backend

Ziya Məmmədovun fəaliyyəti araşdırılsa, onun məsuliyyətdən qaçma şansı sıfır olacaq

Ziya Məmmədovun fəaliyyəti araşdırılsa, onun məsuliyyətdən qaçma şansı sıfır olacaq
























Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində baş verən sürüşmə Nəqliyyat naziri Ziya Məmmədov məsələsini yenidən gündəmə gətirdi.

Bakı -Sumqayıt yolunda yaranan iri çatlar isə bir sıra qaranlıq məqamların açılmasına səbəb oldu. Hətta ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev da məsələ ilə bağlı açıqlamasında bildirib ki, yağışlar davam edərsə, ərazidə uçma, böyük çökmə baş verə bilər. Onun sözlərinə görə, sürüşmə atmosfer çöküntülərinin, ərazidə aparılan suvarmanın təsiri nəticəsində baş verib. Xatırlatma üçün bildirək ki, Nəqliyyat Nazirliyinin balansında olan, təməli 2004-cü ildə qoyulan Bakı Beynəlxalq Avtovağzal Kompleksinin fəaliyyəti buranın xidmətlərindən istifadə edən vətəndaşların, sərnişinlərin haqlı narazılığına səbəb olur, onların şikayətləri ilə qarşılanır. Qeyd edək ki, 5 ilə başa çatdırılan bu kompleksin inşaat prosesinə də Nəqliyyat Nazirliyinə yaxın tikinti şirkətinin 100-dən çox texnikası, 600 nəfərə qədər işçi cəlb edilmişdi. Kompleksdə istifadə olunan materiallar və quraşdırılan avadanlıqlar bir sıra Avropa, Asiya ölkələrinə məxsus şirkətlərin istehsalı olsa da, sənədlərdə onların qiymətlərinin, maya dəyərlərinin şişirdilməsi barədə məlumatlar verilirdi. Layihənin ilkin dəyəri 12 milyon dollar olsa da, NN rəsmiləri Bakı Beynəlxalq Avtovağzal Kopmleksinin tikintisinin 80 milyon dollara başa gəldiyini iddia edirlər. 2004-cü ildən 2009-cu ilə qədər 5 il müddətində həmin ərazidən keçən vətəndaşlar çəkdikləri əziyyətə görə, nə zamansa rahat bir avtovağzalın xidmətindən istifadə edəcəklərini düşünürdülər. Amma... Bu gün dəyəri milyonlarla ölçülən Avtovağzalın ətrafında yaranmış xoşagəlməz mənzəri ora qoyulan vəsaitin havaya sovrulduğunu göstərir. Dəgər tərəfdən isə Bakıya bu istiqamətdə daxil olan insanlar, yaxud də paytaxtdan kənara gedən insanlar ciddi problemlə üzləşirlər. Saatlarla tıxacda qalmaq həm insanların heysiyyatına toxunur digər tərəfdən də avtonəqliyyat vasitələrinin əlavə yanacaq işlətməsinə gətirib çıxarır. Ziya Məmmədovun yolları bizi Romaya aparmadı Nəqliyyat naziri Ziya Məmmədovun 30 il müddətinə zəmanət verdiyi 200 milyonluq Zığ-aeroport beton yolu uzun müddət çəkmədi ki, dağıldı. Xatırladaq ki, 29,5 metr eni olan beton yol 9 may 2008-ci ildə istismara verilib. Yolun tikintisi 10 noyabr 2007-ci ildə prezident Ilham Əliyevin tapşırığı ilə başlanılıb. Yol yarım il ərzində və rekord məbləğə - 200 milyon manata tikilib. Sifarişçi qismində Nəqliyyat Nazirliyi çıxış edib, işləri isə "Akkord" şirkətlər qrupu Almaniyanın "SP Papenburq Baugesselschaft mbH" şirkətinin iştirakı ilə həyata keçirib. Bu yolun hər kilometri 11 mln. manata başa gəlib və onu beynəlxalq I-B standartlarına uyğun yol kimi təqdim ediblər. Nəqliyyat naziri Ziya Məmmədov açılış mərasimində prezidentə 30 il zəmanəti olan yolun yüksək keyfiyyət səviyyəsində tikildiyini və strateji əhəmiyyət daşıdığını məruzə edib. Nazir bildirib ki, layihənin bahalı olmasına baxmayaraq, beton yolun saxlanması asfalt yoldan daha ucuz olacaq və yalnız 5 ildə bir dəfə yolun istilik qovşaqlarında rezin dəyişdiriləcək. Nazir yolun saxlanmasına 30 il ərzində 180 mln. dollar qənaət olunacağını iddia edirdi. Amma deyilənlər özünü doğrultmadı. Ancaq üstündən 1 il keçməmiş Ziya Məmmədov beynəlxalq standartlı yolu təmirə bağladı. Bəlli oldu ki, yolu iki hissəyə ayıran beton hasarın üzərindəki bəzək daşları artıqdır. Nə var, nə var, sürücülərin diqqətini yoldan yayındırır. Bəzək daşları götürüləndən sonra yerinə beton tökdülər. Aradan bir neçə ay keçəndən sonra isə yol yenidən təmirə dayandı. Bu dəfə də yolu iki hissəyə ayıran beton arakəsmə söküldü və dəmir arakəsmə ilə əvəz olundu. Nazirlikdən dedilər ki, beton qəzalarda ölümə səbəb olur. Yəni layihələndirmədə beton arakəsmə təcrübə kimi nəzərdə tutulubmuş... Amma dəmir arakəsmənin də ömrü uzun olmadı. Bu dəfə dəmir arakəsmə ilə birgə işıqlandırma sistemi də söküldü. İndi yolda yaranmış vəziyyətə görə hər gün qəza baş verir. Bu, çoxları üçün hələ də qaranlıqdır: az qala bir şəhərin tikintisinə başa gələn yol niyə bu qədər tez-tez təmirə dayandırılır? Dövlət büdcəsinə milyonlarla manat ziyan vuran yanlışlığa görə kim cavabdehlik daşıyır? Bu arada yolun Zığ qəsəbəsinə dönən hissəsində piyada keçidini xatırlatmaq yerinə düşər. Ən azı ona görə ki, Ziya Məmmədovun 10 milyard dollarlıq hesabatında bu piyada keçidinin də adı çəkilir. Keçid piyadalar üçün yararlı olmasa da ətrafda işləyənlərin işinə yarayır, yəni təbii ehtiyacların ödənilməsi üçün istifadə olunur. İndi Zığ və Hövsan sakinləri işıqlandırma sistemi, təhlükəsizlik kameraları olmayan keçiddən ayaqyolu kimi istifadə olunduğunu bərkdən deməyə çəkinirlər. Bu yollara da göz dəydi Təəssüflər olsun ki, milyonlarla vəsaitin sərf edilməsinə baxmayaraq, keyfiyyətsiz məhsullardan istifadə edilərək çəkilən yolların sırasına Bakı-Quba yolu da daxildi. Tikintisinə 2008-ci ildən başlanılan layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərcləndiyi deyilən yol az bir müddət ərzində dağılaraq pis vəziyyətə düşdü. Hələ o zaman beton yol çəkiləndə onun dünya standartlarına cavab verəcəyi və uzun müddət istismarda olacağı vurğulanırdı. Amma Azərbaycanda ən bahalı layihələrdən biri olan Bakı-Quba-Rusiya avtomobil yolunun beton üzlüyünün sökülməsi deyilənlərin heç də həqiqət olmadığını göstərdi. Və hətta sübut etdi ki, yolların yenidən çəkilməsinə və təmirinə ayrılan vəsaitlərin çox cüzi bir hissəsi təyinatı üzrə sərf edilir. Keçək nazirliyin ən iri layihələrindən biri olan "Xalqlar dostluğu" körpüsünə. Babək prospekti ilə Məhəmməd Hadi və Mikayıl Əliyev küçələrinin kəsişməsində yerləşən, MDB məkanında ən uzun körpü sayılan "Xalqlar dostluğu" körpüsünün tikintisinə 2006-cı ilin iyununda başlanılmışdı. Bəzi texniki problemlər ucbatından nəzərdə tutulan müddətdə təhvil verilməyən körpü indi göy qurşağına çevrilib, üzərindəki alabəzək yamaqla "rekord" qırıb. Digər tərəfdən isə, körpünün üzərində bir neçə yerdə çökmələr əmələ gəlib. Əlaqədar qurumlar ilk baxışdan çökmənin olduğunu itirmək üçün həmin hissələrə yeni asfalt örtüyü salsalar da, amma sürücülər həmin hissədən keçərkən böyük təhlükə ilə üz-üzə qalırlar. Çünki yolun bir hissəsi çökdüyündən avtomobilin təkəri ora düşərkən qəza şəraiti qaçılmaz olur. Halbuki bu yolun tikintisi üçün 2009-cu ildə 44 milyon 650 min manat, 2010-cu ildə isə 9 milyon 850 min manat vəsait ayrılıb. Ziya Məmmədovun nəqliyyat sistemindəki qohumları Nəqliyyat naziri Ziya Məmmədovun ən yaxın çevrəsinə daxil olan şəxslərin nəqliyyat sistemində tutduqları vəzifələrdən uzaqlaşdırılaraq istintaqa cəlb olunması, hətta oğlu Anar Məmmədovun da istintaqçıların sorğu-sualından ən son anda yayınaraq ölkədən getməsi xəbəri var. Qaynağımız bildirib ki, Z.Məmmədov 13 illik nazirliyi dövründə Nəqliyyat Nazirliyini podratçı şirkət kimi idarə edib, şəxsi maraqlarına tabe etdirib. Nəqliyyat Nazirliyi ölkə daxilində yük daşımalarına nəzarət etməklə hər il yüz milyonlarla manat gəlir əldə edib. Bu sahənin qeyri-rəsmi kuratoru nazirin qardaşı İmran Məmmədovun oğlu Rövşən Məmmədov olub. MMC-nin rəisi Elnur Məmmədovdur. Bu şəxsin soyadı nəqliyyat nazirinin soyadı ilə üst-üstə düşsə də, qohumluq əlaqələri yoxdur. E.Məmmədov digər bir nazirin qohumudur. Onunla nəqliyyat nazirinin yaxınlarının münasibətləri çox gərgindir. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, E.Məmmədov nazirin qardaşı oğlu R.Məmmədovla hesablaşmayıb, onunla gəlirlərin bölüşdürülməsinə razılaşmayıb. Bu baxımdan yük daşımalarından əldə olunan gəlirlərin tam olaraq nazirin yaxınlarına axını baş tutmur. Buna görə də yük daşımalarından 30 faizlik payla kifayətlənməli olurlar. Amma bu yaxınlarda bu sahədə kadr dəyişikliyi baş verdi. Təbii ki, hər şey dəqiqliyi ilə ölçülüb-biçilir. Yol-körpü-tikinti sahəsi bir qədər əvvələ qədər Nəqliyyat Nazirliyinə tabe olan "Azəryolservis"də olub. Qurumun sədrinin nazirlə münasibətləri pis olmasa da, gəlirlər məsələsində aralarında narazılıqlar olub. Hazırda isə bu sahə də nəqliyyat nazirinin nəzarətindən çıxarılıb. Nəqliyyat Nazirliyinə tabe olan ən gəlirli sahələrdən biri kimi Dövlət Avtomobil Nəqliyyatı Xidməti(DANX) hesab olunur. Bu posta öz adamını təyin etdirmək üçün daim klanlararası gərgin mübarizə gedir. Bu il avqustun 3-də Ziya Məmmədov "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi"(NİİM) MMC-nin baş direktoru Elnur Nazim oğlu Abdullayevi tutduğu postdan azad edərək DANX-a rəis təyin edib. Bu postun rəisinin aylıq gəlirinin 50 min manata yaxın olduğu bildirilir. Qeyd olunur ki, bu xidmət vasitəsi ilə hər ay milyonlar toplanır. Göründüyü kimi, Nəqliyyat naziri Ziya Məmmədovun fəaliyyəti dövrünü qısa analiz edəndə bir çox ciddi problemlər ortaya çıxır. Məlum olur ki, nəqiyyat nazirliyi və onun tabeliyində olan idarələrə ayrılan vəsaitlər təyinatı üzrə 100 faiz yerinə yetirilməyib. Vəsait xərclənməsi istiqamətində hansısa qaranlıq məqamlar olub. Buna görə də lazımdır ki, Hesablama palatası, Maliyyə Nazirliyi, həmçinin digər səlahiyyətli qurumlar Nəqliyyat Nazirliyinə ayrılan vəsaitlərin xərclənməsi, aparılan işlərin keyfiyyətinin hənsı səviyyədə olmasına aydınlıq gətirilsin. Belə bir araşdırma aparılarsa, Nəqliyyat naziri Ziya Məmmədovun məsuliyyətdən kənar qalması qaçılmaz olacaq. Çünki görülən işlərdən sonra ortaya çıxan problemlər heç də hər şeyin yüksək səviyyədə aparılmasını göstərmir. Yazıda adları çəkilən şəxslərin münasibətini dərc edə bilərik.