backend

“Hillari xanımla şəxsi əlaqəm olub - Seçkidən sonra şəkillərimizi göndərəcəm”

“Hillari xanımla şəxsi əlaqəm olub - Seçkidən sonra şəkillərimizi göndərəcəm”

“Hillari xanımla mənim şəxsi əlaqəm olub. Elçibəy hakimiyyəti dövründə mən Vaşinqtonda olanda Ritz-Carlton hoteldə Hillari xanımla söhbətlərimiz olub. O vaxt orada Azərbaycanın qara kürüsünün təqdimatını keçirirdik və Hillari xanımı oraya dəvət etmişdik. Həmin tədbirdə Hafiz Paşayev də, mən də iştirak edirdik, elə həmin tədbirdə şəxsi tanışlığımız yarandı”

Bunu moderator.az-a açıqlamasında Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev ABŞ prezidentliyinə namizdələr haqqında danışarkən deyib.

Partiya sədri Hillari Klintonun ABŞ prezidenti seçiləcəyinə əmin olduğunu vurğulayıb və onu bəri başdan təbrik edib:

“Hillari çox cəsrətli bir xanımdır, dünyada çox güclü siyasətçidir. Düşünürəm ki, Hillari xanım artıq ABŞ-ın prezidentidir. Tramp avaranın biridir, ermənipərəstdir, başıxarab bir adamdır. ABŞ xalqı öz dəyərlərinə hörmət edən edən xalqdır, buna görə də heç vaxt Trampı prezident seçməzlər. ABŞ xalqı bilir ki, kimə səs vermək lazımdır və artıq o səsi veriblər də. Hillari xanım bu gün də səs çoxluğu ilə qabaqda gedir.

Bəzi insanlar ölkəsindən asılı olmayaraq elə bilirlər ki, kiminsə pulu çoxdursa, hər şeyi həll edə bilərlər. Bu, tamamilə yalnış bir fikirdir. O cümlədən Tramp da elə düşünürdü ki, onun pulu var və milyardları ilə ABŞ xalqını ələ ala biləcək. Ancaq gördü ki, bu mümkün deyil, ABŞ xalqı Hillari xanıma böyük önəm verir. Düşünürəm ki, Hillari Klinton artıq ABŞ prezidentidir. Mən onu artıq prezident kimi qəbul edirəm və onu bəri başdan saytınız vasitəsilə təbrik edirəm. İnaqurasiya mərasimindən sonra çalışacağıq ki, onunla əlaqələri bərpa edək. Onunla çəkdirdiyimiz şəkilləri göndərək”.

H.Hacıyev qohumu Bəxtiyar Hacıyevin də Hillari Klintonla əlaqəsinin olduğunu deyib:

“Bizim bir əmioğlu var, Bəxtiyar Hacıyev, onun da Hillari xanımla çox yaxın münasibətləri var, tez-tez əlaqədə olurlar. Biz bu yöndə Azərbaycanın xeyri üçün, Azərbaycan-ABŞ dostluğunun inkişaf etdirilməsi, Azərbaycanla ABŞ arasındakı soyuqluğun aradan qaldırılması istiqamətində öz gücümüzdən istifadə etməyə çalışacağıq. Ancaq hər gün Azərbaycan televiziyasında, Azərbaycan qəzetində ABŞ-ı söyənlər qalarsa, düşünürəm ki, nəticələri çox pis olacaq. Dünya dövlətləri bizi dəstəkləyirlər, demokratik inkişafa dəstək verən insanları sevirlər və bizdən umduqları Azərbaycanda insan hüquqlarına, demokratiyaya hörmətdir. Bizim içimizdə də belələri azdır”.