backend

Bankın keçmiş əməkdaşı yarım milyon manatdan çox iddia ərizəsi ilə məhkəməyə müraciət etdi

Bankın keçmiş əməkdaşı yarım milyon manatdan çox iddia ərizəsi ilə məhkəməyə müraciət etdi
“Unibank” KB ASC-nin sabiq əməkdaşı Sahib Ağayev pozulmuş hüquqlarının bərpa olunması ilə bağlı məhkəmədə iddia qalıdırıb.
Bankın rəhbərliyini məhkəməyə verən Sahib Ağayev yarım milyon manatdan çox iddia qalıdıb. Artıq Sahib Ağayev Vətəndaşın işgüzar nüfuzunun, şərəf və ləyaqətinin müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi haqqında iddia ərizəsini Nəsimi Rayon Məhkəməsinə təqdim edib.

Sahib Ağayev bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2014-cü il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun sözlərinə görə, Bakı Apelyasiya Məhkəməsinin 15 yanvar 2015-ci il tarixli hökmü ilə bəraət alıb, amma həmin bəraət hökmü Ali Məhkəmə tərəfindən ləğv edilərək iş yenidən apelyasiya instansiyasına qaytarılıb. Sahib Ağayev qeyd edib ki, Bakı Apelyasiya Məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli qərarı ilə 1500 manat məbləğində cərimələnib: 3 noyabr 2015-ci il tarixdə “Unibank” KB ASC-yə qarşı 540000 manat məbləğində vətəndaşın işgüzar nüfuzunun, şərəf və ləyaqətinin müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı Nəsimi rayon məhkəməsinə iddia ərizəsilə müraciət etmişəm”.

“İnsanlarda mənə qarşı nifrət hissi oyanıb”

Sahib Ağayevin sözlərinə görə, 2012-ci ilin yanvar-fevral aylarında “Unibank” KB ASC-də aparıcı kredit mütəxəssisi vəzifəsində çalışdığı zaman fiziki şəxslərə borc öhdəliyi yaranıb: “Məhkəmə hökmü ilə təqsirli hesab olunmadığım halda, 2012-ci ilin əvvəllərində bank rəhbərliyi borc pul aldığım dost, tanış və qohumlarımı banka çağıraraq, mənim dələduz olmağım, başqa insanları da aldatmağım barədə yalan və alçaldıcı məlumatlar verib. Bunun nəticəsində də insanlarda mənə qarşı nifrət hissi oyanıb və təzyiqlərə məruz qalmışam. Eyni zamanda da, adlarına təlimatlara uyğun formada kredit rəsmiləşdirdiyim və borc qismində pul aldığım şəxslərin kredit müqaviləsi üzrə qarşıda bir neçə aylar krediti ödəmək vaxtlarının qalmasına baxmayaraq, bank rəhbərliyi qanunsuz olaraq bütün filiallara kreditlərin müqavilə üzrə ödənilməsini qəbul etməməyi və qəti olaraq bankın problemli kreditlər şöbəsində tam ödəniş edilməsini tapşırıb. Həmin şəxslərdə bütün məbləği tam ödəmək imkanı olmadığına görə, mənə qarşı təzyiq və nifrətin daha da gərginləşməsinə səbəb olub. Belə olan halda həyatıma təhlükə yaranıb. Adlarına kredit rəsmiləşdirilmiş şəxslər öz borclarını banka aybaay ödəmək istəməklərinə baxmayaraq, bank tərəfindən qanunsuz olaraq sonunculara məhdudiyyət qoyub. Həmin şəxslərdə mənə qarşı böyük nifrət hissi yaranıb. Bank rəhbərliyi tərəfindən onların mənə qarşı hər hansı xəsarət yeritə biləcəkləri həddinə çatdırıblar. Lakin bankın bu taktikasından, yəni şəxsləri mənim əleyhimə qaldırmaları, onların mənə xəsarət yetirməkləri barədə planlarından agah olaraq, şəxslərlə bir müddət görüşlərdən yayınıblar. Bankın rəhbərliyi onlarla ancaq mobil telefon vasitəsilə əlaqə saxlayaraq, öz həyati təhlükəsini aradan qaldırmağa nail olublar”.

“Bankın rəhbəri məni həbsxanada öldürəcəyi ilə təhdid etdi”

Sahib Ağayev bildirib ki, Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsi olan “Təqsirsizlik prezumpsiyası”nın 1-ci bəndinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır:

“Barəmdə qanuni məhkəmə hökmü çıxmadan, bank rəhbərliyi dost, tanış, qohumlarıma şərəf və ləyaqətimi alçaldan həqiqətə uyğun olmayan məlumatlar verib, müxtəlif təzyiq üsulları ilə məni məhv etməyə nail olmaq istəyib. Bunun nəticəsində arzuolunmaz vəziyyətə düşmüşəm, şəxslər tərəfindən “dələduz” düşüncəsi ilə təzyiqlərə məruz qalmışam, ailə həyatımda arvadımdan ayrılmışam, peşəkar fəaliyyətimi davam etdirə bilməmişəm. Bunların da nəticəsində mənə mənəvi iztirablar formasında mənəvi zərər dəyib. Eyni zamanda hadisə baş verən zaman “Unibank” KB ASC-nin İdarə heyətinin sədri Faiq Hüseynov öz şəxsi otağında bank əməkdaşı Davud Rzayev, çalışdığı filialın meneceri Rəşad Abdullayevin şahidliyi ilə mənim danışmağıma imkan vermədən, 3 gün müddətində pulu banka ödəmədiyim təqdirdə, həmin məbləğin üzərinə eyni məbləği əlavə edərək sifarişlə məni həbs etdirəcəyi və həbsxanada isə öldürtdürəcəyi ilə təhdid etdi”.

“Dəfələrlə intihar etmək istəmişəm”

Sahib Ağayev əlavə edib ki, ona qarşı edilən bu qanunsuz hərəkətlərin, təzyiq və təhdidlərin nəticəsində depressiyaya düşüb: “Dəfələrlə intihar etmək istəmişəm. Stress halında əmək fəaliyyətimi davam etdirə bilməmişəm. Həmçinin cavabdehin hərəkətləri nəticəsində mənə fiziki iztirablar formasında da mənəvi zərər vurulub. Ona görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23 və 1097-ci maddələrinə əsasən cavabdehin mənim şərəf və layaqətimi alçaldan həqiqətə uyğun olmayan məlumatların yayılmasından ibarət olan hüquqa zidd hərəkətləri nəticəsində mənə dəymiş mənəvi zərərin əvəzini verməlidir. Həmçinin, “Unibank” KB ASC-nin 2 aprel 2012-ci il tarixli 91-K/NRM №-li əmrilə “Nərimanov” filialının reteyl müştərilərinə xidmət üzrə aparıcı mütəxəssis vəzifəsində çalışdığım zaman əmək müqaviləm üzrə öhdəliklərini yerinə yetirmədiyinə, yəni təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurduğuna görə mənimlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib. Apelyasiya Məhkəməsinin 15 yanvar 2015-ci il tarixli və 22 sentyabr 2015-ci il tarixli hökmələrindən də göründüyü kimi, mənə “Unibank” KB ASC-yə heç bir

ziyan vurmamışam. Yəni ki, “Unibank” KB ASC-nin rəhbərliyi tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan qanunsuz olaraq müvafiq maddə ilə işdən azad olunduğuma görə, 43 ay məcburi işsiz qalmışam. Bu aylar üzrə hesablanan 450 AZN əmək haqqı, hesablanmış bonuslar, məzuniyyət günləri üzrə ödənişlər hesablanaraq mənə ödənilməlidir. Hesabladığım təxmini məbləğ üzrə “Unibank” KB ASC tərəfindən qanunsuz işdən azad olunmağı nəticəsində 40000manat məbləğində maddi ziyan vurulub. Cavabdeh tərəfindən mənə dəymiş mənəvi zərəri 500000 manat dəyərində qiymətləndirmişəm. Çünki cavabdehin qanunsuz hərəkətləri nəticəsində həm ailəmi itirdim, həm şərəf və ləyaqəti alçaldılıb, həm işgüzar nüfuzu ləkələnib, həm də 4 ilə yaxın müddət ərzində fiziki və mənəvi iztirablar çəkirəm”.