backend

Ziya Məmmədovun nəqliyyatı iflic vəziyyətində

Ziya Məmmədovun nəqliyyatı iflic vəziyyətində





















Uzun illərin nəqliyyat sistemində formalaşdırdığı konspirativ korrupsiya şəbəkəsinin zəncirvari halqaları bir-bir üzə çıxdıqca quru bəyanatlardan savayı deməyə söz tapılmır...

Son bir neçə ildə nəqliyyat nazirinin səlahiyyətlərinə hissə-hissə əl gəzdirilir. Onun biznes imkanları da məhdudlaşdırılır. Yadınızdadırsa, bir neçə ay öncə Nazirlər Kabineti “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması

Qaydalar”nda dəyişiklik etmişdi. Dəyişikliklərə əsasən, Nəqliyyat Nazirliyi sahə avtomobil yollarının adlandırılması və indeksasiyası ilə bağlı səlahiyyətini itirmişdi. Respublika və yerli əhəmiyyətli avtomobil yollarının adlandırılması və indeksasiyası artıq Nəqliyyat Nazirliyinin təqdimatı ilə Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Bu günlərdə rəsmiləşdirilmiş dəyişikliklərə əsasən respublika və yerli əhəmiyyətli avtomobil yolları ilə bağlı bütün məsələlər Nəqliyyat Nazirliyinin təqdimatı ilə Nazirlər Kabineti həyata keçirəcək. Dolayısı ilə, bu dəyişikliklər Nəqliyyat Nazirliyinin yol tikintisi sahəsindəki uzunmüddətli inhisarçılığına son qoymuş olur. Əslində ölkə rəhbərliyi nəqliyyat və yol tikintisi sahəsində baş alıb gedən büdcə yeyintilərinin qarşısına sədd çəkmiş oldu. Heç kəsə sirr deyil ki, Ziya Məmmədovun ortaya qoyduğu bahalı yolların ömrü hədsiz dərəcədə qısalır. Halbuki, analoji xərclərlə başa gələn Avropa yollarının istismar müddəti 30 ildən az deyil. Keyfiyyətli yollara malik Almaniyada isə necə deyərlər, 1 km "yol xərci" 19 milyon dollara bərabərdir. Qeyd edək ki, almanlar magistral yolları xüsusi texnologiya əsasında çəkirlər. Bütün fors-major situasiyalar demək olar ki, nəzərə alınır, hətta küybatırıcı asfaltdan istifadə edirlər. Bu isə magistral yollarda səs-küyün qat-qat azalmasını təmin edir. Nəzərə alsaq ki, Ziya Məmmədovun yol tikintisi sahəsindəki tərəfdaşları arasında alman mütəxəssislər də yer alıb, yollarımızın maya dəyərinin yuxarı, keyfiyyət göstəricisinin isə xeyli aşağı olması faktı bu sahədə ciddi problemlərin olmasından xəbər verir. Bəs necə olub ki, almanlar, avropalılar bizim yerlərdə kifayət qədər ustalıq nümayiş etdirmək imkanından məhrum olub? Bəlkə də bu halı elə özümüz yaratmışıq? Axı ortada milyonlar, milyardlar var! Ortaq yeyinti cinayətə şəriklik presedenti yaradır. Amma neyləyəsən ki, torpağın dili-ağzı yoxdur oturda dərdini bir-bir söyləyə, sən də qeydə alasan. Mütəxəssis hesablamalarına görə, yolun maya dəyəri müxtəlif faktorlardan asılıdır. Tikinti materiallarının alınmasına çəkilən xərclər, xüsusi texnikların icarəsi, yolun uzunluğu nəzərə alınmaqla yol örtüyünün ilkin dəyəri hesablanır. Daha sonra yolun uzunluğu, tipi və eni nəzərə alınmaqla yol-tikinti işlərinə edilən məsariflər hesablanır. Yolun dəyərinə həmçinin relyef, preslənən torpaq örtüyününü hündürlüyü və həcmi, çınqıl, asfaltbeton, şlak kimi tikinti materiallarının daşınma məsafəsi və qeyd edə bilmədiyimiz digər amillər ciddi təsir edir. Ziya Məmmədovun istifadəyə verdiyi bahalı yollar fikrimizcə məhz hansısa koofisent göstəricilərinin belə deyək, ixtisara düşməsi yaxud da aşağı salınması hesabına meydana çıxır. Ümumilikdə məsələnin mütəxəssis araşdırması yolun inşası ilə bağlı ciddi korrupsiya hallarının mövcudluğunu üzə çıxara bilər. 8 milyard sənə zarafat gəlməsin e. Bu məbləğin ölkənin yol infrastrukturuna son qəpiyinəcən xərcləndiyini söyləsəm, görəsən hörmətli nəqliyyat naziri bu iddiaya şəxsən özü inananrmı? Şərt statistikada deyil e. Baxırsan ki, nazir cənabı say hesabı filan qədər hörpü-tunel, yol ötürücüsü istismara verilib, nə qədər magistral geniş zolaqlı asfalt yollar çəkilib deyə ölkə rəhbərliyi qarşısında pafosla hesabat verir. Lakin...bu işlərin keyfiyyəti yoxdursa, birmənalı şəkildə söyləmək olar ki, korrupsiya var... Belə mənzərələrin mövcudluğunda Ziya Məmmədovun rəhbərliyindəki nazirlik dövlət büdcəsinin ən iri pay-püş meydanına çevrilib desək, bizdən inciməsinlər. Eynən də, digər yol tikinti işlərində də oxşar mənzərələri varlığını şübhə altına alan hələ ki, yoxdur. Olsaydı belə, bu iddianın özü əlavə suallar qarşısında çaşbaş qalardı. Hər halda, Ziya Məmmədovu adi bir elektrovoz sürücülüyündən nazir kreslosuna aparan həyat yollarında əsas vəzifələrdən biri dövlətə onun nəqliyyat sektoruna effektli rəhbərlik hesabına xidmət olmalıydı. Lakin tək bizim deyil, bütünlükdə ölkənin gözü qarşısında milyardları keyfiyyətsiz yollara səpələyən bir nazirin oliqarxlaşması prosesi baş verdi. Nəyin hesabına? Bu gün Ziya Məmmədovun yaratdığı nəqliyyat imperiyasını çökdürmək zərurəti ortaya çıxıb. Nəqliyat naziri özünü təmizə çıxarmaq üçün ara-sıra yaxın ətrafında "günah keçisi" tapıb qurban verməkdən belə çəkinmir. Lakin bu addım da yetərincə effekt verə bilməz. Havaların son günlər kəskin soyuması ilə əlaqədar Nəqliyyat Nazirliyinin gücləndirilmiş iş rejiminə keçməsi barədə xəbərlər də yollarımızda yaranmış real təhlükənin məsuliyyətindən sanki sığortalanmaq xarakteri daşıyır. Görünür,uzun illərin nəqliyyat sistemində formalaşdırdığı konspirativ korrupsiya şəbəkəsinin zəncirvari halqaları bir-bir üzə çıxdıqca quru bəyanatlardan savayı deməyə söz tapılmır. Hər halda, düşünürük ki, əsl həqiqəti ciddi vətəndaş mövqeyi sərgiləyən müvafiq dövlət orqanları üzə çıxara bilər.

Şükür Zəgəzurlu