backend

Azərbaycanın "Shinkar Holding” şirkəti Çernoqoriyanın şimalındakı Jablyak qəsəbəsində restoran və kafeləri olan dəbdəbəli qış kurortu tikmək niyyətindədir

Azərbaycanın "Shinkar Holding” şirkəti Çernoqoriyanın şimalındakı Jablyak qəsəbəsində restoran və kafeləri olan dəbdəbəli qış kurortu tikmək niyyətindədir
Bu barədə şirkətin rəhbəri, Azərbaycan nümayəndə heyətinin tərkibində hazırda Çernoqoriyada səfərdə olan Ələsgər Mehdiyev açıqlama verib.
Ə.Mehdiyev deyib ki, Jablyaka yeni turizm mərkəzinin yaradılması üçün çox münasibdir: "Biz Qəbələdə də oxşar kurort yaratmışıq. Həmin layihəyə 140 milyon dollar sərmayə qoymuşuq”.
Bu informasiya Azərbaycan ictimaiyyətində böyük maraq doğurdu. Çünki indiyə qədər bu şirkətin adını çoxları eşitməyib. Halbuki şirkətin Çernoqoriya layihəsindən də görmək olar ki, o, böyük layihələri icra edir.
Xalqxəbər.az saytı Çernoqoriyada dəbdəbəli otel tikmək istəyən bu "naməlum böyük” şirkətlə maraqlanıb.
"Shinkar Holding”dən saytımıza verilən məlumatda deyilir ki, şirkət həm təmir, həm də tikinti işləri ilə məşğuldur.
"Shinkar İnşaat” firması dövlət sifarişi əsasında bir çox kənd və qəsəbələr tikib. Məsələn, Qubada sürüşmədən əziyyət çəkən əhali üçün yeni salınmış 190 evlik Aşağı Atuc qəsəbəsini, İmişli rayonunda Kür çayının daşmasından əziyyət çəkənlər üçün 107 evli Telişli qəsəbəsini, Göygöl rayonunun Dozular kəndi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində evləri təhlükəli vəziyyətdə olan əhali üçün salınmış yeni qəsəbəni bu şirkət inşa edib.
Regionların inkişafı dövlət proqramı çərçivəsində "Shinkar Holding” tərəfindən Süd Emalı Zavodu, eləcə də kərpic zavodu inşa edilib. Məsələn, 2007-ci ilin sonlarında Qəbələdə Süd Emalı Zavodunun inşasına başlanıb.
Bakı və Qəbələdə kərpic zavodlarının tikintisini, onların avadanlıqla təmin olunmasını da "Shinkar Holding” həyata keçirib.
Şirkətin həyata keçirdiyi layihələr arasında Qəbələ Olimpiya Kompleksinin və Qəbələ Beynəlxalq Hava Limanının tikintisi də var.Məlumatda qeyd olunur ki, "Shinkar Holding” MMC Azərbaycanın bir çox rayon və şəhərlərində otellər tikib, parklar salıb.
"Qafqaz Resort Hotel” də bu şirkətə məxsusdur. Otel dağlıq ərazidə, Qəbələ istirahət zonasında yerləşir.
"Qafqaz River Side Hotel”lə bağlı məlumatda isə deyilir ki, 16 hektar ərazidə yerləşən və sahəsi 2 min 250 kvadratmetr olan otel 7 mərtəbəli əsas korpusdan və kotteclərdən ibarətdir.
Bahalığı ilə seçilən "Qafqaz Sport Hotel”, "Qafaz City Hotel Baku”, "Qəbələnd Luna Park” da şirkətin həyata keçirdiyi layihələrin siyahısındadır.
Maraqlıdır ki, şirkətin həyata keçirdiyi işlərin əksəriyyəti dövlət sifarişli olsa da "Shinkar Holding”in buna nə qədər vəsait xərclədiyi barədə məlumatlar yoxdur. Regionların inkişafı dövlət proqramı çərçivəsində isə şirkət güzəştli kreditlər əldə edib. Məsələn, İqtisadiyyat və Sənaye Nazirliyinin hesabatlarında süd və kərpic zavodlarının tikintisinə güzəştli kredit ayrıldığı qeyd edilsə də şirkətlərin adı göstərilməyib. "Shinkar Holding”in rəsmi səhifəsində də dövlət sifarişi əsasında tikilən ev, qəsəbə və ya kəndlərə çəkilən xərclər, ayrılmış vəsait, kreditlərin məbləği göstərilmir.
Xatırladaq ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin 6 ayının yekunlarına dair keçirilən iclasında bir çox məsələlərlə yanaşı turizm sektoruna da toxunmuşdu. Dövlət başçısı iş adamlarına müraciət edərək 2 və 3 ulduzlu otellərin tikilməsinin vacibliyini qeyd etməklə beşulduzlu otellərdə qiymətlərin baha olmasını xüsusi vurğulamışdı: "Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu... Ona görə bu üç məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, otellərin qiymətləri və üçulduzlu, ikiulduzlu otellərin tikintisi”.
2 və 3 ulduzlu otellərin çoxluğu ölkəyə maraq göstərən turistlərin sayına təsir edir.
Görünür, "Shinkar Holding” çağırışı bu cür qiymətləndirib - öz ölkəsinin turizm sektorunu inkişaf etdirməkdənsə hansısa bir Balkan ölkəsinə sərmayə qoymaq.
Ona görə də burada ortaya haqlı suallar çıxır: görəsən, Azərbaycanda turizm problemi tam çözülüb ki, Çernoqoriyada otel açmaq qərarına gəliblər?! Pulu Azərbaycanda qazanıb xaricdə xərcləmək indiki iqtisadi vəziyyətdə nə dərəcədə düzgün addımdır?
Qeyd edək ki, bu və digər suallara cavab almaq üçün şirkətə müraciət etsək də rəhbərliyin yerində olmadığını əsas gətirərək suallarımıza cavab vermədilər.