backend

AKADEMİKDƏN ƏLLİ MİLYONLUQ AZƏRBAYCAN XALQINA, ONUN HƏR BİR İNSANINA – MÜRACİƏT

AKADEMİKDƏN ƏLLİ MİLYONLUQ AZƏRBAYCAN XALQINA, ONUN HƏR BİR İNSANINA – MÜRACİƏT
Bu günlər dövlətimiz və xalqımızın şərəflənən, qürurlanan günləridir. Uzun illər boyu bizim gücümüzə və qüdrətimizə inanmayan düşmən və onun havadarları tam başqa Azərbaycan gördü. Uzun illər həsrət qaldığımız torpaqlara xahişlə, minnətlə yox, vuruşaraq girdik. Doğrudur, bu qələbə üçün şəhidlər verdik. Amma savaş şəhidsiz olmur. Onlar şəhid olaraq milyonlarla insanımıza şərəf gətirdilər. Düşmən on dəfələrlə çox itki verdi. Düşmən rəzil oldu. Hətta dostları da onlardan üz döndərdi. Çünki düşmənin bütün çirkin sifətləri üzə çıxdı. Kim haqlı, kim haqsız olduğu artıq üzə çıxmaqdadır. Azərbaycan dövlətinin uğurlu siyasəti, qüdrətli ordumuzun rəşadəti bu prosesin başlanmasına imkan verdi. Bu günlər dövlət-xalq birliyi özünün ən yüksək zirvəsindədir.

Eyni zamanda məlumat savaşı da gedir. Bu savaş da çox önəmlidir. Bu savaşda da dövlət-xalq birliyini qoruyun, gücləndirin. Yanlış məlumatlarla düşmənə girəvə verməyin. Yoxsa qəhrəman şəhidlərimizin ruhları bizi bağışlamaz.

Bir alim, ziyalı, kifayət qədər dünyanı dərk edən, təcrübəsi kifayət qədər olan bir vətəndaş kimi, yüzlərlə balalarınıza təhsil vermiş müəllim olaraq sizlərə müraciət edirəm:

Dövlət-xalq birliyini qoruyun.
Şəxsi hisslərinizlə yox, Vətən sevgisi ilə qərar verin.
Sosial şəbəkələrdə xəbərləri oxuyarkən, xəbərlər yazarkən, xəbərləri paylaşarkən ehtiyatlı olun, məkirli düşməni nəzərə alın.
Hər zaman Azərbaycan ordusuna dəstək verin, onun zəfərlərinə sevinin, yadellilərə dərs verərək yerində otuzduran ordu alqışa layiqdir.
Bizi zəfərlərə aparan böyük siyasətə siz də öz töhvənizi verin.
Elə edək ki, sonradan şəhidlərimizin ruhları bizdən inciməsin. Onların Vətənin bölünməzliyi uğrunda şərəflə şəhid olduqlarını unutmayın.
Allah dövlətimizi, xalqımızı, birliyimizi qorusun.

Yeni zəfərləri gözləyin və ona inanın!

Allaha əmanət olun!




Akademik Vaqif ABBASOV