backend

Zakir Həsənov: Əsgərlərimizin qisası birə on qat alındı

Zakir Həsənov: Əsgərlərimizin qisası birə on qat alındı























“Düşmənə rahatlıq verməyəcəyik”.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə təbrik məktubu ünvanlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir bildirib ki, 2014-cü il xalqın, dövlətin və Silahlı Qüvvələrin həyatında əlamətdar və yaddaqalan uğurlu hadisələrlə zəngin olub

“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordunun maddi-texniki bazası daha da möhkəmləndirilib, şəxsi heyətin sosial-məişət problemləri ardıcıl olaraq həllini tapıb, müasir silah və texnika alınıb, yüksək ixtisaslı peşəkar hərbçilər hazırlanıb. Şəxsi heyətin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir”, - deyə, nazir bildirib.

Bu il cəbhədə baş verən hadisələrə toxunan nazir bildirib ki, vəziyyət xeyli gərginləşdiyi vaxtlarda xalqımız növbəti dəfə Azərbaycan əsgərinin fədakarlığının şahidi oldu.

“İşğalçıların planlaşdırdığı əməliyyatlar qabaqcadan aşkar olundu, onlar canlı qüvvə və döyüş texnikasında xeyli itki verərək geri çəkilməyə məcbur edildi. Döyüşlərdə şəhidlər versək də, xalqımız bilməlidir ki, hərbi qulluqçularımızın qisası birə on qat alındı və bundan sonra da alınacaqdır. Biz düşmənə tarixi torpaqlarımızda rahatlıq verməyəcək və Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik”.

Nazirin sözlərinə görə, düşmənlə təmas xətti, ölkəmizin həm dəniz, həm də hava məkanı yeni və müasir silahlarla təmin edilmiş Silahlı Qüvvələrimizin daim nəzarəti altındadır.

“İşğalçıların təxribatlarının qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaqdır”, - deyə, Zakir Həsənov bəyan edib.