backend

ŞƏHİDLƏRİN ÖLMƏZ RUHU

ŞƏHİDLƏRİN ÖLMƏZ RUHU

















Hər ömür yaşadıqca onları AZƏRBAYCANIN QƏHRƏNMANLARI deyə çağırsınlar

Çox istərdim ki, bu yazımı ürəkaçan ifadələrlə başlayım. Təəssüf ki, buna maneələr yaradan səbəblər çoxdur. Cəmiyyətin problemləri bitmək, tükənmək bilmir və bu gündən-günə artır. Budur, artan qayğılarımızın üzərinə biri də nankorqonşularımız tərəfindən əlavə edildi- cəbhə qayğısı...
Bizim bu ölkədə müstəqil yaşamağımızda əsgərlərimizin rolu böyükdür. Bir müddət bundan öncə cəbhə xəttində düşmən tərəfindən başlayan atışmada həlak olan on üç əsgərimiz əvvəla bütün xalqımızı daha sonra isə digər dost ölkələri dərindən sarsıtdı. Telemedia və sosial şəbəkələr ancaq bu haqda informasiyalar və xəbərlər yaydılar. Uşaqdan böyüyə hər kəs matəm içərisində şəhidlərimizin dəfn olunmasını izlədi. Facebook sosial şəbəkəsində bir əsgərin yaralı halda “əsgər marşı”nı oxuması, “Vətən” deyərək sızlaması bütün qəlbləri dağladığının şahidi olduq. Həmin əsgərin bu günkü vəfatına isə hələ də inanmaq olmur. Bəli, Azərbaycan bu gün də yeni bir şəhid itkisi xəbəri ilə bizi məyus etdi. On üç əsgərin şəhidliyə ucalması, Allah yanında mükafatdır. Ancaq digər tərəfdən bizim üçün bu böyük bir itkidir. Biz bu acını dəfələrlə yaşamışıq. Fərid Əhmədovun, Mübariz İbrahimovun acısı hələ tam keçməmiş, bu qığılcım alovlanmağa başladı. Mənim gözümdə Onlar yüksəldikcə, düşmənlərimiz bir o qədər kiçilir. Biz müharibədən yox, sülhdən iki əllə yapışdıq. Lakin görünən odur ki, mənfur düşmənlərimiz öz niyyətlərindənəl çəkmək fikrində deyil.
Oxuduğum informasiyaların birində bir məmur övladının qız üstündə adam güllələdiyindən xəbər tutdum. Düşündüm. Bəs niyə, bu məmur övladları gedib ordaki düşmənlərimizi belə güllə hədəfinə çevirmirlər? Niyə öz fərasətlərini orada düşmənlə üz-üzə döyüş bölgəsində göstərmirlər? Orda ölən əsgərlərdən nəyi artıq və ya əskikdir, bu məmur övladının? Bu suallar beynimdə cavabsız qaldı... Amma Baba Pünhanın
“Bir şəhid istəyirəm ki, atası nazir, anası millət vəkili olsun.
Bax onda deyərəm ki, Vətən Başın sağ olsun...”
Misralarını əsgər ölümlərindən sonra əsas şüara çevrilərək yaddaşıma həkk olundu.
Xalqımızın səbrinin daşması, bu gün düşmənə qarşı etiraza qalxmaqda göründü. Dinməyən ağrılar yenidən fəryad etməyə başladı. Danışmayan dillər, dözə bilmədi.... Axı necə dözsün? Yaşadığımız bu zamanda min bir əzabla böyüdüb, yarıac. Yarıtox saxlayaraq övladını ərsəyə gətirən bir ana necə sakit dayana bilər? Heç də asan olmadığını bilirəm.13 şəhid övladını bir gündə məzara vermək nə qədər acı, nə qədər iztirablı və çətindir... Ağrımız nə qədər böyük olsa da, Allahdan böyük ola bilməz.İndi düşmən qarşısında ağlamaq yox, dik durmaq vaxtıdır. Bizim əlimizdən ancaq xalqımıza və analarımıza səbr diləmək və dua etməkdən başqa heç nə gəlmir. Allahdan onların ailələrinə səbrvə şəhid anası olmağıyla qürur hissi duymağı, möhkəm olmağı diləyirəm.
Şəhidlik ruhu ölməzdir. Şəhidliyə ucalan ər, torpağına baş qoyan övlad, vətəninə görə həlak olan əsgər- əbədi yaşayır. Onlar kimi bir çox şəhidlərimiz də torpaq altında yatır. Məkanları cənnət, yerləri behştlik olsun. Mən inanıram ki, bu savaşa bir gün son veriləcək, torpaqlarımız alınacaq, bax, yalnız onda biz şəhidlərimizin ruhu qarşısında öz borcumuzu vermiş olacağıq. Bunu xalqımızın ər oğullarının prezidentimiz İlham Əliyev cənablarının komandanlığı altında edəcəklərinə inanıram. Ana torpağımız düşmən tapdağı altından geri alınacaq ki, bizim sevincimiz ikiqat artsın və onda şəhidlərimizin də ruhu sevinəcək. Mən bir daha şəhid xəbəri nə eşitmək, nə də oxumaq istəmirəm, yalnız qələbə müjdəsieşitmək istəyirəm.
Əsgərlərimizin düşmən qarşısında cəsarətindən, hünərindən yazılar yazmaq istəyirəm.
Gənclərimiz Şəhidlər Xiyabanında əsgər itkisinə qarşı etiraz aksiyası keçirdikdə nə qədər sevindim və başa düşdüm ki, Azərbaycanın hələ Mübariz, Fərid kimi övladı var. Onları da təhlükəyə atmayaq. Bunun üçün lazımı tədbirlərin görülməsi və çıxış yolunun tapılmasının tərəfdarıyam. İstəyimiz, amalımız yalnız budur.
Bu barədə yazılan yazıların, məqalələrin sayının çox olacağını bilirəm. Çünki bu xəbərə təkcə mən məyus olmadım. Ancaq bir vətəndaş kimi çox xahiş edirəm, bu məsələyə ciddi yanaşılsın. Nə lazımdısa biz əlimizdən gələni etməyə hazırıq. Yetər ki, yenidən şəhid qanı axmasın, daha bir ana göz yaşı tökməsin. Şəhid qəbristanlığı yox, şəhidlərin adına küçələr, parklar, məktəblər tikilsin. Özləri kimi, adları uca zirvələrə yüksəlib, nəsillərdən-nəsillərə ötürülsün. Gələcək nəsillərimiz onlara baxıb fəxr eləsin. Adları çəkildikcə, bir ömür yaşadıqca onları Azərbaycanın Qəhrəmanları deyə çağırsınlar.
Allah rəhmət eləsin!