backend

"Qarant" yaşayış kompleksində məskunlaşmış köçkün ailələri suriyalı qaçqınların aqibətini yaşaya bilər

"Qarant" yaşayış kompleksində məskunlaşmış köçkün ailələri suriyalı qaçqınların aqibətini yaşaya bilər

















Məcburi köçkünlərdən alovlu etiraz

Neçə yüz min tonluq su anbarının üzərində tikilmiş "Qarabağ" marketi dəhşət saçır

Komitə sədri Əli Həsənov şəhərcikdə olub-bitənləri mütləq araşdırmalıdır

Dövlət səviyyəsində məcburi köçkünlərin sosial problemlərinin həll edilməsi, mənzil və məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində son illər böyük işlər görülüb. Ölkə prezidenti cənab İlham Əliyev məcburi köçkünləri narahat edən məsələləri şəxsən diqqət mərkəzində saxlayır və onların qayğısına qalır. Bildiyiniz kimi, məcburi köçkünlər üçün yeni binalar tikilir, iş yerləri açılır və sair.

Bütün bunlar dövlətin doğma yurd-yuvalarını itirmiş insanlara qayğısının bir hissəsidir. Məcburi köçkünlər üçün tikilən şəhərciklərdən biri də Mehdiabad qəsəbəsində yerləşən "Qarant" yaşayış kompleksidir. Qeyd edək ki, kompleks bir neçə il öncə istifadəyə verilib. Amma buranın açılışında ölkə başçısı iştirak etməyib. Deyilənə görə, məhz bu amildən istifadə edən bəzi vəzifəli şəxslər tikinti işlərinin başdansovdu aparılmasına şərait yaradıblar. Elə buna görədir ki, hazırda şəhərcikdə məskunlaşmış məcburi köçkünlər əlavə problemlə üzləşmək məcburiyyətində qalıblar. Cəbrayıl rayonundan məcburi köçkün düşmüş bir nəfər adının açıqlanmamasını xahiş edərək bəzi məqamları diqqətimizə çatdırdı: "Biz və digər məcburi köçkün ailələri bu şəhərciyə köçəndən sonra bir sıra çətinliklərlə üzləşmişik. Başlayaq kommunal xidmət sahələrindən. Yay aylarında qazın, suyun və mavi yanacağın verilişi normal olur. Qış aylarında isə vəziyyət xeyli qəlizləşir. Bəzən həftələrlə qazımız, işığımız olmur. "Qarant" yaşayış kompleksində problemləri saymaqla qurtarmır. Layihəyə əsasən şəhərcikdə 12 bina var. Binaların hər biri 7 mərtəbədən ibarətdir. Maraqlıdır ki, 9 nömrəli bina yoxdur. Həmçinin binalar keyfiyyətsiz şəkildə inşa olunub. Məsələn, bütün binalarda kanalizasiya xətti birinci mərtəbədə yaşayan insanların döşəməsinin altından keçir. Neçə dəfə kanalizasiya xətlərində qəza baş verib və məcburi köçkünlərin mənzilləri çirkab sularına qərq olub. Gərək vaxtında tikinti sifarişçisi bu kimi məqamlara xüsusi diqqət yetirərdi". Məcburi köçkün deyir ki, yaşayış kompleksində xırda ərzaq dükanlarının fəaliyyətinə icazə verilmir: "Burda yaşayan insanlar bir qayda olaraq "Qarabağ" marketdən alış-veriş edirlər. Bu ticarət obyektinin kimə məxsus olduğunu dəqiq bilmirik. Biri deyir deputatındır, biri deyir icra başçısınındır. Marketin ərazisi çox böyükdür. Uzunluğu 200, eni isə 80 metrdən çoxdur. Vacib məsələni diqqətinizə çatdırmaq istəyirəm. "Qarabağ" market "Qarant" yaşayış kompleksində yaşayan minlərlə insanı təmin edən neçə yüz min tonluq su anbarının üzərində tikilib. Allah eləməsin, sabah burda qəza baş versə, məcburi köçkünlərin aqibəti Kərbəla müsibətindən də betər ola bilər. Su anbarı "Azərsu"nun balansında deyil. Şəhərciyə nəzarət edən şəxslər "Azərsu"dan su alıb anbarı doldururlar. Anbarın üzərində böyük marketin tikilməsi sırf qanun pozuntusudur. Marketdən hər gün yüzlərlə insan bazarlıq edir. Su anbarında yarana biləcək qəzalı vəziyyət bu qədər vətəndaşın ölümü ilə nəticələnə bilər. Suriyadan dəniz yolu ilə qaçan insanların üzləşdikləri faciə bizim də başımıza gələ bilər. O suda boğuldun, yaxud bu suda boğuldun, fərqi nədir ki? Sizin vasitənizlə əlaqədar dövlət qurumlarının rəhbər şəxslərini bu məsələ ilə maraqlanmağa çağırırıq. Yoxsa sonra çox gec ola bilər". Cəbrayıldan məcburi köçkün düşən şəxs sonda bizi "Qarant" şəhərciyindən, daha doğrusu burda yaşanan acınacaqlı vəziyyətlə bağlı reportaj hazırlamağımızı xahiş etdi. Bunu nəzərə alıb yaxın günlərdə məcburi köçkün şəhərciyindən reportaj hazırlayacağıq. Sonda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovdan xahiş edirik ki, erməni işğalı nəticəsində doğma torpaqlarını itirmiş insanların səsinə səs versin və "Qarant" şəhərciyində nələrin olub-bitdiyini araşdırsın.


P.S. 12 binadan ibarət olan "Qarant” şəhərciyində məktəb, bağça, aptek, təcili yardım məntəqəsi yoxdur cənablar.