backend

Dünyasını dəyişənlərin də səsini hesablatdıran deputat Astan Şahverdiyevin biznes imperiyası

Dünyasını dəyişənlərin də səsini hesablatdıran deputat Astan Şahverdiyevin biznes imperiyası
















Dünyasını dəyişənlərin də səsini hesablatdıran deputat Astan Şahverdiyevin biznes imperiyası

Astan Şahverdiyev Milli Məclisin deputatı kimi o qədər də tanınmayıb. Onu ölkədə daha çox tanıdan Cəbrayıl qaçqını, əlil qadın Samirə Şirinova oldu. Daha doğrusu, deputatın Samirə xanımı təhqir etməsi ölkədə böyük səs-küyə səbəb oldu. S.Şirinova səs verdiyi deputatın onu təhqir etməsini həzm edə bilmədi və aclıq aksiyasına başladı. Mətbuatı evinə çağıran bu qadın 36 ildən çoxdur ki yataqdan qalxa bilmir. O, problemləri ilə bağlı bir seçici kimi deputata zəng edəndə çox ağır cavab alıb: "Ay qız, deputatın pulu var sənə kömək etsin?! İcra hakimiyyətinə deyərəm, sənə makarondan, vermişeldən göndərər". Nəinki millət vəkilinə, adicə insana, insanlığa sığmayan bu kəlmələr illərlə yataq xəstəsi olan Samirə xanıma o qədər pis təsir etmişdi ki, o, çox sarsıldığını bütün mətbuata açıqlamışdı. 120 sayli Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputat seçilmiş Astan Şahverdiyevlə əlaqə saxlayan jurnalistlər ondan eşitdikləri açıqlamaya mat qalıblar. Bütün yazılanlara əhəmiyyət verməyən deputat "Ümumiyyətlə Cəbrayıl rayonunda Şirinova Samirə adlı əlil qadın yoxdur" deyib. Seçki vaxtı əlil qadının qapısına səs üçün maşın göndərən Astan müəllim deputat olandan sonra yaddaşını format edib deyəsən. O, qapısına düşüb səs yığdığı adamlara istəyinə çatandan sonra arxa çevirib. Samirə Şirinovanın ən xırda problemlərinə kömək etməkdənsə əlil qadını istədiyi şəkildə aşağılamağı asan bilir:"O mənim qarşımda elə bir təklif qoyur ki, mən mandatımdan imtina edim - bu absurddur. Mən halal seçilmişəm, bunu bütün cəbrayıllılar bilir. Mənim Cəbrayıl camaatı ilə 5 il müddətində görüşlərim olub. Bu müddət ərzində mənə mindən çox müraciət olunub və əksəriyyət də həllini tapıb. Ümumiyyətlə, mən maraqlandım, Samirə İsmayılova var, o da icra hakimiyyətinin tam qayğısı altındadır. Ona "nemetski kolyaska" veriblər. İndi o məndən nə istəyir, bilmirəm". Bir açıqlamasında Samirə adlı qadının yoxluğunu iddia edən deputat digər açıqlamasında axır ki, onu tanıdığını etiraf etmək məcburiyyətində qalır. Araşdırma zamanı bəlli olub ki, A.Şahverdiyev hətta dünyasını dəyişənlərdən də səs alıb. Belə ki, "Seçkilər" İnformasiya Mərkəzinini saytına (www.infocenter.gov.az) baxanda bunu dəqiqləşdirmək olur. 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsinin seçici siyahısında Şirinova Təbərük adına rast gəldik ki, bu da Samirə Şirinovanın anasıdır. Ünvan kimi 22 nömrəli yataqxana göstərilib. Siyahıda İsmayılova Samirə adlı da seçici var, amma 1963 təvəllüdlü - bu, Şirinovlar ailəsinin 1976-cı ildə vəfat etmiş qızı Sevil İsmayılovanın doğum tarixidir. Samirə Şirinova isə təvəllüdünün vəfat etmiş bacısının doğum tarixi ilə eyniləşdirildiyinin səbəbini bilmir. Soyadlarının fərqini isə belə izah edir: "İsmayılova mənim ata soyadımdır. Mən şəxsiyyət vəsiqəsi alanda (alana kimi "metrika" ilə dolanmışam), dedilər ki, ata soyadında qalmaq üçün məhkəməyə müraciət etməlisən. Mənim çölə çıxmaq imkanım olmadığından, ana soyadında qaldım, yəni Şirinova. Bu saxtakarlıqdır ki, ölən bacımı da seçici siyahısına salıblar. Deputat, yoxsa?... Bir neçə il əvvəl Azərbaycanda bizneslə məşğul olan məmurlar və deputatların cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Cinayət Məcəlləsinə əlavələr təklif olunmuşdu. Layihənin müəllifi deputat İlyas İsmayılov idi. Layihədə təklif olunan maddəyə əsasən, deputat və məmurlar qanuna zidd olaraq bizneslə məşğul olmalarına görə cinayət məsuliyyətinə cəlb olunmalı idilər. Bununla bağlı həmin şəxslərə qarşı 6 aydan 2 ilə qədər azadlığın məhdudlaşdırılması da təklif olunurdu. Müzakirələr zamanı deputatlar bu təklifə qarşı çıxıblar. Səbəb isə bəllidir. Elə götürək, Cəbrayıldan deputat seçilən Astan Şahverdiyevin həyat tərzini. O, cəbrayıllı köçkünlərdən fərqli olaraq mükəmməl şəraitdə yaşayır. Deputat öz xoşbəxtliyini Cəbrayıl rayonundan olan bəzi məcburi köçkünlərin bədbəxtliyi üzərində qurub. Hərəsi bir tərəfdə məskunlaşmış rayon sakinləri min bir məhrumiyyətlər içərisində yaşayır. Onların yetərli hissəsi hələ də ağır sosial şəraitdə dolanır. Həmin məcburi köçkünlərlə müqayisədə Astan Şahverdiyevin yaşadığı həyat tərzi qat-qat üstündür. Millət vəkili qaçqın şəhərciklərində özünə iri ticarət obyektləri tikdirməyi bacarıb. Bu adam həyatı məhv olmuş insanların qazandığı qara qəpik-quruşdan da imtina eləmir və bu qəpik -quruşdan özü üçün sərvət əldə edir. Bütün olanlara nəzər salanda demək olar ki, Astan Şahverdiyev qaçqın-köçkünlərin canı bahasına öz firavan həyatını qura bilib. O, qaçqın şəhərciklərində ticarət obyektləri salıb. Bu obyektləri yaxın qohumlarının adına sənədləşdirib. Halbuki, deputatın bizneslə məşğul olması qanunla qəti qadağandır. Bəzi hallarda Milli Məclisin tribunasından sahibkarlıq fəaliyyəti ilə məşğul olan məmurları tənqid edən Astan müəllim özü hamıdan çox qanunun tələblərini pozur. Millət vəkilinin biznes imperiyasına daxil olan obyektləri saymaqla bitməz. Təkcə Müşfiqabad qəsəbəsindəki qaçqın şəhərciyində Milli Məclis üzvünün 20-yə yaxın irili-xırdalı obyekti var. Bunların içərisində ən böyüyü "Qarabağ" market və aptekdir. Parlamentin nümayəndəsi müvafiq qanunlara qətiyyən əhəmiyyət vermir. O günü-gündən biznesini genişləndirir və nəticədə maliyyə imkanlarını daha da artırır. Astan Şahverdiyev builki parlament seçkilərində iştirak etməsə də olar. Çünki indiyə qədər əldə elədikləri ona ömrü boyu bəs edəcək. Görünür, onun üçün vətən və torpaq kimi müqəddəs dəyərlər qazancdan daha şirin deyil. Astan Şahverdiyev Müşfiqabad qəsəbəsini necə özəlləşdirib? Müşfiqabad qəsəbəsində yerləşən məhəllədə problemlər xirtdəyə dirənib. Cəbrayılın deputatı Astan Şahverdiyev və "Qaçqınkom"da vəzifə tutan Pənah Əliyev burda özlərinə böyük biznes şəbəkəsi yaradıb. Dövlətə 127, 5 milyon manata başa gələn şəhərcik olduqca bərbad vəziyyətdədir. "Qarabağ" market, gözəllik salonu, kişi salonu, dönərxana, aptek, geyim dükanları da Astan Şahverdiyevin biznes şəbəkəsinə daxildir. Qəsəbənin giriş hissəsində, başqa sözlə desək, burda yaşayan insanların "kruq" adlandırdığı ərazidə A.Şahverdiyev qeyri-qanuni şəkildə obyekt tikdirib. Narazı vətəndaşların bildirdiyinə görə, bu ərazidə qəsəbə yeni salınanda mindən çox ağac var imiş. Ağacların kim tərəfindən məhv edilməsi, obyektlərin kim tərəfindən tikilməsini araşdıranda isə bəzi ilginc məqamlara aydınlıq gətirildi. Öyrəndik ki, qaçqın şəhərciyində yerləşən, təxminən 300 metr uzunluğu olan "Qarabağ" marketi də Astan Şahverdiyevə məxsusdur. Adının çəkilməməsini xahiş edən məcburi köçkünlərdən birinin sözlərinə görə, millət vəkili səlahiyyətlərindən istifadə edərək qəsəbədə böyük biznes şəbəkəsi yaradıb. Deputatın qanuna məhəl qoymayan çevrəsi bütün ölkəni əhatə edib Bu günlərdə baş verən daha bir hadisə isə deputat Astan Şahverdiyevin Azərbaycan dövlətinin qanunlarına əhəmiyyət verməməsini sübut etdi. Belə ki, ötən gün Biləsuvar rayonunda məskunlaşmış Cəbrayıl sakinlərindən biri, şəhid atası Əhməd Süleymanov yerli polis əməkdaşı tərəfindən döyülüb. Bu barədə mətbuata 2-ci qrup Qarabağ əlili Rasim Paşayev məlumat verib. Qarabağ əlili bildirib ki, Əhməd Süleymanov idarə etdiyi avtomobillə hərəkət edərkən təsadüf nəticəsində Cəbrayıl Polis Şöbəsinin Tofiq adlı əməkdaşının maşınına toxunub. Nəticədə yüngül qəza hadisəsi baş verib. Bundan bərk qəzəblənən polis əməkdaşı isə heç bir üzrxahlığa baxmayaraq, şəhid atasına hücum edərək, ona fiziki güc tətbiq edib və Əhməd Süleymanov ağır bədən xəsarətləri alıb. Saytlardan birinin verdiyi xəbərə əsasən, baş verən olaydan sonra boynundan və bədənindən xəsarətlər alan şəhid atasının şikayətinə isə baxan yoxdur. Deyilənlərə görə, Tofiq adlı şəxsin arxasında elə Cəbrayıl Polis Şöbəsinin rəisi Araz Şahverdiyev durur. İddialarda vurğulanır ki, deputat Astan Şahverdiyevin qardaşı olan rəis heç bir şəkildə işçisinin tərəfini vermək fikrində olmadığını deyib. Məsələ ilə bağlı yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.