backend

Azərbaycanlı gənclərin qələbə sorağının dünyanın bütün qitələrindən eşidilməsi dövlətimizin dünya birliyinə inteqrasiyasının məntiqi nəticəsidir

Azərbaycanlı gənclərin qələbə sorağının dünyanın bütün qitələrindən eşidilməsi dövlətimizin dünya birliyinə inteqrasiyasının məntiqi nəticəsidir
Dövlətimizin prioritet sahələrin inkişafına hesablanan siyasi istiqamətlərindən biri də gənclər siyasətidir. Gənclərə diqqət və qayğı hər il daha da artır və konkret nəticələrlə müşahidə olunur. Respublikamızda ordu quruculuğunun, vətənpərvərlik tərbiyəsinin, sosial rifahın gücləndirilməsinə istiqamətlənən siyasət birbaşa gənclər sektorunun da inkişafına təsirsiz ötüşmür və öz müsbət rolunu oynayır.

Bu gün Azərbaycanda gənclər siyasətinin qarşısında duran əsas məqsədlər əsasən bu sahənin intellektual səviyyəsinin artırılması, gənclərimizin və yeniyetmələrimizin elmə, təhsilə yiyələnmələrinə nail olunması, iqtisadi amillər – yəni maliyyə durumlarının, sosial rifah göstəricilərinin yüksək olması, onların arasında azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsi, gənclərimizin dövlət və hökumət strukturlarında geniş təmsil olunması və s. taleyüklü məsələlərdir.

Prezident İlham Əliyevin son 10 ildə Azərbaycanda gənclərlə işin inkişaf etdirilməsi ilə bağlı verdiyi göstərişləri, sərəncamları qeyd etmək yerinə düşər. Həmin faktlar dövlətin bu sahəyə olan qayğısının birbaşa Prezidentin nəzarətindən kənarda olmadığını göstərir və Prezidentin də bu işdə nə dərəcədə maraqlı olduğunu sübut edir.

Azərbaycan dövlətinin gənclər siyasətindən danışarkən Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə imzalanmış “Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə” və 2011-ci ildə imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramları xüsusi qeyd edilməlidir. Həmin proqramlar dövlət başçısının Azərbaycan gəncliyinə münasibətinin birbaşa təzahürüdür. Əslində, ötən bir neçə il ərzində də məlum oldu ki, bu proqrama Azərbaycan gəncliyinin nə qədər ehtiyacı var imiş.

Bakının 2014-cü il bədii gimnastika üzrə Avropa çempionatı, 2015-ci il Birinci Avropa Oyunları, 2016-cı il şahmat üzrə dünya çempionatı, 2017-ci il İslam Həmrəyliyi Oyunları və 2019-cu il bədii gimnastika üzrə dünya çempionatı kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkədə bu sahədə aparılan dinamik işin təzahürü və həm də gənclər siyasətinin uğurlu davamıdır.

Hazırda gənclərimiz mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya və başqa sahələrdə öz istedadlarını və qazandıqları uğurları layiqincə nümayiş etdirirlər. Əgər əvvəllər istedadlı Azərbaycan gənci öz potensialını üzə çıxarmaq üçün şəraitin olmamasından haqlı olaraq gileylənirdisə, indi vəziyyət tam başqadır. Hər bir perspektivli Azərbaycan gəncinin yetişməsi üçün ölkəmizdə dövlət tərəfindən lazımi şərait yaradılmışdır. Burada elə təkcə son illər Prezident İlham Əliyevin birbaşa qərarları ilə yaradılan çoxsaylı gənclər mərkəzlərinin və evlərinin açılışını da qeyd etmək olar.

Azərbaycan gənclərinin dünyanın ən tanınmış ali məktəblərində dövlətin dəstəyi ilə təhsil almaları, ixtisaslı kadrlar kimi ölkə iqtisadiyyatının qüdrətlənməsində fəaliyyət göstərməsi dövlətin bu sektora olan etibarının nəticəsidir. Gənclərimizi xarici ölkələrin ali təhsil müəssisələrinə göndərməklə Azərbaycanın ölkə sərhədlərindən kənarda tanınması və təbliği üçün zəmin yaradan ulu öndərin ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilir. İndi həmin kadrlar ölkəmizin inkişafının qüdrətlənməsində təcrübəli mütəxəssislər kimi çalışırlar. Gənclərin Azərbaycandan kənarda təhsil almalarını təmin edən bu diqqət ölkə gəncliyinin dünya birliyinə inteqrasiyasını sürətləndirir. Bu gün xarici ölkələrdə Dövlət Neft Fondunun vəsaitləri hesabına təhsil alan azərbaycanlı gənclər bir neçə ildən sonra Azərbaycanın ictimai həyatında çalışaraq respublika iqtisadiyyatının qüdrətlənməsinə, nüfuzunun yüksəlməsinə öz layiqli töhfələrini verəcək, xalqımızın qürur mənbəyinə çevriləcəklər. Həmin gənclər təhsil aldıqları, işlədikləri ölkələrdə Azərbaycanı təmsil edən diaspor təşkilatlarının fəal üzvlərinə çevrilərək respublika həqiqətlərinin dünya xalqlarına çatdırılması istiqamətində çalışır, onların arasında tanınmış ictimai- siyasi xadimlər, görkəmli alimlər yetişir. Azərbaycanın qısa müddətdə iqtisadi, sosial sahədə əldə etdiyi uğurları müəyyənləşdirilmiş düzgün siyasət və strategiyanın uğurlu addımları kimi dəyərləndirən gənclər dövlətin onlara göstərdiyi diqqəti əməli fəaliyyətləri ilə doğrultmaqla, əsl vətəndaşlıq məsuliyyətlərini ölkənin ictimai siyasi həyatında tutduqları sağlam mövqe ilə təsdiqləyirlər. Seçkilərdə gənclərə xüsusi diqqət yetirilməsi ölkənin ictimai-siyasi həyatında, demokratiyanın inkişafında daha fəal iştirak etmək istəyinin təzahürüdür. Ötən bələdiyyə seçkilərində elə təkcə Yeni Azərbaycan Partiyasını təmsil edən gənclərin sayının 30 faiz təşkil etməsinin nəticəsidir ki, sağlam rəqabətə əsaslanan siyasi mübarizədə gənclərin rolu, idarəetmə orqanlarında iştirak etmək istəkləri, fəallığı yüksəlir. Son illərdə ölkədə, sərhədlərimizdən kənarda müasirlik və modernləşmə prinsipləri ilə əlaqədar keçirilən bütün tədbirlərdə, idman yarışlarında, olimpiadalarda Azərbaycan gəncləri fərqlənirlər.

Son 10 ildə dövlət tərəfindən gənclər siyasətinin davam etdirilməsi üçün ayrılmış büdcənin 100 dəfə artırılması, bu illər ərzində gənclər təşkilatlarının sayının 51-dən 250-yə çatması, gənclərin perspektivlərinin qiymətləndirilməsi, onların təşəbbüslərini və ictimai fəallığını stimullaşdırmaq məqsədi ilə onların layihələrinə ayrılmış maliyyə vəsaitlərinin 40 dəfəyədək yüksəlməsi və digər uğurlar, əslində, irəliyə doğru bir sıçrayışdır.

Azərbaycanlı gənclərin qələbə sorağının dünyanın bütün qitələrindən eşidilməsi dövlətimizin dünya birliyinə inteqrasiyasının məntiqi nəticəsidir. Respublikanın gənclər təşkilatları BMT, Avropa Şurası, İƏT, GUAM, MDB və digər beynəlxalq təşkilatlarla əlaqə yaradır, birgə layihələr həyata keçirirlər. Bütün bunlar intellektual Azərbaycan gəncliyinin formalaşmasını sübut edir.

Bu göstəricilər, gənclər siyasətini əks etdirən hər bir layihə, əslində, dövlətimizin bütün parametrlərdə uğurlar əldə etməsi üçün bazadır.

Gənclərlə bağlı dövlət proqramlarının tam mənada həlli müasir gəncliyin dövlətçilik prinsipləri əsasında, vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərə bağlılıq hisslərinin artırılması, ixtisaslı mütəxəssislərin hazırlanması üçün əlavə islahat və layihələrin tətbiqini sürətləndirəcək.

Dövlət gənclər siyasətinin əsl mahiyyəti gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemləşdirməkdir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni tərəqqisi ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir.

Vaxtilə ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğı, Azərbaycan dövləti üçün qoyub getdiyi irs bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısı hər zaman gəncləri maraqlandıran, onları narahat edən problemlərlə maraqlanır, görüşlər keçirir və bu istiqamətdə öz tövsiyə və tapşırıqlarını verir.

Bu gün Azərbaycan dövlətinin, o cümlədən xalqımızın ən böyük problemlərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə hələ də Ermənistanın və onun arxasında dayanan qüvvələrin mənfur əməlləri nəticəsində həll edilməmiş qalır. Bu gün Azərbaycan dövləti tam əmindir ki, onun güclü potensiala malik, intellektual imkanları və fiziki göstəriciləri yüksək olan gənclər ordusu vardır. Bu günün gəncləri həm də cəmiyyətin, dövlətin keşikçiləridir. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi Azərbaycan dövlətinin və gənclərimizin qarşısında duran əsas vəzifədir.

Bu gün Azərbaycan gəncliyi bütün sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də Ermənistanı geridə qoyur. Onların taleyin ümidinə buraxılmış, sosial problemlər girdabında çapalayan, terrorizmə və separatizmə yuvarlanmış gəncliyindən fərqli olaraq Azərbaycan gəncliyi özünə inam prinsipləri ruhunda inkişaf edir, öz dövlətinin göstərdiyi diqqət və qayğının etimadını hər sahədə doğruldur.
Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.Heydər Əliyev müasir düşüncəli, savadlı, dünyagörüşlü gənclik yaratmağa çalışırdı və bütün bunlara nail olmaq üçün onları müxtəlif ölkələrə təhsil almağa göndərirdi. Eyni zamanda gənclərə Vətəninə, adət-ənənələrinə, kökünə sadiq olmağı və dövlətinə xidmət etməyi öyrədirdi. Azərbaycanın inkişafı üçün bu gün önəmli postlarda çalışan gənclər bu siyasətin nəticəsidir. Bəli, artıq bu gün Heydər Əliyevin arzuladığı gənclik yetişib. İndi onların məqsədli şəkildə irəlilədiyi bir yol var.İşığlı sabaha doğru AZƏRBAYCAN gənclıyı.Bayramınız mubarək.

Agmir Agamirov,
“YeniGələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədr müavini,
YAP Nərimanov rayon Gənclər təşkilatının idarə heyətinin üzvü.