backend

Dünyaca məşhur şirkətin Bakıdakı restoranlarında yer alan neqativ duruma ilk sərt reaksiya

Dünyaca məşhur şirkətin Bakıdakı restoranlarında yer alan neqativ duruma ilk sərt reaksiya
McDonaldsın mərkəzi ofisindən gələ bilər Dünyaca məşhur McDonaldsın 120-yə yaxın ölkədə 34000-ə yaxın restoranı fəaliyyət göstərir.
Artıq 15 ildən çoxdur ki, McDonaldın Azərbaycanda restoranlar şəbəkəsi fəaliyyət göstərməyə başlayıb. Bakının Fəvvarələr meydanında açılmış ilk restoranın ardınca paytaxımızda neçə-neçə yeni fast-fud restoran müştərilərin xidmətində dayanmağa başlayıb. Bu gün Azərbaycandakı və Bakıdakı McDonald's restoranlarında 700-dən çox əməkdaş çalışır. Əlbəttə, bu qədər insanın işlə təmin edilməsi və vaxtlı-vaxtında həyata keçirilən vergi ödəmələri ümumilikdə yaxşı haldır.Lakin son zamanlar Bakıdakı McDonalds restoranlarının müştərilərə xidmətində problemlər üzə çıxmaqda davam edir. Qeyd edək ki, Mcdonals restoranlarının əsas iş prinsipi məhdud menyu, keyfiyyətli qida, konveyer tipli istehsal sistemi, cəld və mehriban xidmət kimi göstəricilərdən ibarətdir.Bundan da artıq ən vacib amil isə müştərilərə xidmət göstərən personalın özünün şəxsi təmizlik, yüksək gigiyena standartlarına cavab verməsidir.Beləliklə, əsas sloqanı yüksək keyfiyyət, xidmət mədəniyyəti, təmizlik və əlverişlilik olan McDonaldsın Bakıdakı restoranlarında bu prinsiplər ara-sıra arxa plana keçirilir. McDonaldsın Azərbaycandakı nümayəndələri iddia edirlər ki, fast-fud şəbəkələrində ölkədaxili hazırlanan və xaricdən gələn malların yoxlamalardan keçirilməsi prosesi şəffaf və standartlara tam uyğun şəkildə aparılır. Lakin əməkdaşımızın bu günlər apardığı müşahidələrdə fərqli mənzərələr üzə çıxdı. Belə ki, restoranlarda və anbarlarda gigiyenik yoxlanışın sırf formal xarakter daşıdığı əməkdaşımızın nəzərindən qaçmayıb. Yadınızdadırsa, bir müddət öncə Bakıdakı McDonalds restoranlarından birində yeməyin içindən həşərat çıxması barədə məlumatlar yayılmışdı. Bunun qarşılığında sanitar-gigiyenik standartlara daha düzgün riayət etmək əvəzinə, McDonalds - Azərbaycan şirkətinin rəhbərləri ciddi-cəhdlə belə məlumatları inkar etməyə çalışırdılar. Təəssüf ki, belə faktlar tez-tez baş verir. Bu isə dünyanı başına almış Mc Donalds-n imicini aşağılayır.Müştərilərə həmişə ən keyfiyyətli məhsullarını təqdim etdyini iddia edən "McDonalds" nümayəndələri xidmət personalının seçilməsində buraxılan səhvlərin təhlil edilərək təkrarlanmaması üçün ciddi tədbirlər görməlidir. Lakin McDonalds restoranlarının fəaliyyətindəki bərbad durum bunlarla məhdudlaşmır. Bu baxımdan McDonaldsın Nərimanov rayonundakı filialında mühafizəçinin uşaqlı qadına qarşı sərgilədiyi kobud hərəkəti də yada salmaq olar. Həmin hadisə ilə bağlı yayılan videogörüntülərə reaksiya verən restoranın rəhbərliyi "Bu barədə məlumatsızıq. Hesab edirik ki, istər müştəri, istərsə də bir başqasına qarşı kobud davranış olmamalıdır. Kimsə bu cür davranışa yol veribsə, təbii ki, tədbir görəcəyik" söyləməklə ictimaiyyəti sakitləşdirməyə çalışmışdı. Hətta iddia edilmişdi ki, müştərilər paytaxtdakı McDonalds restoranlarında istirahət edirlər və heç kəsin onların istirahətinə mane olmasına haqqı yoxdur. Məsələnin araşdırılacağına təminat verilsə də sonradan məsələ yaddan "çıxarıldı". Restoranın kadr üzrə şöbə müdiri Anar Bayramov isə restoranlardakı mühafizəçilərin kənar şirkət tərəfindən təyin olunduğunu əsas gətirərək məsuliyyətdən qaçmağa çalışmışdı.McDonalds-Azərbaycan şirkətinin icraçı direktoru Maqsud Mirzəyev isə nədənsə belə problemli situasiyalara gözlənilən reaksiyanı vermir. Digər tərəfdən, əldə etdiyimiz məlumata görə Maqsud Mirzəyev artıq bir müddətdir ki, restorana tam nəzarət edə bilmir.Baxmayaraq ki, gündəlik gəlirlərin hesabatları ona təqdim edilir. Onu da deyək ki, axır vaxtlar McDonalds restoranları müştəri sarıdan korluq çəkməyə başlayıb. Belə vəziyyətin səbəbləri sırasında əsas amil kimi məhz müştəri xidmətlərinin keyfiyyətsiz və sanitar-gigiyenik normaların yetərsiz olması göstərilir. Odur ki, Maqsud Mirzəyev çalışmalıdır ki, dünyaca məşhur McDonaldsın işgüzar imicini aşağılaya biləcək çatışmazlıqları aradan qaldırsın. Əks halda keyfiyyətsiz xidmətə ilk və sərt reaksiya elə McDonaldsın mərkəzi ofisindən gələ bilər