backend

İxtisar edilən 30 min iş yerinin 15 mini yenidən bərpa edilməlidir: qeyri-rəsmi göstəriş

İxtisar edilən 30 min iş yerinin 15 mini yenidən bərpa edilməlidir: qeyri-rəsmi göstəriş
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında gündəmə gətirdiyi və son günlər geniş müzakirə obyekti olan bu ilin ilk 9 ayında Azərbaycanda 30 min iş yerinin bağlanması məsələsi ilə bağlı yeniliklər var.
Hökumətdəki mənbənin verdiyi və bir neçə özəl qurumdan təsdiqlənən məlumata görə, ölkədəki işəgötürənlərə ixtisar edilən iş yerlərinin bərpası ilə bağlı qeyri-rəsmi göstəriş verilib. Belə ki, hər bir müəssisə, şirkət il ərzində ixtisar etdiyi iş yerlərinin minimum 40 faizini bərpa etməlidir: “Bununla da əhali arasında yaranmış təşviş, ajiotaj, sosial problemlər aradan qaldırılmalıdır. Qeyri-rəsmi göstəriş müxtəlif dövlət qurumları tərəfindən çatdırılır müəssisələrə. İş yerlərinin bağlanması səbəbi heç bir rol oynamır. Əgər müəssisə müflis olacaq səviyyədə deyilsə mütləq göstərişə əməl etməlidir. Görünür, aşağı qurumlar dövlət başçısının göstərişini bu cür yerinə yetirirlər – başqa bir göstərişi-sahibkarları incitməmək əmrini pozaraq”.

Qeyd edək ki, NK-nın 2015-ci ilin 9 ayının yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev ölkədə bu müddət ərzində 67 min iş yerinin açıldığını, onun 30 mininin bağlandığını qeyd edib. Ölkə başçısı bildirib ki, həmin iş yerlərinin nə səbəbdən bağlandığı araşdırılmalıdır.
Bundan sonra bir sıra dövlət qurumları məsələnin araşdırıldığı ilə bağlı açıqlamalar veriblər.

Sahibkarlara bu dəfə başqa problem-iş yeri yaratmalısız!

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin sözlərinə görə, bağlanmış iş yerləri bütün məşğul əhali ilə bağlıdır və işini itirmiş şəxslərin təxminən yarısını əmək müqaviləsi ilə işləyənlər təşkil edir:“Ötən dövr ərzində 272 minə yaxın əmək müqaviləsinin bağlanması, 278 min əmək müqaviləsinə isə xitam verilməsi qeydə alınıb. Biz bu məlumatları təhlil etdik və məlum oldu ki, xitam verilmiş müqavilələrin heç də hamısı iş yerlərinin bağlanması demək deyil. Əsasən bəzi müəssisələrin ləğv edilməsi və iş yerlərinin ştatların ixtisar edilməsi ilə əlaqədar əmək müqavilələrinə xitam verilməsi halları var. Bu da nazirliyin məlumat bazasındakı xitamvermələrin təxminən 5,5%-ni təşkil edir.
Yəni, 6500 nəfər müəssisənin ləğvi nəticəsində iş yerini itirib, 8600 nəfər isə ştatların ləğvi ilə əlaqədar işsiz qalıb. Bu da ümumilikdə təxminən 15 min nəfər deməkdir. Qalan 15 min nəfər isə sərbəxt məşğul əhalidir. Bununla yanaşı, qeyd edim ki, iş yerlərinin sayı ilə bağlı müsbət saldo mövcuddur. Çünki 9 ay ərzində 67 min yeri iş yeri yaradılıb, 30 min bağlanmış iş yerini çıxsaq, işə qəbul olunma hallarında 37 min artım var”.
İdris İsayev onu da deyib ki, bağlanmış iş yerləri əsasən tikinti, ticarət, nəqliyyat və ictimai iaşə sahəsindədir. Buna səbəb isə sahibkarlıq subyektlərinin biznes fəaliyyətini düzgün təşkil etməməsidir:
“Biznesə başlamazdan əvvəl biznes-plana, maliyyə imkanlarına, strategiyaya malik olmaq lazımdır. Amma heç də bütün sahibkarlıq subyektlərində bunlar yoxdur. Onların bəzilərinin fəaliyyəti qısa müddəti əhatə edir. Bizim dövlət qeydiyyat sistemində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 470 min fiziki şəxs var. Amma onların 28,9%-i aktiv şəkildə fəaliyyətdədir. Bu təxminən 130 min sahibkar deməkdir. Bunların da 31%-nin işçisi var. Eyni vəziyyət hüquqi şəxslərlə də mövcuddur. 90 minə yaxın hüquqi şəxs qeydiyyatdadır. Amma onların 40 mini aktiv fəaliyyət göstərir. İşçiləri olanlar isə 27 mindir. Orta hesabla hər qeydiyyata alınmış 100 sahibkarlıq subyektindən 1-nin fəaliyyəti 3 ildən çox çəkir. Fəaliyyətinin məhdudlaşdırmış, işçiləri ixtisar edən müəssisələrin adətən başqa şirkətlərə, eləcə də banklara böyük borcları olur və onlar vəziyyətdən çıxış yolu kimi əmək haqqı xərclərini azaldırlar. Həmçinin yeni texnologiyaların gəlməsi də iş yerlərinin sayının azalmasında rol oynayır”.

Sahibkarlara bu dəfə başqa problem-iş yeri yaratmalısız!

İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova isə bildirib ki, prezident tapşırıq verib və məsələ ciddi araşdırılır: “Bununla bağlı tapşırıq verilib, araşdırma gedir. Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi birlikdə araşdırma aparır”.
Statistika Komitəsi bu dövrdə hansı sahədə iş yerlərinin bağlandığı açıqlayıb. Məlum olub ki, 2015-ci ilin doqquz ayında ölkədə ixtisar edilən iş yerləri əsasən ticarət, nəqliyyat vasitələrinin təmiri, tikinti, nəqliyyat və anbar təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrdə qeydə alınıb.

Məlumatda qeyd edilib ki, bağlanan iş yerləri üzrə ən yuxarı göstərici Bakı şəhəri, Aran və Gəncə-Qazax iqtisadi rayonlarında olub:
“Onu da bildiririk ki, 9 ayda ləğv edilən müəssisələrin və Statistik Vahidlərin Dövlət Registrindən çıxarılan fiziki şəxslərin sayı ticarət, nəqliyyat vasitələrinin təmiri, nəqliyyat və anbar təsərrüfatı, digər sahələrdə xidmətlərin göstərilməsi, turistlərin yerləşdirilməsi və ictimai iaşə, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq və ev təsərrüfatlarının fəaliyyəti sahələrində daha çox olub.
Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Dövlət Statistika Komitəsi yoxlama aparmaq səlahiyyətində deyil, eləcə də iş yerlərinin ixtisar olunmasının və subyektlərin bağlanması səbəblərinin statistik müşahidəsi aparılmır”.

Göründüyü kimi, dövlət qurumları öz arqumentlərini (?!) ictimailəşdirməklə bir növ özlərinə haqq qazandırmağa çalışırlar. Lakin arxa planda başqa tədbirlərə - inzibatçılığa əl atırlar. Prezidentin dönə-dönə incidilməməsini tapşırdığı sahibkarlar bu dəfə imkanı xaricində olan iş yerləri yaratmaq tələbi ilə üz-üzə qalıb. Necə deyərlər, yoxlamalardan canları qurtardı, indi də iş yeri yaratmaq tələbi ilə üzləşdilər...

İxtisar edilən 30 min iş yerinin 15 mini yenidən bərpa edilməlidir: qeyri-rəsmi göstəriş
İxtisar edilən 30 min iş yerinin 15 mini yenidən bərpa edilməlidir: qeyri-rəsmi göstəriş