backend

Rəhman Məmmədovun fəaliyyəti vətəndaşları və bəzi bələdiyyə sədrlərini qane etmir

Rəhman Məmmədovun fəaliyyəti vətəndaşları və bəzi bələdiyyə sədrlərini qane etmir
Qeydiyyat və notariat işinin, həmçinin məhkəmə qərarlarının icrasının təşkilində iştirak yaxşı vəziyyətdə deyil Azərbaycanda ədliyyə sisteminin inkişafına xüsusi diqqət və qayğı göstərilir.
Son illər ərzində həm paytaxtda, həm də bölgələrdə tikilən yeni məhkəmə binaları bunun bariz nümunəsi sayıla bilər. Eyni zamanda, hakimlərin səlahiyyətlərini düzgün və ədalətli şəkildə icra edə bilmələri üçün də müxtəlif tədbirlər görülməkdədir. Bütün bunlar ölkəmizdə ədliyyə sisteminin inkişafına hesablanıb. Vurğulamaq lazımdır ki, prezident İlham Əliyevin "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli Fərmanı bu sahədə böyük əhəmiyyətə malikdir. Fərmanda insan hüquq və azadlıqlarının müdafiəsi, hüquqi maarifləndirmə və informasiya təminat işinin yaxşılaşdırılması, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, qeyri-hökumət təşkilatları ilə əlaqələrin genişləndirilməsi diqqət mərkəzində saxlanılıb. Bundan başqa, regional ədliyyə şöbələrinin təşkili yerlərdə ədliyyə fəaliyyətinin səmərəliliyini daha da artırıb. Belə ki, yerli ədliyyə orqanlarının fəaliyyətinin daha effektiv əlaqələndirilməsi, onların fəaliyyətinə daha operativ nəzarətin həyata keçirilməsi, bələdiyyələrə daha əhatəli metodoloji yardımın göstərilməsi və operativ inzibati nəzarətin həyata keçirilməsi, yerli ədliyyə orqanlarının və bələdiyyələrin fəaliyyəti ilə, ümumiyyətlə ədliyyə fəaliyyəti ilə bağlı vətəndaşların müraciət etmə imkanlarının genişləndirilməsi öz müsbət nəticələrini göstərir. Buna baxmayaraq, bəzi regional ədliyyə şöbələrinin fəaliyyətində problemlər mövcuddur. Şəki Regional Ədliyyə Şöbəsinin rəisi Rəhman Məmmədovun işinə qeyri-peşəkar yanaşması, eləcə də vətəndaşlara əlavə problemlər yaratması haqda redaksiyamıza ilginc məlumatlar daxil olub. Mətləbə keçməmişdən öncə bildirmək istəyirik ki, Şəki Regional Ədliyyə Şöbəsi Ədliyyə Nazirliyinin müstəqil struktur qurumudur. Regional şöbə Ədliyyə Nazirliyinin qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq yerlərdə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və onlara nəzarətin gücləndirilməsi, əhalinin ədliyyə orqanlarına müraciət etmə imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradılıb. Etibarlı mənbələrin redaksiyamıza verdiyi məlumatda bildirilir ki, Şəki Regional Ədliyyə Şöbəsində iş prinsipi düzgün təşkil olunmayıb. Buna görə də vətəndaşlar xoşa gəlməyən vəziyyətlə üzləşmək məcburiyyətində qalırlar: "Məsələn, şöbədə vətəndaşların müraciətlərinə istənilən səviyyədə baxılmır. Şöbə rəisi Rəhman müəllim onun qəbuluna düşmək istəyən insanları müxtəlif bəhanələrlə başından edir. Yerli bələdiyyələr tərəfindən incidilən, habelə müxtəlif problemləri olan vətəndaşlar rəisə dərdlərini danışa bilmirlər. Şöbədə vətəndaşların qəbul günləri olsa da, bu formal xarakter daşıyır. Əslində, Ədliyyə Nazirliyi tərəfindən şöbənin qarşısında vətəndaşların müraciət imkanlarını daha da asanlaşdırmaq məqsədilə regiona daxil olan rayonlarda səyyar qəbullar keçirmək tapşırığı qoyulub. Lakin rəis buna əməl etmir". Mənbənin bildirdiyinə görə, Rəhman Məmmədovun işindəki qanun pozuntuları bələdiyyələrə metodiki köməkliyin göstərilməsinə, qanunvericiliklə müəyyən edilmiş cinayətlər üzrə ibtidai istintaq aparmağa imkan vermir: "Şəki Regional Ədliyyə Şöbəsi o qədər fəaliyyətsizdir ki, qeydiyyat və notariat işinin, həmçinin məhkəmə qərarlarının icrasının təşkilində iştirak edə bilmir. Şəki, Oğuz, Qəbələ, Qax, Balakən və Zaqatala rayonlarında sayı-hesabı bilinməyən notariat pozuntuları mövcuddur. Şöbə rəisi notariuslarla əlbir şəkildə vətəndaşları əziyyətə salır. Bəzi iri iş adamları rəisin köməyi ilə vətəndaşların istifadəsində olan torpaq sahələrini ələ keçirməyi bacarıblar. Şöbənin rəhbərliyi mütəmadi olaraq bəzi bələdiyyə sədrlərinin barəsində inzibati protokollar tərtib edir. Səbəb kimi bələdiyyə aktlarını inzibati nəzarəti həyata keçirən orqanlara vaxtında göndərməmələri göstərilir. Bələdiyyə sədrləri yaranmış problemi, yəni inzibati protokolları şöbə rəisi ilə "danışıq" aparmaqla yoluna qoyurlar. Rəis neçə illərdir ki, bu üsulla işləyir. Bu səbəbdən maliyyə imkanları çox yüksək səviyyədədir". Deyilənə görə, 5 ildən çoxdur rəis işləyən Rəhman Məmmədov bu müddət ərzində Şəkidə və Bakıda iri biznes şəbəkəsi yaratmağa müvəffəq olub. Onun Şəki rayonunda bir neçə istirahət mərkəzinin, aptekinin, maşın təmiri sexlərinin olduğu da verilən məlumatlar arasındadır. Rəisin fəaliyyətindəki digər qanunsuzluqlar, o cümlədən sahibi olduğu obyektlər haqda gələn saylarımızda ətraflı məlumat verməyə çalışacağıq. Bizi izləməyə davam edin. Sonda onu da qeyd edək ki, səsləndirilən ittihamlarla bağlı şöbənin (02424) 4-32-18 nömrəli əlaqə telefonuna zəng vursaq da, dəstəyi qaldıran olmadı. Bununla belə Rəhman müəllimin də fikirlərini işıqlandırmağa hazırıq.