backend

Ramananı çirkab sularına qərq edən məmurlar kimlərdir?

Ramananı çirkab sularına qərq edən məmurlar kimlərdir?
Bakı şəhərinin Sabunçu inzibati rayonu ərazisində yerləşən Ramana qəsəbəsinin tarixi çox-çox qədimlərə gedib çıxır.
Hətta tədqiqatçı Sara Aşurbəylinin fikrincə Ramananın əsası eramızın təqribən 84-96-cı illəri arasında Roma İmperiyasının XII legionunun əsgərləri tərəfindən qoyulub. Düzdür, tarixi Ramana öz keçmişi, adət-ənənəsi ilə yeni salınan Ramana qəsəbəsindən fərqlənir. Əgər köhnə Ramana qəsəbəsinin sakinləri uzun illərdir burada yaşayanlardırsa, yeni Ramana son illər salınmış yaşayış məskənidir. Amma yeni Ramana qəsəbəsi 10 ildən artıqdır salınmasına baxmayaraq, burada yaşayan vətəndaşların sayı minlərlədir. Böyük bir ərazini əhatə edən bu qəsəbə bütün kommunal xidmətlərlə təchiz edilib. Amma... Biz reportajımızı konkret bir məkan barəsində etmişik. Belə ki, yolumuzu Sabunçu rayonu Ramana qəsəbəsinin Şuşa şəhərciyi kimi tanınan, amma burada nəinki məcburi köçkünlər, paytaxtın mərkəzi hissəsindən köçüb gələn, həmçinin digər rayonlardan paytaxta iş dalınca təşrif buyuran vətəndaşların yaşadığı böyük bir ərazidən saldıq. Sakinlər 214 saylı marşrutu çıraqla axtarırlar İlk öncə ondan başlayaq ki, qəsəbəyə yalnız bir marşrut işləyir. 8-ci kilometr bazarından Koroğlu metrosuna, oradan da yuxarıda qeyd etdiyimiz məkana istiqamətlənən 214 saylı marşrut avtobusuna minmək günün pik saatlarında mümkün olmur. Çünki qəsəbədə yaşayanların sayı çox, marşrut xətti isə birdir. Buna görə də, vətəndaşlar hər gün səhər işə gedəndə, axşam da işdən evinə dönəndə çox böyük problemlərlə üzləşmək zorunda qalırlar. Bəzən saatlarla metronun Neftçilər, Qara Qarayev, Koroğlu stansiyalarının qarşısında gözləyən insanlar 214 saylı marşrutun sorağında olurlar. İsti-soyuq bilmədən açıq havada marşruta minmək arzusunda olan sakinlər çox vaxt istəklərinə o dəqiqə nail ola bilmirlər. Çünki əhali sayı çox, marşrut sayı azdır. Avtobuslar arasındakı intervaldan isə danışmağa dəyməz. Bir neçə sakinlə bu barədə söhbət etdikdə bildirdilər ki, dəfələrlə əlaqədar qurumlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb. Qəsəbəyə yalnız bir marşrut xəttinin mümkün olduğunu bildiriblər. Qəsəbənin yolları minalanmış ərazini xatırladır Adıçəkilən qəsəbənin ən ciddi problemlərindən biri isə yoldur. Elə yuxarıda bəhs etdiyimiz 214 saylı marşrut da bu yolla hərəkət edir. Hərəkət edir deyəndə əslində yol o dərəcədə bərbad vəziyyətdədir ki, burada ancaq tısbağa sürəti ilə getmək lazımdır. Əks halda ya avtomobilin hansısa hissəsi sıradan çıxacaq, ya da elə yoldakı çalaların birində ilişib qalacaqsan. İstər "Akasiya" şadlıq sarayının yanından keçən hissədə, istərsə də digər ərazilərdə vəziyyət olduqca pisdir. Adıçəkilən şadlıq sarayının yanından keçən əsas yol əslində, hansısa ucqar bir kəndin daxili küçələrini xatırladır. XXI əsrdə şəhərin mərkəzində belə bir yola rast gəlmək çox dəhşətlidir. Mərkəzi yolun digər hissələri də dağılmış vəziyyətdədir. Sanki minalanmış ərazini sürücülərə xatırladır. Bu yolda isə istənilən an qəzanın baş verməsi qaçılmazdır. Çünki sürücülər nəqliyyat vasitələrinin ehtiyat hissələrinin sıradan çıxmamasına çalışdıqlarından, yolun ortasında yaranmış çalalardan avtomobillərini qaçırdaraq qarşı yola çıxırlar. Bu zaman isə, qarşıdan gələn avtomobillər üçün təhlükə yaratmış olurlar. Maraqlıdır ki, bu mənzərədə yerli qurumları - qəsəbə nümayəndəliyini, bələdiyyəni maraqlandırmır. Görünür, onlar ancaq ərazidə olan boş torpaqları satmaqla, varidat əldə etməklə məşğuldurlar. Allah xeyrinizi versin. Amma adama deyərlər satdığınız torpağın pulunun çox yox, cəmi 2 faizini yolun təmirinə sərf etsəniz, nə sakinlər narazı qalar, nə də bu qəsəbəyə qonaq gəlmiş vətəndaşlar. Qəsəbənin kanalizasiya sularının axdığı kanal Yuxarıda qeyd olunan çala-çuxurlu yolla qəsəbənin içərilərinə doğru irəlilədikcə maraqlı mənzərələrlə rastlaşdıq. Ən dəhşətlisi isə, qəsəbənin tən ortasından keçən kanalizasiya çayıdır. Bəlkə də hesab edəcəksiniz ki, mübaliğəyə varıram, yaxud da şişirdirəm. Amma həqiqətən də, bu qəsəbədən kanalizasiya kanalı axır. Lakin hara axdığını dəqiq bilmirik. Belə ki, qəsəbənin müxtəlif ərazilərində kanalizasiya xətləri var. Yerli qurumlar, ayrı-ayrı adamlar vətəndaşlara torpaq satarkən kanalizasiya xəttinin olduğunu əsas gətirərək qiymət məsələsində bir az yuxarıdan gəlirlər. Amma sakinlər bilmir ki, kanalizasiya suları hara axır. Onu da bilmirlər ki, səhəri gün qəsəbə ərazisində hansı xəstəliklər baş qaldıra bilər. Çünki bir qəsəbənin kanalizasiya suları yuxarıda bəhs etdiyimiz kanala axır. Əslində, böyük bir təhlükə ilə sakinlər üz üzədir. Yerli sakinlər bildirir ki, dəfələrlə bu kanala avtomobil düşüb. Çünki hansısa xəbərdaredici nişan olmadığından, kanalın ətrafı bağlanmadığından dəfələrlə təhlükə yaranıb. Amma bu mənzərə də yerli qurumları narahat etmir. Daş bazarının ağır texnikaları sakinlərə ciddi problemlər yaşadır Qəsəbə ərazisi ilə tanış olarkən diqqətimizi cəlb edən məsələlərdən biri isə yol kənarlarında qum, daş bazarları oldu. Təbii ki, belə bir bazarın qəsəbə ərazisində olması orada ev tikmək arzusunda olan insanların işinə yarayır. Ən yaxın məsafədən özlərinə lazım olanları alırlar. Amma di gəl ki, Bakıda 2 kilo almanı qarşına qoyub satmaq istəyərkən bələdiyyə nümayəndəsindən tutmuş polisinə kimi hər kəs gəlir. Bəzən tərəflər arasında razılıq olmadıqda, həmin vətəndaş oradan uzaqlaşdırılır. Amma bu bazara diqqət etdikdə, məlum olur ki, istər bələdiyyə, istər icra nümayəndəliyi, istərsə də yerli polislə yaxşıca razılıq var ortada. Allah xeyrinizi versin hamınızın. Amma cənablar, nəzərə almalısınız ki, bu bazarda fəaliyyət göstərən iri texnikalar, o cümlədən yük maşınları vətəndaşların yolunu bərbad günə salıb. Ona görə də, istər sizlər əldə etdiyiniz gəlirdən, istərsə də bazar sahibi olan şəxslər qəsəbənin əsas yolunun təmirinə diqqət etməlisiniz. Çünki günün birində vətəndaşların kütləvi şəkildə üzərinizə gəldiyini görməmək üçün. Bu arada qeyd edək ki, ölkə başçısının 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı da adıçəkilən qəsəbədən yan keçib. Çünki Dövlət Proqramında əhalinin su və kanalizasiya təminatının, elektrik enerjisi, qaz və istilik təchizatının daha da yaxşılaşdırılması; 2. yol və nəqliyyat infrastrukturunun daha da yaxşılaşdırılması; 3. ekoloji vəziyyətin daha da yaxşılaşdırılması; 4. sosial-mədəni infrastruktur obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət, idman və gənclər, turizm və s.) beynəlxalq standartlara uyğun tikinti (inşası, yenidən qurulması) işlərinin davam etdirilməsi; 5. əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması qeyd olunub. Lakin təəssüflər olsun ki, adıçəkilən qəsəbə nədənsə Dövlət Proqramından kənarda qalır. Deyə bilərsiniz ki, hələ bir il qarşıda var. Lakin inandırım sizi ki, 2016-cı il də qurtaracaq, amma qəsəbənin problemləri elə olduğu kimi qalacaq. Onu da nəzərinizə çatdıraq ki, mövzuya yenidən qayıdacağıq.