələdir. Avtobusun salonuna siqaret iyindən daxil olmaq mümkün deyil. Hətta deyilənə görə sürücülər sükan arxasında siqaret çəkirlər. Baxmayaraq ki, qanunla sürücünün sükan arxasında siqaret çəkməsi qadağandır, əksər sürücülər qanunu pozurlar.

Əsasən uşaqlarını bağçaya və məktəbə aparan valideynlər siqaretin qoxusunun övladlarına pis təsir etməsi barədə dəfələrlə sürücülərə xəbərdarlıq etmələrinə baxmayaraq, hər gün bu hadisə ilə üzləşirlər. Ona görə də bu hallar müvafiq qurumlar tərəfindən nəzərə alınmalı və tədbirlər görülməlidir.