backend

Dövlət Sığorta Kommersiya Şirkətinin büdcəsi boşalıb...

Dövlət Sığorta Kommersiya Şirkətinin büdcəsi boşalıb...Məmməd Məmmədov şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə sığorta pulunu ödəməkdən imtina edir Dövlətin adından çıxarılan məhkəmə qərarları onun üçün bu qədərmi əhəmiyyətsizdir? Dövlət Sığorta Kommmersiya Şirkətinin idarə heyətinin sədri Məmməd Məmmədovun şəhid və itkin düşmüş şəxslərin ailələrinə qarşı sərgilədiyi biganə münasibət narazılıq hallarının artmasına zəmin yaradıb. Şəhid ailələri və Qarabağ əlilləri "Azərsığorta" Dövlət Şirkəti tərəfindən get-gələ salınır. Sığorta qanunvericiliyinə görə, hərbi qulluqçunun özü və ya hüquqi varisi 2 il müddətinə Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək sığortanı almalıdır. Şəhid ailələri qanunla müəyyən edilmiş sığorta kompensasiyalarından məhrum edilib. 2010-cu ildən bu vaxta qədər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin varisləri, yəni şəhid ailələri və aldıqları xəsarətlərdən əlil olmuş Qarabağ müharibəsi əlilləri onlara qanunla hərbi qulluqçu olduqlarına görə ödənilməli olan dövlət, icbari sığorta ödənişlərini ala bilmirlər. Ədalət mühakiməsini həyata keçirən Azərbaycan məhkəmələri bu kateqoriyadan olan vətəndaşların iddialarını haqlı sayaraq qanunla ödənilməli olan dövlət, icbari sığorta ödənişinin verilməsi vəzifəsini cavabdeh "Azərsığorta"Dövlət Sığorta Şirkətinin üzərinə qoyub. 2012-ci ildən bu vaxta qədər sığortaların ödənilməsi ilə bağlı 42 məhkəmə qərarı var. Lakin Azərbaycan dövlətinin adından çıxarılan bu qərarlar "Azərsığorta" tərəfindən icra olunmur. Belə ki, Konstitusiya Məhkəməsi Palatasının 5 iyul 2013-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi baxımından Mülki Məcəllənin 7-ci maddəsi və "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanunun bəzi müddəlarının şərh olunması ilə bağlı Ali Məhkəmənin sorğusu Konstitusiya Məhkəməsinin icraatında qəbul edilmişdir. Məhkəmə qərarlarına rəğmən, Məmməd Məmmədovun rəhbərlik etdiyi şirkət şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə sığorta ödənişini vermək istəmir. Buna görə bir neçə dəfə Milli Məclisin və digər qurumların qarşısında etiraz aksiyaları keçirilib. Şikayətçilər bildirib ki, şirkət rəhbərliyi hər dəfə bir bəhanə ilə bu kompensasiyaları ödəməkdən boyun qaçırır, şəhid ailələrini narahat edir: "Şəhid ailələri məsələ ilə bağlı bütün aidiyyəti qurumlara müraciət edərək pozulmuş hüquqlarının bərpasını tələb etsələr də, bu vaxta qədər heç bir müsbət nəticə əldə edilməyib. Nə şəhid ailələri, nə də Qarabağ müharibəsi veteranlarından heç kim bu kompensasiyaları ala bilmir. Elə münasibət göstərirlər ki, sanki biz dilənçiliyə gəlmişik. Bu, utancverici haldır. Deyirlər ki, şəhidlərə, itkin düşmüşlərə, müharibə əlillərinə sığorta düşür. Bu sığortanın ödənilməsi külli miqdarda vəsait tələb edir. Ona görə də sığortanın ayrılması üçün bu məsələ Maliyyə Nazirliyi ilə müzakirə olunacaq və yaxın zamanda bizə bu haqda xəbər veriləcək. Sığortanı verən Dövlət Sığorta Kommersiya Şirkəti bu qədər şəhid ailəsinin olacağını bilmirmiş. Sığorta şirkəti 42 şəhid ailəsinə 11 min manat verdikdən sonra vəsaitinin olmadığını əsas gətirərək sığorta pullarını verməyi dayandırıb". Qeyd edək ki, bu məsələ parlamentin iclaslarının birində müzakirəyə çıxarılsa da, şəhid ailələrinə çatası icbari sığorta ödənişləri ilə bağlı problemin aradan qaldırılması istiqamətində ciddi tədbir görülməyib. Millət vəkili Vahid Əhmədov həmin iclasdakı çıxışında deyib ki, şəhid ailələri və Qarabağ əlilləri üçün nəzərdə tutulan sığorta pullarının ödənilməsi problem olaraq qalır. O bəyan edib ki, icbari sığorta ödənişləri Qarabağ müharibəsində şəhid olan şəxslərin ailələrinə ödənilməlidir: "Şəhid ailələri üçün ödəniləcək sığortanın miqdarı 11 min manatdır. Bu, elə də çox vəsait deyil. Maliyyə Nazirliyi bunun ödənilməsini təmin edə bilər". İclasda çıxış edən millət vəkili Siyavuş Novruzov hökumət üzvlərindən, Dövlət Sosial Müdafiə Fondunun sədrindən xahiş edib ki, şəhid ailələrinin qaldırdığı problemləri diqqətdə saxlasınlar və həlli üçün addımlar atsınlar: "Şəhid ailələri üçün evlər tikilir, müharibə əlillərinə maşınlar verilir. Şəhid ailələri, Qarabağ əlilləri bu gün ölkə prezidentinin ətrafında birləşiblər. Onların problemini həll etmək lazımdır. Milli Məclisin rəhbərliyi qanunvericilik baxımından nə lazımdırsa etməlidir ki, şəhid ailələrinin bu problemi həll olunsun. Eyni zamanda bu işləri sürətləndirmək lazımdır ki, onlar əziyyət çəkib bir daha bura gəlməsinlər". Bütün bunlara baxmayaraq, Məmməd Məmmədov qeyd olunan kateqoriyadan olan insanlara problem yaratmaqda davam edir. Ümumiyyətlə, son illər Dövlət Sığorta Kommersiya Şirkətinin fəaliyyəti ilə bağlı şikayətlərin ardı-arası kəsilmək bilmir. Bu günlərdə şirkətin Ucar filialının müdiri Oqtay Hümmətovun adı qalmaqallı hadisədə hallandırılıb. Bu barədə Ucar sakini Samir Şıxəliyev məlumat verib. Belə ki, sentyabrın 4-də baş verən zəlzələ nəticəsində Samir Şıxəliyevin Ucar rayonu, M.Əliyev küçəsindəki 3 otaqlı mənzilinə ciddi ziyan dəyib. Ev bu ilin 7 fevralında "Azərsığorta"nın Ucar filialında sığortalanıb, bir illik müqavilə imzalanıb. Müqaviləyə əsasən zəlzələ zamanı evə ziyan dəyməsi sığorta hadisəsi hesab olunur. Zəlzələdən sonra Samir Şıxəliyev Oqtay Hümmətova müraciət edib. Filial müdirinin cavabı isə belə olub: "Müqavilədə yazılsa da, sənə kömək etməyə heç bir maddi imkanımız yoxdur. İndiyə qədər görmüsən ki, sığorta şirkəti kiminsə evinə zəlzələyə görə sığortapulu versin?". Şikayətçi bildirib ki, sığorta şirkətindən kompensasiya ala bilmədiyi üçün evi qəzalı vəziyyətdə qalıb. Bu isə himayəsində iki azyaşlı uşağın da olduğu Samir Şıxəliyevin ailəsinin həyatını təhlükə altında qoyub. Vətəndaş artıq Oqtay Hümmətovun fəaliyyəti barədə prezident İlham Əliyevə və aidiyyəti qurumlara müraciət edib. O həmçinin söyləyib ki, bu Oqtay Hümmətovun ilk özbaşınalığı deyil: "Bu adam indiyədək dəfələrlə vətəndaşların kompensasiyasına göz dikib. Qanunsuz yolla qazandığı pullar hesabına özünə var-dövlət yığıb, Ucarda və Bakıda mülklər, avtomobillər alıb, öz biznes şəbəkəsini yaradıb". İddialara əsasən, Oqtay Hümmətov Məmməd Məmmədovun ən yaxın kadrlarından biri hesab edilir. Göründüyü kimi, Dövlət Sığorta Kommersiya Şirkətinin, onun rəhbərliyinin və yerli filiallarının müdirlərinin fəaliyyəti vətəndaşları qane etmir. Bu isə o deməkdir ki, şirkətdə tezliklə kadr islahatları aparılmalı, "Sığorta Mamed" və komandası işdən xaric edilməlidir. Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik. (Ardı var)