backend

Direktor Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzini məmur balalarının marağına təslim edib

Direktor Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzini məmur balalarının marağına təslim edib






















Narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniyanın cəmiyyətimiz üçün təhlükələri böyükdür.

Hər gün neçə-neçə vətəndaşı öz toruna salan narkotik asılılıq millətimizin genofonduna sarsıdıcı zərbələr vuran bəlkə də ən dəhşətli düşməndir. Dövlət səviyyəsində bu düşmənin cəmiyyətimizə gətirdiyi təhlükələrin mənfi təsirlərini heç olmasa azaltmaq məqsədilə yaradılmış Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzi əhaliyə ixtisaslaşdırılmış ambulator və stasionar narkoloji xidmət göstərən müalicə-profilaktika müəssisəsidir.

Burada həm də məhkəmə tərəfindən təyin edlmiş xroniki alkoqolizm və ya narkomaniyadan narkoloji ekspertizalar aparılır. Ekspertizaların aparılması Mərkəzdə fəaliyyət göstərən xüsusi tibbi komissiyaya həvalə olunub. Mərkəzin paytaxtımızın müxtəlif rayonlarında fəaliyyət göstərən məntəqələrində bütün növ tibbi müayinələr aparmağa imkan verən hər cür şərait var. Bəs direktor Telman Məhəmmədhəsənovun rəhbərlik etdiyi Mərkəzdə ixtisaslaşdırılmış tibbi xidmətlər hansı səviyyədədir? Və ümumiyyətlə, son zamanlar Mərkəzin fəaliyyətində hər hansı dönüş hiss olunurmu? Bu sualların cavabını tapmaq bir o qədər asan deyil. Onu da qeyd edək ki, bir müddət öncə dərc etdiyimiz yazıda Narkoloji Mərkəzin fəaliyyətində yer alan bir sıra ciddi çatışmazlıqlar barədə məlumat vermişdik. İxtisaslaşmış ambulator və stasionar tibbi xidmətin keyfiyyətində nəzərə çarpan problemləri nəzərə çatdırmışdıq.Ötən müddət ərzində bu problemlərin aradan qaldırılması üçün demək olar ki, səy göstərilməyib. Mərkəzdə dərman vasitələrinin xəstələrə pulla satılması və qeyri-rəsmi pullu müalicə kimi halların isə daha da geniş vüsət alması göstərir ki, direktor üçün bu cür tibbi fəaliyyətin əsas məqsədi kommersiya maraqlarından irəli gələn məsələlərin nizamlanmasıdır. Qalan digər hallar üçün isə yetərli bir işin görüldüyünü demək olduqca çətindir. Bildiyimiz kimi burada xidmətlər könüllülük prinsipi əsasında həyata keçirilir. Qaydalara görə, 18 yaşından yuxarı olan hər bir narkoloji xəstə müalicə olub-olunmamaq qərarını özü verməlidir. Lakin yaşı 18-dən aşağı olan xəstələrin məcburi müalicəyə cəlb edilməməsi halları hansısa naməlum səbəblər üzündən getdikcə artır. Digər tərəfdən, belə gənclərin müalicəsində çox zaman ikili standartlara yol verilir. Mərkəzdəki anonim kabinetlərdən bəziləri məxsusi olaraq məmur övladları üçün qeyri-rəsmi xidmət göstərir. Bu kabinetlərə müalicəyə ehtiyacı olan sadə vətəndaşların müraciətləri çox zaman cavabsız qalır. Yüksək vəzifəli məmurların yetkinlik yaşına çatmayan övladları və yaxınlarının narkotik vasitələr qəbul etdiyi təsdiqlənsə də çox zaman onların Respublika Narkoloji Mərkəzində heç bir qeydiyyatı aparılmır. Buna görə müəyyən məbləğdə rüşvət verildiyi bildirilir, göstərilir ki, məmur balaları üçün anonimliyin qorunması onların ödəniş qabiliyyətindən çox asılı olur. Belə ki, qeydiyyata düşmək istəmirsənsə, gərək bunun üçün normal şəkildə ödəniş edəsən. Əks halda adın siyahıya düşə bilər. Əlavə etmək də yerinə düşər ki, belə ödənişlərin gedişiində qiymətlər vəzifəli şəxsin nüfuzu və cəmiyyətdəki mövqeyinə uyğun şəkildə dəyişir. Məlumata görə, direktor son zamanlar Mərkəzin həkimlərinə tibbi müayinə və müalicə zamanı yeni "preyskurantlar" tətbiq etməyi tapşırıb. Bildirilir ki, direktorun yalnız yaxın ətrafı üçün keçirdiyi "pyatiminutkalarda" tibbi xidmətdən daha çox hansısa məbləğlərdən söhbət aparılır. Məmur övladlarının ara-sıra narkotik və alkoqol asılılığı barədə məlumatları telekanallardan tez-tez görüb-eşidirik. Belə azğınlar sərxoş vəziyyətdə hadisələr törədərək hadisə yerindən qaçır və sonda məsuliyyətdən asanlıqla yaxasını qurtara bilir. Bu cür hadisələrin son zamanlar artması və əksər hallarda yer alan cəzasızlıq mühitinin artmasında Respublika Narkoloji Mərkəzi rəhbərliyinin də günahı az deyil. Mərkəzə məhkəmə tərəfindən məcburi müalicəyə göndərilmiş şəxslərin arasında bəzi məmur övladlarının adlarının da yer aldığı barədə məlumatlar da az deyil. Nazirlər Kabinetinin təsdiq etdiyi "İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicənin Şərtləri və Qaydaları"n tələblərinə görə məcburi müalicəyə gətirilən xəstəyə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formaya uyğun stasionar xəstənin tibbi kartası açılır və müvafiq qaydada doldurulur. Sənədin tələblərinə görə, narkotik asılılıq əleyhinə xüsusi müalicə, yanaşı xəstəliklərin müalicəsi və ümumi möhkəmləndirici müalicə, psixoterapevtik psixoloji və pedaqoji (tərbiyəvi) təsirlər və sosial nəzarət (saxlanma rejimi) məcburi müalicənin komponentləridir. Təəssüf ki, məcburi müalicə prosesində çox zaman qanunun tələblərinə riayət olunmadan məmur övladlarının adları narkotik istifadəçiləri siyahısından silinir. Mərkəzin direktoru Telman Məmmədhəsənovun yüksək vəzifəli məmurların narkomaniya bəlasından əziyyət çəkən övladlarına uzunmüddətli anonim ambulator xidmətinin əksər hallarda heç bir effekt verməməsi elə bu cür başdansovdu fəaliyyətin nəticəsi deyilmi? İctimaiyyəti daim narahat edən bu cür suallar Respublika Narkoloji Mərkəzinin direktoruna birbaşa ünvanlansa da, təəssüf ki, cavabsız qalır. Bu gün Mərkəzdə tibbi müayinə və müalicə proseslərinin nizamlanmasına ciddi ehtiyac var. Təsirli tədbirlər görülməsə, ölkənin əsas narkoloji tibbi xidmət müəssisəsinin işində də heç bir dönüş əldə olunmayacaq.