backend

"Bazarkom" Fərhad Mirzəyevin yer pullarını artırması etirazlara səbəb olub

"Bazarkom" Fərhad Mirzəyevin yer pullarını artırması etirazlara səbəb olub




















Aylıq gəliri milyonlara bərabər olan iş adamı sahibkarları niyə narahat edir?

Paytaxtın Sabunçu rayonunda yerləşən "Bakıxanov" Ticarət Mərkəzinin rəhbərliyi satıcılara problem yaratmaqda davam edir. Xatırladaq ki, əvvəlki saylarımızdan bir neçəsində ticarət mərkəzində çalışan dükan sahiblərinin üzləşdikləri problemlərlə bağlı şikayətlərini dərc etmişdik. Sahibkarlar yer pullarının tez-tez artırılmasına, eləcə də müxtəlif bəhanələrlə əlavə pul yığımlarına etirazlarını bildirmişdilər.

Onlar qeyd etmişdilər ki, ticarət mərkəzinin sahibi Fərhad Mirzəyev heç kimə qətiyyən güzəştə getmir və yer pulunu bir gün gecikdirən sahibkarları bazardan çıxarır. Dünən yenidən redaksiyamızla əlaqə saxlayan sahibkarlardan bir neçəsi "bazarkom"un özbaşına əməlləri barədə məlumat verdilər. Adının çəkilməməsini xahiş edən narazı sahibkarların bildirdiyinə görə, bazar rəhbəri oktyabr ayından etibarən icarə haqlarını artırıb: "Bu barədə bizə hələ avqust ayında xəbərdarlıq edilmişdi. Hacı Fərhadın rüsum yığanları gəlib demişdilər ki, oktyabrda aylıq icarə haqqı artırılacaq. Biz həmin vaxt buna öz etirazımızı bildirdik. Hətta bəzi dostlarımız mallarını yığıb başqa ticarət mərkəzlərinə pənah apardılar. Düşünürdük ki, bazar rəhbəri kütləvi narazılığı nəzərə alar və yer pullarını artırmaq fikrindən daşınar. Buna baxmayaraq, oktyabrın 1-dən yer pullarında 50-100 manat artım edildi. Dükanın sahəsindən asılı olaraq məbləğ dəyişir. Çörək yerimizi itirməməkdən ötrü boğazımızdan kəsib hələ ki, yer pulunu veririk. Başqa çarəmiz yoxdur. Alverin zəif olduğu bir vaxtda Fərhad Mirzəyevin belə bir addım atması bizə böyük zərbə oldu. Əslində, yer pullarının artırılmasına heç bir gərək yox idi. Sadəcə olaraq, ticarət mərkəzinin sahibi biznes əlaqələrini genişləndirdiyi üçün yer pullarını artırmaq qərarına gəldi. Onun sahibi olduğu ticarət obyektləri özündən sonrakı nəsillərinin də rahat yaşamasına bəs edər. Sabunçu rayonundakı iri obyektlərin əksəriyyəti ona məxsusdur. Bu obyektlərdən ay ərzində külli miqdarda gəlir əldə olunur. Təkcə "Bakıxanov" Ticarət Mərkəzində ay ərzində yarım milyon manatdan artıq yer pulu yığılır.

Bu isə il ərzində 6 milyon deməkdir". Narazı dükan sahibləri deyir ki, əgər bazarın sahibi yer pullarını aşağı salmasa, ticarət mərkəzinin qarşısında sivil qaydada etiraz edəcəklər: "Son aylar alver çox zəifləyib. Camaatda alıcılıq qabiliyyəti yoxdur. İnanın ki, elə gün olur heç siftə edə bilmirik. Bəzən yer pulunu dost-tanışdan, qohumlardan borc götürüb veririk. Təki iş yerimizi itirməyək.

İndiki zəmanədə iş tapmaq çox çətindir. Bazarın sahibi ancaq öz maraqlarını fikirləşir. O Hacıdır, insanlara kömək etməlidir, onları incitməli deyil. Neçə dəfə burda işləyən insanlar yer pulunun çox olması ilə bağlı ona müraciət ediblər. Hacı Fərhad həmin şəxsləri acılayaraq otağından qovub. Hacıya belə əməllər yaraşar? Onun yan-yörəsindəki adamların hamısı yaxşı şəraitdə yaşayır. Hərəsinin altında bahalı maşını var. İş o həddə çatıb ki, bazar sahibinin katibəsi də bahalı maşında gəzir. Biz isə banklara olan borcumuz haqda fikirləşirik. Qəzet vasitəsilə aidiyyəti dövlət qurumlarından bu məsələyə bir əncam çəkmələrini xahiş edirik.

"Bakıxanov" Ticarət Mərkəzi özəldir, bunu başa düşürük. Amma özəl fəaliyyət göstərir deyə "bazarkom" hər bildiyini edə bilməz. Vergilər Nazirliyinin və digər instansiyaların nümayəndələri bazarın fəaliyyətini araşdırsalar, çox qanunsuzluq üzə çıxacaq". Məsələ ilə bağlı qarşı tərəfin münasibətini öyrənməyə çalışsaq da, cəhdlərimiz baş tutmadı. Gələn saylarımızda Fərhad Mirzəyevə məxsus "Həyat yolu" şadlıq sarayında tez-tez toplaşan şəxsləri və orda hansı müzakirələrin aparıldığı haqda şok faktları açıqlayacağıq.Bizi izləyin.

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.