backend

Zabrat qəbiristanlığı su altında qaldı - VİDEO

Zabrat qəbiristanlığı su altında qaldı - VİDEO






















“Bu, ölənlərin ruhuna təhqirdən başqa bir şey deyil”

Paytaxtdakı qəbiristanlıqlardan biri çirkab sularına qərq olub.

qaynarxett.az xəbər verir ki, ANS TV-nin məlumatına görə, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən qəbiristanlıq çirkab sularına təslim olub.

Sözügedən məzarlıqda dəfn olunanların yaxınları deyir ki, ölünü unudub burdakı vəziyyətə ağı deyirik. Görünən dağa nə bələdçi. Vəziyyət isə göz qabağındadı. Başdaşılarının bəziləri su altında qalıb, bəzilərini isə ümumiyyətlə, ziyarət etmək mümkünsüzləşib. Məzarlıqda dəfn olunanların qohumları deyir ki, hələ bu harasıdır. Bəzən elə olur ki, ümumiyyətlə, məzarlığın qapısından içəri girmək mümkün olmur. Bu suların hardan və necə gəldiyini xəbər aldıqda isə məlum oldu ki, burada kanalizasiya şəbəkəsi mövcud deyil.

Müsahiblərin sözlərinə görə, onlar özləri kustar üsulla burada üstüaçıq kanalizasiya şəbəkəsi düzəldiblər. Amma bu xətt yaxınlıqdakı fermanın ərazisindən keçdiyindən, bu təsərrüfatın rəhbərliyi həmin xətti bağlayıb. Və bunun nəticəsində məzarlıq sulara qərq olub. Bütün bunlar müsahiblərin sözləridir.

Şikayətçi Səmayə Məmmədova:

“Valideynlərimin qəbrini ziyarət etmək üçün bura gəlsəm də içəri keçə bilmədim. Hesab edirəm ki, bu, ölənlərin ruhuna təhqirdən başqa bir şey deyil”.

Şikayətçi Rəsul Cəfərov:

“Həmin ərazini bir nəfər şəxs alıb. Ancaq yolun kənarında ümumi kanalizasiya xətti var. Ümumi kanalizasiya xətti qoşulsa, o zaman belə bir vəziyyət yaranmaz”.

Az sonra əraziyə ferma sahibi Əli İbrahimov da gəlib çıxdı. Və bizə qapını açaraq ərazini göstərdi ki, o heç də kanalizasiya xəttinin qarşısını kəsməyib. Əksinə, burada özü təmizlik işləri aparıb. Amma qarşıda yeni tikilən ev sahibləri bu kanalizasiya xəttinin çıxıntısını ləğv edib.

Problemin qarşısını almaq mümkündürmü? sualına cavabı Sabunçu rayon, Zabrat qəsəbə nümayəndəliyindən öyrənmək istədik. Amma dünən qeyri-iş günü olduğundan suallarımıza cavab verən tapılmadı. “Azərsu” ASC-dən isə mövcud problemlə bağlı bildirildi ki, sözügedən ərazidə mərkəzləşmiş kanalizasiya xətti olmayıb.

Amma buna baxmayaraq qurum əməkdaşları bu gündən etibarən əraziyə baxış keçirəcək.