backend

Əlaqədar qurumlar qəsəbəyə niyə diqqət ayırmır?

Əlaqədar qurumlar qəsəbəyə niyə diqqət ayırmır?
Bakıətrafı qəsəbələrdə vəziyyət acınacaqlı haldadır.
Qəsəbələrin sakinləri problemlərin əlindən cana yığıldıqlarını bildirirlər. Xüsusilə də Sabunçu rayonu, Ramana qəsəbəsinin məcburi köçkünlər üçün salınmış Şuşa şəhərciyi kimi tanınan hissəsində yaşayan məcburi köçkünlər və yerli sakinlər qəsəbənin sosial durumundan narazı olduqlarını tez-tez dilə gətirirlər. Son günlər yağan yağışlar isə buranın yollarını keçilməz duruma salıb. Sakinlər bildirirlər ki, bu qəsəbəni yada salan yoxdur: "Hələ bu vaxta qədər hansısa əlaqədar qurum bu qəsəbənin problemləriylə maraqlanmayıb. Qəsəbənin dizə qədər olan problemləri heç kəsi maraqlandırmır. Vətəndaşlar çıxılmaz durumda qalıblar. Yollar bərbad vəziyyətdədir. Yağış yağan kimi piyadaların işi çətinləşir. Dərdimizi bilmirik kimə danışaq. Vallah bu cür şəraitdə heç kəs yaşamaz. Amma biz yaşamağa məcburuq. Qəsəbədə tez-tez işıqlar kəsilir, qaz həddindən artıq zəif verilir. Suyu da istəyəndə verirlər, istəməyəndə yox. Yəni bizim yaşayışımız bundan ibarətdir. Xahiş edirik səsimizi lazımi qurumlara çatdırın. Qəsəbənin problemlərini həll etsinlər". Aparılan müşahidələr göstərdi ki, qəsəbə sakinlərinin dediklərində həqiqət var. Doğrudan da Ramana qəsəbəsi infrastruktur problemləri içərisində boğulur. Baxmayaraq ki, bəzi qəsəbələrdə abadlıq və quruculuq işləri aparılır, lakin Ramana qəsəbəsi bu işlərdən geridə qalıb. Qəsəbə sakinlərinin problemlərindən biri də ictimai nəqliyyat xidmətinin fəaliyyətidir. Sakinlər bildirirlər ki, qəsəbəyə yalnız bir marşrut gəlir. Lakin bu marşrut da vaxtlı-vaxtında işləmir. Vətəndaşlar harasa gedəndə avtobus tapa bilmirlər. Bu da qəsəbə sakinlərini narahat edən məsələlər sırasındadır. Bundan başqa yollardakı dərin çalalar da sakinlərə problemlər yaradır. Avtobuslar, avtomobillər həmin çalalara düşürlər. Bu da sərnişinləri, eləcə də sürücüləri narahat edir. Bundan başqa sakinlərin asudə vaxtlarında istirahəti, eləcə də uşaqların oynaması üçün qəsəbədə heç bir şərait yaradılmayıb: "Hər yerdə parklar, istirahət güşələri, yaşıllıqlar salınır, ağac və kollar əkilir, amma bizim qəsəbəmiz abadlıq işlərindən kənarda qalıb. Bələdiyyə və qəsəbə icra nümayəndəliyinin fəaliyyəti demək olar ki, hiss olunmur". Sakinlərin dediyinə görə, hətta bələdiyyənin özünün binasında, antisanitariya yuvasına çevrilmiş həyətində təmizlik işləri aparılmır. Mənbə bildirir ki, başda bələdiyyə sədri olmaqla bələdiyyənin işçiləri günlərlə yerlərində tapılmırlar. Qəsəbə sakinləri də onları tapa bilmədiklərindən problemlərini kiməsə deyə bilmirlər. Ona görə də qəsəbə sakinləri problemlər məngənəsində çabalayır. Mənbə bildirir ki, bələdiyyə sədri qətiyyən qəsəbənin problemləriylə maraqlanmır. Etibarlı mənbələrin verdiyi məlumata görə, bələdiyyənin büdcəsindəki vəsait Ramana qəsəbəsinin bütün yollarını düzəltmək üçün yetərli qədərdir. Ramana bələdiyyəsinin rəhbərliyi əhali ilə səmərəli əlaqə qura bilmir. Sakinlərin qanunvericiliyə uyğun olaraq seçdikləri bələdiyyənin fəaliyyətini daim nəzarətdə saxlamağa, ondan gördüyü işlər barədə hesabat tələb etməyə, məlumat almağa, yerli özünüidarəetmə orqanlarının işini canlandırmaq üçün əsaslı təkliflər verməyə, nöqsanları doğuran səbəbləri aradan qaldırmaq üçün birgə tədbirlər görməyə haqqı çatır. Lakin bələdiyyə rəhbərliyi buna şərait yaratmır. Bu arada qeyd edək ki, ölkə başçısının 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı da adıçəkilən qəsəbədən yan keçib. Çünki Dövlət Proqramında əhalinin su və kanalizasiya təminatının, elektrik enerjisi, qaz və istilik təchizatının daha da yaxşılaşdırılması; 2. yol və nəqliyyat infrastrukturunun daha da yaxşılaşdırılması; 3. ekoloji vəziyyətin daha da yaxşılaşdırılması; 4. sosial-mədəni infrastruktur obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət, idman və gənclər, turizm və s.) beynəlxalq standartlara uyğun tikinti (inşası, yenidən qurulması) işlərinin davam etdirilməsi; 5. əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması qeyd olunub. Lakin təəssüflər olsun ki, adıçəkilən qəsəbə nədənsə Dövlət Proqramından kənarda qalır. Deyə bilərsiniz ki, hələ bir il qarşıda var. Lakin inandırım sizi ki, 2016-cı il də qurtaracaq, amma qəsəbənin problemləri elə olduğu kimi qalacaq.