backend

"Unibank" öz işçisini şərləyib tutdurdu

"Unibank" öz işçisini şərləyib tutdurdu















"Bütün günü radio və televiziyada ”Unibank" Kommersiya Bankı ASC-in hər kəsə sərfəli olması barədə reklamı verilir. Bank çoxsaylı verilşlərin sponsoru kimi də təqdim olunur

Bu banka doğrudanmı etibar etmək olar? Axı adıçəkilən bank məhkəmə hakimləri ilə, həmçinin iqtisadçılarla əlbir olub öz işçisinin, mənim oğlumun da evini yıxıb". Bunu mediaya ünvanladığı müraciətində şikayətçi Bəsti Ağayeva bildirib.
Onun sözlərindən belə aydın olur ki, oğlu Sahib Ağayev "Unibank” KB ASC-nin Nərimanov filialında çalışıb, bu sahədə bacarıqlı mütəxəssis olub: "Hər kəsin pula ehtiyacı olur. Bir neçə yaxın qohum və tanışlarımız danışıb qərara gəldilər ki, bankdan kredit götürüb oğlum Sahibə versinlər. Həmin kreditlərin ödənilməsini isə Sahib şifahi razılığa əsasən öz öhdəsinə götürüb. Bu minvalla bankdan götürülən 54 min manat pulun 42 min manatını Sahib cədvəl üzrə banka ödəyib. Amma görünür, bank rəhbərliyini Sahibin işlədiyi bankdan qohum-tanışlarının bu qədər pul götürüb ona verməsi razı salmayıb. Baxmayaraq ki, oğlum götürülən kreditlərin çox hissəsini vaxtlı-vaxtında ödəyib. ”Unibank" KB ASC-nin müşahidə şurasının sədri Eldar Qəribov qərara gəlib ki, Sahib kimi mütəxəsis bankda artıq adamdır. Ona görə də təcili olaraq belə məsələlərdə əlbir işlədiyi hüquq-mühafizə orqanlarına Sahibin həbsi üçün müraciət edib".
Bəsti Ağayeva deyib ki, oğlu Sahib Ağayevin barəsində cinayət işi başlanıb və barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb: "Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri günahsız bir gənci mülki məsələ ilə bağlı olan borc öhdəliyinə görə həbs etdilər. Oğluma 8 il cəza verdilər. Halbuki kredit götürən qohumlar və tanışlar ibtidai istintaqda və məhkəmədə bildirdilər ki, pulları özləri alıb, borc şəklində Sahibə veriblər. O da öz növbəsində ona borc kimi verilən pulların çox hissəsini banka ödəyib. Sonradan ödənişdə problem yaranacağını görən oğlum heç bir təzyiq və xəbərdarlıq almadan evini və avtomobilini sataraq krediti ödəyib”.
Sahib Ağayevin vəkili, tanınmış hüquqşünas Adəm Məmmədov məsələ ilə bağlı qəzetimizə bildirib ki, müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi yoxdur: "Bankdan başqa, bütün zərərçəkmiş şəxslər ifadələrində bildiriblər ki, bankdan pulları özləri götürüb və könüllü olaraq borc şəklində Sahib Ağayevə veriblər. Hələ cinayət işi başlanmamış Sahib evini və avtomobilini sataraq bankın pullarını ödəyib. Təkcə bu fakt göstərir ki, hər iki məhkəmə instansiyası müdafiə etdiyim şəxsə qarşı qərəzli olub”.
Vəkilin sözlərinə görə, hər iki məhkəmə instansiyasının buraxdığı kobud qanun pozuntusunu nəhayət ki, Ali Məhkəmə düzəldir. Belə ki, işlə yaxından tanış olan hakim Ilham Cəfərov Bakı Apelyasiya Məhkəməsinin qərarını bəraətverici əsaslarla ləğv edib və cinayət işinin təkrar baxılması üçün həmin məhkəmə instansiyasına göndərib: "Axı necə olur ki, hər iki instansiya məhkəməsi cinayət işi materiallarında zərərçəkmiş şəxslərin heç bir şikayət ərizəsi olmadığını görməyib və yalnız ”Unibank" KB ASC-nin şikayətini əsas götürüb? Qərəz açıq-aydın ortadadır. Hazırda iş Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun icraatındadır. Bank tərəfindən göstərilən təzyiqə görə əvvəlki qərarı qüvvədə saxlamaq istəyirlər. Görəsən, Bakı Apelyasiya Məhkəməsinin günahsız bir gənci həbsdə saxlamaq üçün özündən yuxarı instansiya məhkəməsi olan Ali Məhkəmənin əleyhinə getməkdə məqsədi nədir? Azərbaycan dövləti məhz belə hakimlərin günahına görə Avropa Məhkəməsinin qərarı əsasında külli miqdarda cərimələr ödəyir. Ancaq inanıram ki, hüquqlarını müdafiə etdiyim şəxsin cinayət işi Avropa Məhkəməsinə çıxmayacaq. Çünki ədalətin bərpa olunmasında qanunun aliliyini rəhbər tutan hakimlərimiz də var".
Adəm Məmmədov bildirib ki, "Unibank” rəhbərliyinin heç bir əsas olmadan öz işçisini tutdurması bu bankın özününü-özünə vurduğu zərbədir: "Öz işçisinə qiymət qoymayan bir bankla hansı müştəri əməkdaşlıq edər? Axı etibarını itirmiş bir bank həm də müştərilərini itirir”.