backend

ABŞ niyə Elçibəyin vaxtında Azərbaycana…

ABŞ niyə Elçibəyin vaxtında Azərbaycana…

ABŞ Konqresində Azərbaycanda insan haqları və demokratiyanın durumuyla bağlı dinləmələrin “Azərbaycan naminə” olduğuna şübhə edirəm.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi hesab edir ki, dinləməni təşkil edənlərin içərisində erməni lobbisinin təsiri altında olan şəxslər çoxluq təşkil edirsə, bu, Azərbaycanda insan haqları və demokratiya naminə həyata keçirilmir:

“Onların əsl məqsədi insan haqları və demokratiyanın bərqərarı deyil, Azərbaycanın tamamını - iqtidarı və müxalifəti zəif durumda saxlamaq, ölkəmizin Ermənistan üzərindəki üstünlüyünü artırmasına, Dağlıq Qarabağı nəzarətə götürməsinə mane olmaqdır. Əgər həmin konqresmenlər bu qədər ədalətlidirlərsə, onda Əbülfəz Elçibəyin prezidentliyi dövründə niyə Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişi tətbiq edirdilər, axı o zaman insan haqları və demokratiya ilə bağlı Vaşinqtonun Bakıya hər hansı iradı yox idi? Çünki həmin konqresmenləri Azərbaycanda insan haqları və demokratiya yox, Ermənistanın işğalçı siyasətini müdafiə etmək düşündürürdü. Bu müddətdə dəyişən bir şey yoxdur”.

Politoloq bildirib ki, amerikalı konqresmenlərin əksəriyyətinin Azərbaycanla bağlı tənqidlərində səmimiyyət azdır:

“Azərbaycanda nə dəyişiklik baş verəcəksə, bu, daxildəki qüvvələrin siyasi iradəsinin hesabına mümkün olacaq. Həmin dəyişikliklər, yəni siyasi və iqtisadi islahatların sürətləndirilməsi bizə lazımdır, amerikalı konqresmenlərə yox! Rəsmi Vaşinqtonun Azərbaycanda inqilabda maraqlı olduğuna inanmıram. Həmin qüvvələr anti-Amerika mahiyyətlidir. Buna görə də Vaşinqton Azərbaycanı daxildən qarışdırmaqda niyə maraqlı olsun ki? Ancaq amerikalı bir qrup konqresmenin Dövlət Departamenti və Ağ Ev rəsmiləri kimi düşündüyünü zənn etmirəm. Onlar “Azərbaycan üçün nə qədər pisdirsə, bizim üçün (erməni lobbisi) və Ermənistan üçün bir o qədər yaxşıdır” prinsipindən çıxış edirlər”.