backend

Azərbaycanda daha bir deputatın mandatı ləğv olunur

Azərbaycanda daha bir deputatın mandatı ləğv olunur

Milli Məclisdə daha bir deputatın mandatı ləğv olunacaq.

qaynarxett.az azvision.az-a istinadən xəbər verir ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının (PA) baş katibi seçilən Asəf Hacıyevin deputat fəaliyyətinə xitam veriləcək.

Bu məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında müzakirəyə çıxarılacaq və qərar veriləcək.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, deputat Əsəf Hacıyevin özü mandatını təhvil verəcəyini deyib:

“Görünür təşkilatın tələbi ondan ibarətdir ki, baş katib seçilən şəxs yalnız o işlə məşğul olmalıdır. Bu baxımdan deputat statusunda qala bilməz”.

Qeyd edək ki, Akademik Asəf Hacıyev 1995-ci ildən Milli Məclisin deputatıdır. Parlamentdə 8 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil edir. Elm və təhsil komitəsinin üzvüdür. Hakim Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiridir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibliyi İstanbulda yerləşdiyi üçün o, Türkiyəyə köçəcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət edir, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə dair qərar verməlidir.

Həmçinin bundan əvvəl dörd mandat yeri boş qalmışdı. Belə ki, 110 saylı Zaqatala dairəsi Hikmət Atayevin faciəli ölümündən sonra boş qalır. Bundan əlavə 19 saylı Nərimanov birinci seçki dairəsindən seçilən deputat, Yeni Azərbaycan Partiyasının icra katibi - sədr müavini Əli Əhmədov baş nazirin müavini təyin olduqdan sonra onun da mandatı geri alınıb. Analoji olayla hakim partiyanın icra katibinin müavini Mübariz Qurbanlı da üzləşməli olub. O prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunandan sonra deputat mandatı ilə vidalaşdı. Göründüyü kimi hal-hazırda Milli Məclisdə 4 deputat yeri boşdur.