backend

Boşuna xərclənən milyonlar...

Boşuna xərclənən milyonlar...
Əvvəllər Bakı şəhərində avtovağzal şəhərin içərisində idi və bu da böyük sıxlığa səbəb olurdu.
Bu problemi həll etmək üçün avtovağzalın şəhərdən köçürülməsi vacib idi. Bununla bağlı işlər görüldü və 2009-cu ildə Bakı Beynəlxalq Avtovağzal Kompleksi Binəqədi rayonu, Sumqayıt şossesi, 3-cü km ərazisində istifadəyə verildi. O vaxtdan bəri avtovağzal normal fəaliyyət göstərirdi.

Lakin oktyabrın əvvəlində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə baş verdi. Bakı-Sumqayıt yolunun əsas hissəsində çatlar yarandı. Həmin ərazidəki 25-30 metr hündürlüyündə istinad divarları ciddi təhlükə ilə üz-üzə qaldı. İstinad divarının yuxarı və orta hissəsində bərkitmə işlərinə başlanılsa da, bu işlərin effektli olmayacağı bildirilirdi. Lakin həmin ərazidə problemin həlli istiqamətində işlər görülməkdədir.

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov APA-ya açıqlamasında bildirib ki, həmin ərazidə yağış kollektoru olmadığından istinad divarlarında axma baş verib. Bununla bağlı mütəxəssislər tərəfindən layihə hazırlanıb və işlər həyata keçirilir. A.Şərifov bildirib ki, hazırda orada ciddi iş gedir, yaxın vaxtlarda başa çatacaq: “Ərazidə qorxulu halın baş verməsinin qarşısı alınıb. İstinad divarlarının aşmaması üçün dirəklər vurulub. Bu məsələ ciddi nəzarətdədir. Biz əraziyə mütəxəssislərlə birgə baxış keçirmişik və belə qənaətə gəlmişik ki, bu işlər görülməlidir. İşlər də həyata keçirilir. İnşallah, ona görə də ciddi, qorxulu bir hadisə ola bilməz”.

İri həcmli tikintilərdən öncə ciddi tədqiqatlar aparılmalıdır

Avtovağzal tikilərkən şəhərdə nəqliyyatın sıxlığını aradan qaldırmaq nəzərdə tutulsa da, indiki yerləşdiyi yerdə bə bu problem yaşanmaqdadır. Həmin ərazidəki yolun genişləndirilməsi problemi müəyyən qədər həll edə bilərdi, amma bunu da etmək mümkün olmadı. Lakin sürüşmə baş verdikdən sonra avtovağzal kompleksinin köçürülməsi məsələsi də gündəmə gəlib. Bildirilir ki, avtovağzal kompleksi üçün həmin ərazi həm sürüşmə, həm də sıxlığın aradan qaldırılması baxımından uyğun deyil. Həmin ərazi Sumqayıtdan, o cümlədən şimal regionlarından paytaxt Bakıya giriş ərazisi sayılır. Eyni zamanda qərb regionlarından gələn dairəvi yol da avtovağzalın yanındakı yola birləşir. Sıxlıq və sürüşmə problemindən dolayı avtovağzalın köçürülməsi baş verə bilərmi? İndiki vəziyyət üçün bu nə dərəcədə realdır?

Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli deyir ki, iri həcmli və çox böyük vəsaitlər hesabına başa gələn tikintilər aparılmamışdan öncə ciddi təqdiqatlar aparılmalıdır. O cümlədən qazıntı işləri zamanı geodezik tədqiqatlar mühüm əhəmiyyət kəsb edir: “Avtovağzal kompleksinin tikintisi zamanı hazırkı ərazi şəhər kənarı kimi qəbul olunurdu və metro tikintisinə bir qədər sonra orada başlanıldı. Avtovağzal tikilərkən tam ciddi və yetərli tədqiqatlar aparılıb-aparılmaması haqda heç nə deyə bilmərəm. Amma buraya maliyyə, nəqliyyatın, əhalinin sıxlığı, yeraltı süxurlar üzərində tikinti kompleksinin dayanıqlığı kimi məsələlər aiddir. Bütün bunlar tikinti aparılmamışdan öncə öyrənilməli idi”.

Köçürülmə böyük maliyyə və vaxt tələb edir

Ekspertin sözlərinə görə, bütün hallarda reallıq odur ki, çökmə prosesi gedir və bu məsələyə görə mühəndis, tikinti işlərinə rəhbərlik edən hər kəs məsuliyyət daşıyır: “Mümkündür ki, problemin yaranmasına məhz metro tikintisi də əhəmiyyətli səbəb ola bilər. Ona görə ki, metro tikintisində aparılan işlərin əksəriyyəti yeraltı qazmalardır və bu da süxurların qaçmasına və torpaq çökməsinə səbəb ola bilər. Bunu da yəqin ki, ekspertlər və mütəxəssislər araşdırıb müvafiq rəylə çıxış edəcəklər”.

İ.Hüseynli deyir ki, avtovağzalın köçürülməsi məsələsi bir o qədər real görünmür. Çünki bu, dövlət büdcəsindən xeyli vəsait tələb etməklə yanaşı, həm də uzun zaman aparan bir işdir: “Amma istənilən halda təhlükə varsa, problem həll olunmalıdır. Hazırkı avtovağzal istər şəhərə xaricdən, istərsə də daxildən giriş-çıxış baxımından əlverişli mövqedədir. Amma tikinti zamanı kompleksə lazımsız tikintilər daxil edilib, israfçılığa və əlavə yüklənmələrə yol verilib. Məsələn, mən hesab edirəm ki, bu kompleks sırf təyinatı üzrə qurulmalı olduğu halda, lazımsız olaraq 4 ulduzlu hotel və yüzlərlə mağaza da tikilib ki, bu da müəyyən mənada həm də bu problemin yaranmasında rol oynayır”.

Əsas hissədə bərkimtə işləri getsə də, çat hələ də var

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev isə bildirdi ki, sürüşmə baş verən ərazidə işlər gedir və problem tezliklə həll olunacaq: “Həmin ərazidən bir saat olar ki, gəlmişik. Çatların dinamikasında az da olsa fəaliyyət var. Amma monolit bərkitmə işləri aparılır. Demək olmaz ki, çatlar tamamilə aradan qaldırılıb. Əsas hissəsində dəmir konstruksiyalarla bərkitmə işləri aparılıb. Amma digər yerlərdə qalır. Yağışlar düşür, maşınlar hərəkət edir deyə, çatlarda müəyyən qədər genişlənmə müşahidə olunur. Ancaq orada lazım olan bütün işlər görülür, araşdırmalar aparılır. Bərkitmə işləri çox yüksək səviyyədə aparılır. Mən o sahənin mütəxəssisi deyiləm. Amma ümumi baxanda görürük ki, bu işlər çökmənin qarşısını alacaq”.

Ərazidəki sürüşməyə səbəb olaraq orada metronun avtovağzal stansiyasının tikilməsini göstərənlər də var. Ə.Piriyev deyir ki, bu onun sahəsi olmadığı üçün hər hansı fikir demək çətindir. Amma əsas problem odur ki, orada torpaq tökmədir. Su daxil olduqda isə torpaq qatının müqaviməti, yükgötürmə qabiliyyəti azalıb: “Tədricən su daxil olduğu üçün çatlar əmələ gəlib. O çatlar sırf texnogen proseslər zamanı yaranıb. Ancaq metro tikintisinin bu problemə səbəb olması haqda heç nə deyə bilmərəm. Onu bu işə cavabdeh olan müvafiq qurumlar açıqlaya bilərlər”.

Köçürülmə baş verməyəcək

Avtovağzalın köçürülməsinə gəlincə, Ə.Piriyev bunları söylədi: “Orada avtovağzalın köçürülməsinə səbəb olacaq dərəcədə böyük problem yoxdur. Avtovağzal tamamilə ayrıdır, onun monolit bünövrəsi var. Bərkitmə işləri aparılmaqla problemin qarşısı alınacaq. Hər hansı köçürülmə ola bilməz”.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev qəzetimizə açıqlamasında bildirdi ki, metro tikintisinin sürüşməyə heç bir aidiyyatı yoxdur. Sürüşmə baş verən ərazidə metronun heç bir tikintisi yoxdur və olmayıb.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov da avtovağzalın köçürülməsi haqda yayılan məlumatların heç bir əsası olmadığını bildirdi: “Yayılan fikirlər cəfəngiyatdır. O məsələ ilə bağlı bütün müvafiq sturukturlar öz rəyini verib, orada sürüşmə, çökmə prosesi dayanıb. Müəyyən bərkitmə işləri aparılır. Bundan artıq heç nə deyə bilmərəm. Rəsmi qurumlar problemin həlli istiqamətində işlərini görürlər. Amma köçürülmə ilə bağlı fikirlərə hər hansı şərh vermək istəmirəm”.