backend

Ramiz Yediyarov və Namiq Məmmədov ittifaqı sahibkarları küçələrə salıb

Ramiz Yediyarov və Namiq Məmmədov ittifaqı sahibkarları küçələrə salıb
Ölkəmizin qərb zonasında yerləşən rayonlar içərisində Gədəbəyin adı xüsusi bir formada hallanır ki, bu hallanma da rayonda yaşanan ab-havanın varlığı ilə bağlıdır. Əgər ümumi müzakirələr zamanı digər rayonların adları həyata keçirilən abadlıq-quruculuq işlərində, müəyyən yeniliklərdə hallanırsa, Gədəbəyin adı isə, inhisarçılıqda, zoraklıqda, total idarəçiliyin tətbiqində və.s-də hallanır. Bəlkə də belə bir formada hallanmaya səbəb, bu rayonun ucqar bir ərazidə, gözdən uzaq, könüldən qıraq bir yerdə yerləşməsidir. Əslində, bu bir versiyadır, amma heç də həqiqət deyil. Çünki... Son vaxtlar rayonda yaşanan ümumi vəziyyətin necəliyi haqda “Gündəm Xəbər”i məlumatlandıran mənbə bildirir ki, Ramiz Yediyarovun icra başçısı təyin olunması, sanki Gədəbəyin tarixində silinməz bir “ləkə” olaraq qalacaq. Çünki, onun təyinatından sonra rayonda əməlli-başlıca inhisarçılıq mühiti yaranıb, bütün gəlirli sahələr nəzarətə götürülüb və bir əldə cəmləşdirilib. Artıq vəziyyət elə bir həddə çatıb ki, adicə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs, hər hansı sahəyə sərmayə qoymağa belə ehtiyat edir. Çünki, bu gün Yediyarov-Məmmədov ittifaqının qüdrəti, istənilən vəzifə sahibinə, istənilən sahibkara “əl-qol açmağa” imkan vermir. Belə bir səbəblər üzündəndir ki, adicə baş alıb gedən problemlərlə, süründürməçiliklərlə bağlı kimlərinsə yuxarı instansiyalara ünvanlamaq istədikləri şikayət məktubları, teleqramlar poçt məntəqələrində belə qəbul edilmir. Gədəbəydə haqq-ədalət qeybə çəkilib “Maliyyə şef”inin var-dövləti, Sumqayıtı da “ağuşuna alıb” Ramiz Yediyarov rayonun rəhbəridirsə, rayonun maliyyə idarəsinin hələlik əbədi və əzəli “boss”u hesab olunan Namiq Məmmədov isə, əsas söz sahibi olan vəzifə sahibidir. Yəni, qəzetimizin ötən saylarında bu mövzuya toxunmuşduq və xüsusilə də onu vurğulamışdıq ki, bu şəxs Gədəbəydə kimin hansı vəzifəni daşımasında, kimin daşıdığı vəzifəsinə “əlvida” deməsində də əsas söz sahibi olur. Namiq Məmmədovun gənc ikən mühüm vəzifələri daşıması, çoxsaylı qanunsuzluq əməllərinə qol qoyması haqda məlumatları “Gündəm Xəbər”ə çatdıran mənbə bildirir ki, onun geniş maliyyə imkanlarına malik olmasının əsası, asfalt zavoduna rəhbərlik etməsindən başlayıb. Çünki o, zavoda rəhbərlik edərkən elə bir maxinasiyalara imza atır ki, özündən sonra zavoda direktor təyin etdirdiyi Mehman Quliyev, nə az, nə də ki çox, düz 15 il həbs cəzasına da layiq görülür. “Kapital Bank”ın Gədəbəy şöbəsinə rəhbərlik edən zaman isə, rayonun Samanlıq, İnəkboğan və Əlismayıl kənd fermerlərinə külli miqdarda vəsait ayrılmasına baxmayaraq, həmin vəsaitləri də onun özü mənimsəyir. Elə ki, mənimsəmə faktı ilə bağlı rayon prokurorluğunda araşdırmalar aparılır, həmin vaxt baş verən olay ölüm hadisəsi ilə də nəticələnir. Yəni, külli miqdarda mənimsənilən vəsaitlərin açılmasına cəhd edən Əli Nadirov o qədər zinhar edilir, hətta verilən məlumatlarda o da bildirilir ki, bud nahiyəsindən ona puçaq xəsarəti də yetirilir ki, son anda o, dünyasını dəyişməli olur. Namiq Məmmədovun maliyyə idarəsinə transfer olması da, onun karyerasında yeni bir mərhələnin əsasını qoyur. Yəni, rayonun əsas gəlirli sahəsində rəhbərliyi həyata keçirən bu şəxs, 2011-ci ildə təhsil şöbəsinə rəhbərlik edən əmisioğlu Ramiz Məmmədovla ələlə verərək, bu sahəyə ayrılan 140 min manatın altından girib üstündən çıxmağı da bacarır. Elə ki, mənimsənilən vəsaitin səs-sorağı Təhsil Nazirliyinə qədər gedib çıxır, bu zaman o, baş verə biləcək təhlükədən sovuşmaq üçün, düşünüb-daşındığı addımını atır. Yəni, nazirin müavini olan İsgəndər İsgəndərova, rayonun Saratovka kəndində kənd qəbristanlığı üçün ayrılmış ərazidə bir ev də tikib verir. “Gündəm Xəbər”ə daxil olan məlumatlardan biri də, Namiq Məmmədovun Sumqayıtda Samir-Abşeron Kanalının Şimalı, bir qədər də dəqiq desək Yeni Yaşayış Massivində “Yaşıl Dərə” adlanan ərazidə, dayısı Kərəm kişinin adına sənədləşdirilmiş mal fermasının olmasıdır. Əslinə baxsan onun bu qədər var-dövlətə malik olmasına səbəb, illər uzunu qol qoyduğu qanunsuzluqların, mənimsədiyi vəsaitlərin həddi-hüdudunun bilinməməsi ilə bərabər, Yediyarov- Məmmədov ittifaqının da qüdrətidir. Belə bir ittifaqın nəticəsidir ki, bu gün gədəbəyli sahibkarların əksəriyyəti divara dirədilir, olmazın olaylarla da üz-üzə qalırlar. Gədəbəydə haqq-ədalət qeybə çəkilib Gədəbəydə haqq-ədalət qeybə çəkilib Mətbuat konfransında gədəbəyli sahibkarlar “od püskürdülər” Artıq zülmün ərşə çəkildiyi, haqqın-ədalətin tapdaqlar altına atıldığı Gədəbəydə bu gün elə bir proseslər gedir ki, əksər sahibkarlar PA-na üz tuturlar, dərdlərini deməyə ünvan axtarırlar. 28 oktyabrda keçirilən tədbir də, əslində bu rayonda baş alıb gedən haqsızlığa, özbaşınalığa yönəlik bir işarə oldu. Belə ki, 28 oktyabr 2015-ci il tarixdə saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində, əslən Gədəbəy rayonundan olan bir neçə sahibkar, ölkə rəhbəri cənab İlham Əliyevə müraciət adı altında mətbuat konfransı keçirirlər. “Gündəm Xəbəri”in əldə etdiyi məlumatlara görə, konfransı sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamı Əliyev Oqtay İbrahim oğlu açaraq bildirir ki, “ Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, 300 min manat xərcin müqabilində tikib ərsəyə gətirdiyim obyektimi, heç bir əsas olmadan yerlə-yeksan etdirib. Mən bir şeyi anlaya bilmirəm ki, “İŞID” terrorçuları binaları, yaşayış evlərini və digər obyektləri darmadağın etdiyi bir vaxtda, bu gün Gədəbəy rayon rəhbərliyi də oxşar qaydada addımlarını atmaqdadır. Belə olan halda, məni düşündürən məqam o olur ki, görəsən hər iki fəaliyyətin oxşarlıqları hardan və necə qaynaqlanır? O, onu da vurğulayır ki, obyektimin qanunsuz sökülməsi ilə əlaqədar, dəfələrlə icra hakimiyyətinə müraciətlər etsəm də, müraciətlərimə bir kimsə məhəl qoymadı. 23 iyul 2015-ci il tarixdə isə, obyektimin sökülməmiş hissəsini də darmadağın etdilər. Belə olan halda Gəncə İnzibati-İqtisad Məhkəməsinə müraciət etmək məcburiyyətində qaldım. Keçirilən məhkəmə prosesində mübahisə doğuran problemim araşdırıldı və məhkəmə kollegiyası mənim xeyrimə qərar da çıxartdı. Bütün bunlara baxmayaraq, icra başçısı Ramiz Yediyarov bu gün də problemin həlli ilə bağlı heç bir addımını atmır, əksinə məni həbs etdirməklə, qohum-əqrəbama hədə mesajları göndərməklə məşğul olur. Hətta, o, məni hərbi xidmətdə olmamaqda da şantaj etməyə çalışır. Amma, onun diqqətinə çatdırmaq istəyirəm ki, mən hərbi xidmətdə olarkən, o, heç Gədəbəydə olmayıb. Qardaşım Xasay Əliyev isə, müharibə başlanandan atəşkəs dövrünə qədər, döyüş bölgələrində vuruşub və bu gün də müharibə veteranı statusuna malikdir. Hal-hazırda o, Rusiya Federasiyası ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Oqtay İbrahimoğlunun çıxışından sonra, əməkdaşımızın tikintisi başa çatdırılmış obyektə nə qədər vəsait xərcləmişdiniz deyə ünvanladığı suala, o cavabında cəmi 300 min manat vəsait xərclədiyini bildirir. Mətbuat konfransında digər sahibkar Əliyev Oqtay Qara oğlu da çıxış edərək açıqlama verir ki, “12 fevral 2015-ci il tarixdə mənə məxsus 38kvm-lik mağazam, icra başçısının verdiyi qanunsuz tapşırıq əsasında yerlə-yeksan edilib. Ramiz Yediyarov icra başçısı təyin olunduqdan sonra, Vergilər Naziri Fazil Məmmədovun komandası ilə əlbir olduğundan, bu gün də gədəbəyli sahibkarlara zülm etməkdədir. Haqqımı tələb edərkən isə, məni yerə yıxdılar, əl-qolumu bağlayıb 15 sutka həbs də etdirdilər. Sonra onu da bildirdilər ki, “gəl sənə 20 min manat pul verək, get yerində sakit otur və bu söz-söhbətlərə də son qoy” deməklə, məni sakit olmağa çalışdılar. Gədəbəy şəhər icra nümayəndəsi isə, icra başçısının göstərişi ilə obyektimi yerlə-yeksan etdirdikdən sonra, özləri üçün həmin yerdə bina tikdirməkdədirlər. Bu gün də mağazamın içərisində olan avadanlıqlarımı vermirlər. Dəfələrlə biz sahibkarlar Prezident Administrasiyasına baş verən özbaşınalıqlarla bağlı müraciətlər ünvanlamışıq. PA-da Tağı Tağıyev bizi qəbul edərkən ona bildirmişəm ki, Ramiz Yediyarov məni yenə də həbs etdirmək istəyir. Oqtay Qaraoğlu çıxışı zamanı onu da vurğulayır ki, Ramiz Yediyarovun bəzi problemlərin əmələ gəlməsində o qədər də günahı yoxdur. Daha çox günah sahibləri yerli məmurlardırlar. Həmin məmurlardan Qüdrət Paşayev, Namiq Məmmədov, Elxan, Zilfüqar İsgəndərov, Şahbaz və.s kimiləri, hal-hazırda arxasız sahibkarlara qənim kəsiliblər. Mətbuat vasitəsilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına bildirmək istəyirik ki, bizə köməklik edin. Adicə, banka bu gün də külli miqdarda borcum qalıb, onu ödəyə bilmirəm. Əməkdaşımızın siz hansı bankdan nə qədər pul götürmüşünüz deyə sualına, Oqtay Qaraoğlunun cavabı o olur ki, “Rabitə Bank”dan 50 min manat kreditə pul götürmüşdüm. İşlədiyim müddət ərzində 17 min manatını qaytarsam da, mağazam dağıdıldıqdan sonra banka 33 min manat borcum qaldı. Mağazamı darmadağın etdiklərindən, həmin borcu ödəyə bilmədim. Digər sahibkar Qasım Məmmədov isə çıxışı zamanı vurğuladı ki, “obyektimi sökənlərə bildirdim ki, sökməyin, balalarımı bu obyektlə dolandırıram. Amma, onlar mənim xahişimə, yalvarışıma məhəl belə qoymadılar və 51 kvm-lik obyektimi yerlə-yeksan etdilər. Hal-hazırda 85 yaşlı anamın təqaüdü ilə yaşayırıq, belə bir vəziyyətlə də nə vaxta qədər dolana bilərik? İcra başçısının əməlləri o qədər qanunsuzluqlarla doludur ki, onları sadalamaqla qurtaran deyil. Gədəbəydə piyadalar üçün nəzərdə tutulan səkilərdə apteklər də tikiblər. Görəsən onların marağı nədir, gözləri doymurmu?” Əməkdaşımızın Qasım Məmmədova səkilərdəki apteklər kimə məxsusdur sualına, o cavab verir ki, “həmin apteklərin hamısı Elşən Əliyevə məxsusdur”. Sonrakı çıxışçı Vaqif Səfərov da bildirir ki, “mən 1997-1998-ci illərdə 2645kvm-lik yer almışdım. Ramiz Yediyarovun göstərişi ilə həmin yer də zəbt olundu. İcra başçısı mənə bildirdi ki, “gədəbəylilər həmişə əl açıb dilənçiliklə məşğul olublar” desə də, o, bir şeyi dərk edib anlamır ki, vaxtilə Gədəbəydə nə işıqfor, nə də ki, dilənçi var idi. İcra hakimiyyətinin arxitektoru və memarı sənədlərimi alıb baxsa da, cavabsız saxladılar. Yalnız onların cavabı o oldu ki, “yaxşı olar gedib məhkəməyə müraciət edəsiniz” deməklə, məni başlarından etməyə çalışdılar. Onların belə bir yanaşmasına cavab olaraq bildirdim ki, əlimdə bu qədər sənəd-sübut olduğu halda, niyə məhkəməyə müraciət etməliyəm? Bu günədək əlimdən alınan torpaqların heç bir əvəzi ödənilməyib, haqqım icra hakimiyyəti tərəfindən tapdalanıb. Bu azmış kimi gəlnimi də məktəbdən çıxartdılar ki, belə bir yolla mənə təzyiq edə bilsinlər. Onlar onu bildirirlər ki, “sənə məxsus ərazi yüksək gərginlikli elektrik xətlərinin altında yerləşir”. Əgər bu belədirsə, o halda niyə onlar həmin yerdə özləri üçün böyük obyekt tikdirirlər. Rəşad Səfərov adlı şikayətçi də bildirdi ki, “özüm Bakıda yaşasam da, Gədəbəydəki doğmalarımın obyektləri uçurdulub, dağıdılıb. Baş verən olaylarla bağlı icra başçısının 1-ci müavini Qüdrət Paşayevə müraciət olunsa da, PA-na müraciət etmək niyyəti ortaya qoyulsa da, Qüdrət müəllimin cavabı o olur ki, “PA-da Ədalət Paşayev adlı vəzifə sahibi var, o, mənim lap yaxın adamımdır. Gedin hara istəyirsinizsə ora da şikayətinizi verin” deyir. Daha sonra Həsən bəy adlı sahibkar da söz alaraq onu vurğulayırı ki, “mənə ayrılmış pay torpağının hələ də yerini tapa bilmirəm. Yeri məmurlara dəfələrlə müraciətlər etsəm də, bir kimsə müraciətlərimə məhəl qoymur. Bu da böyük şübhələrə yol açır”. Konfransın sonunda Əliyev Oqtay İbrahim oğlu yekun fikrini belə tamamlayır ki, “obyektimin tikintisi ilə bağlı məndən 150 min manat rüşvət istədilər. İstədikləri məbləği verə bilməsəm də, 20 min manat şirinlik verdim. Belə olan halda çox keçmədi ki, obyektimi icra başçısı yerlə-yeksan etdirdi”. Zülfüqar İsgəndərovun yalanları nəyə hesablanıb? Diqqəti cəlb edən hal odur ki, mətbuat konfransı keçirilən gün, bir çox KİV nümayəndələri, o cümlədən ANS TV kanalının əməkdaşları da tədbirdə iştirak edib, xeyli material əldə edirlər. Və həmin gün saat 18.00 xəbərlər proqramında, yaşanan olaylarla bağlı məlumatları ictimaiyyətin diqqətinə də çatdırırlar. Çox keçmir ki, Gədəbəy RİH-də hüquq şöbəsinin müdiri (əslində müdir əvəzi) olan Zülfüqar İsgəndərov, ANS TV kanalına zəng edərək bildirir ki, “adıçəkilən sahibkarların lazımi sənədləri yoxdur və hətta, Əliyev Oqtay Qara oğluna məxsus obyekt icra hakimiyyəti tərəfindən deyil, bank tərəfindən sökülüb” deyir. Çox keçmir ki, kanalın səlahiyyətliləri sahibkarları ANS-ə dəvət edib, icra hakimiyyəti nümayəndəsinin söylədiklərini araşdırırlar. Sahibkarların lazımi sənədləri təqdim etmələri, əslində əsl həqiqətləri üzə çıxarır və məlum olur ki, Zülfüqar İsgəndərovun danışdıqları cəfəng fikirlərdən başqa bir şey deyil. Sahibkarlara məxsus sənədlərin tam qaydasında olduğu aşkar olduqdan sonra, ANS-in “İç xəbər” proqramında yenidən mövzu haqda məlumat verilir. Əvvəlki addımından xəcalət çəkməyən Zülfüqar İsgəndərov, yenə də kanala zəng edərək oxşar qaydada fikrini çatdırır. Bu belə olduğu halda, hal-hazırda sahibkar Əliyev Oqtay Qara oğlu qərara gəlib ki, ona məxsus 38kvm-lik mağazanın bank tərəfindən sökülüb-sökülməyəcəyi haqda arayış əldə etsin və onu istər ANS TV-yə, istərsə də bir çox KİV çatdırsın. O halda Zülfüqar İsgəndərovun boşboğaz telefon zəngi və aludə olduğu saxtakar addımları, bir daha ictimaiyyətə bəlli olacaq. Bu da onu söyləməyə əsas verir ki, İH-də hüquq şöbəsinə rəhbərlik edən bu şəxs, ixtisasca tarixçi olduğundan ya yaddaşını zəiflədib, ya da ki, danışdığının məsuliyyətini dərk etmir. Hətta, məlumatlı mənbə onu da bildirir ki, Zülfüqar İsgəndərova məxsus diplom, ölkə hüdudlarından kənardakı təhsil ocaqlarına aid olduğundan, onun qanuniliyi də müəyyən şübhələrdən xəbər verir. Odur ki, bu cür savadsız, danışdığının əhəmiyyətini lazımınca dərk etməyən belə bir vəzifə sahibinin əməlləri, yəqin ki, bundan sonra da Yediyarov komandasını çoxsaylı problemlərlə üz-üzə qoyacaq. P.S.Hörmətli oxucular! Növbəti sayımızda Gədəbəydə yaşanan çoxsaylı olaylardan, daha çox isə Namiq Məmmədova məxsus və dəyəri milyon manatlarla qiymətləndirilən mülklərinin varlığından bəhs etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

Ramiz Yediyarov və Namiq Məmmədov ittifaqı sahibkarları küçələrə salıb
Ramiz Yediyarov və Namiq Məmmədov ittifaqı sahibkarları küçələrə salıb
Ramiz Yediyarov və Namiq Məmmədov ittifaqı sahibkarları küçələrə salıb