backend

Hazırda Regional Ədliyyə Şöbəsinin rəisi isləyən Rasim Məlikov dəhşətli qətlin üstünü nəyə görə ört-basdır etmək istəyib?

Hazırda Regional Ədliyyə Şöbəsinin rəisi isləyən Rasim Məlikov dəhşətli qətlin üstünü nəyə görə ört-basdır etmək istəyib?













Ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin təkmilləşdirilməsi üzrə genişmiqyaslı islahatlar aparılır, insan hüquqlarının etibarlı təmin olunmasına, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasına, onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edən ədliyyə infrastrukturunun müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, yeni ədliyyə binaları tikilib istifadəyə verilir.

Ədliyyə sahəsində aparılan islahatlar həmçinin beynəlxalq təşkilatların və maliyyə qurumlarının da diqqətini cəlb edir. Belə ki, bu sahədə aparılan işlərə dəstək göstərmək məqsədilə Avropa İttifaqı ilə birgə "Ədliyyə sahəsində islahatlara dəstək" Proqramı həyata keçirilir. 2012-2014-cü illər üzrə Ədliyyə Akademiyasının və regional ədliyyə şöbələrinin potensialının gücləndirilməsi, penitensiar sistemin müasirləşdirilməsi istiqamətlərini əhatə edən bu proqram çərçivəsində xeyli işlər görülmüş, infrastruktur müasirləşdirilmiş, o cümlədən Xaçmaz və İmişli regional ədliyyə şöbələri üçün yeni binalar inşa olunmuşdur. Təəssüf ki, bəzi regional ədliyyə şöbələrinin rəhbər şəxsləri yaradılan şəraitdən lazımi şəkildə istifadə edə bilmirlər. Redaksiyamıza Xaçmaz Regional Ədliyyə Şöbəsinin rəisi Rasim Məlikovun işindəki nöqsanlarla bağlı bəzi maraqlı məlumatlar daxil olub. Mətləbə keçməmişdən öncə qeyd edək ki, Xaçmaz Regional Ədliyyə Şöbəsi ədliyyə orqanlarının fəaliyyətinə nəzarət edir, onların fəaliyyətini əlaqələndirir, bələdiyyələrə metodiki köməklik göstərir və onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirir, qanunvericiliklə müəyyən edilmiş cinayətlər üzrə ibtidai istintaq aparır, qeydiyyat və notariat işinin təşkilində iştirak edir, məhkəmə qərarlarının icrasının təşkilində iştirak edir, hüquqi maarifləndirmə işini həyata keçirir və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Daha doğrusu, regional ədliyyə şöbəsi bu sahə üzrə fəaliyyətini təşkil etməlidir. Bizə çatan məlumatlara əsasən Rasim Məlikov Ədliyyə Nazirliyi tərəfindən qarşıya qoyulmuş vəzifə və tapşırıqları layiqincə yerinə yetirə bilmir: "Xaçmaz Regional Ədliyyə Şöbəsinin rəhbərliyi bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi məqsədi ilə heç bir tədbir keçirmir. Yalnız ara-sıra bəzi bələdiyyə sədrləri ilə toplantı keçirilir ki, bu da sırf gözdən pərdə asmağa hesablanıb. Şöbə rəisi işinə tələb olunan səviyyədə məsuliyyət göstərmir. Məsələn, Xaçmazda kənd bələdiyyələrinin bir çoxunda mübahisəli məsələlər, vergilərin yığılması və torpaqların qanunsuz zəbt edilməsi halları var. Buna baxmayaraq, ədliyyə şöbəsinin rəhbərliyi bu tip problemləri aradan qaldırmaq barədə heç nə fikirləşmir. Təbii ki, bütün bunların hamısı şöbə rəisinin fəaliyyətsizliyindən qaynaqlanır. Xaçmaz Regional Ədliyyə Şöbəsini əhatə edən Siyəzən, Quba, Qusar və Şabran rayonlarında bəzi vətəndaşların sənədli torpaqları iş adamları tərəfindən qeyri-qanuni olaraq ələ keçirilib. Buna etiraz edən vətəndaşlar şöbə rəisinin yanına gedib kömək istəsələr də, Rasim müəllim narazı sakinlərə yardım göstərmir. O bəzi sahibkarlara vətəndaşların hüquqlarını pozmaqda köməklik göstərir. Belə deyirlər. Rəis həmçinin sözügedən rayonlarda yerləşən notariat kontorlarının da fəaliyyətinə yersiz müdaxilələr edir. Nəticədə, bəzi sənədlərin dəyişdirilməsi halları qeydə alınır". Apardığımız qısa araşdırmalar nəticəsində məlum oldu ki, Xaçmaz Regional Ədliyyə Şöbəsini yaman günə qoyan rəis əvvəllər Xaçmazın prokuroru vəzifəsini icra edib. Belə ki, Xaçmazda yerləşən "Arzu" Ticarət Mərkəzinin direktoru Nəcimə Babayevanın qətlində rayonun keçmiş prokurorunun adı çəkilib. Övladları analarının sifarişlə qətlə yetirildiyini iddia ediblər: "Qətlin üstünü açmaq üçün onun motivini müəyyən etmək lazımdır. Motiv isə çoxdan bəllidir. Çünki anamız sifariş nəticəsində qətlə yetirilib". Mərhumun övladları Gülnarə və Fuad Həbibovlar analarının ticarət mərkəzini özəlləşdirdiyini, yerli məmurların indi həmin mərkəzi onlardan almağa çalışdığını bildirib: "Anamız sağlığında o insanlarla mübarizə apara bilirdi. Bütün məhkəmə çəkişmələrini də udmuşdu. Gördülər ki, bazarı ondan ala bilmirlər, anamı öldürdülər. Dəfələrlə onu da, bizi də hədələmişdilər. Lakin anam geri çəkilmirdi. Qətldən sonra hadisə yerinə gələn Xaçmaz rayon prokurorunun səlahiyyətlərini icra edən Rasim Məlikov bir sıra müəmmalı hərəkətlərə yol verib. Prokuror qətl baş verən mənzildə əl və ayaq izlərini, ümumiyyətlə götürməyib. Qatilin hamamın qapısındakı qanlı barmaq izlərini prokurora göstərsək də, o, bunu dəlil kimi saymadı. Prokurorun sürücüsü hadisə yerində xüsusi "canfəşanlıq" göstərirdi. Prokurorun qohumu olan həmin şəxs qətldən sonra həyətə toplaşmış şəxslərə bir-bir yaxınlaşaraq, onlara qətlin ailə üzvlərindən birinin törətdiyini deyirmiş. Hadisə yerinə baxış keçirilən zaman prokuror Xaçmaz rayon Polis Şöbəsinin rəis müavininə orada araşdırma aparmağa imkan verməyib. Rəis müavininə hətta otaqlara girməyi yasaqlayan prokuror buna rəğmən öz sürücüsü ilə bütün evi gəzib. Rasim Məlikov söhbət zamanı əvvəlcə işi ört-basdır edəcəyinə işarə vuraraq danışırdı. Daha sonra mənim israrlarımı görüb dolayı təhdidlərə başladı. Bildirdi ki, əgər ailə üzvlərimiz anamızın qətli ilə bağlı cinayətin araşdırılmasını Baş Prokurorluğa göndərilməsi və işi onların araşdırmasını tələb edərsə, bu işin axırı yaxşı olmayacaq". Ədliyyə şöbəsinin rəisinin adı başqa mənfi işlərdə də çəkilib. Bu barədə növbəti saylarımızda geniş araşdırma yazısı dərc edəcəyik. Mövzu ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.