backend

Hüquq müdafiəçisindən hakimiyyət təbliğatçılarına çətin suallar

Hüquq müdafiəçisindən hakimiyyət təbliğatçılarına çətin suallar

















Milli Şura Koordinasiya Mərkəzinin üzvü, Hüquq Müdafiəçisi Oqtay Gülalıyev Avropa Məhkəməsinin Azərbaycan torpaqlarının işğalını rəsmən təsdiqləməsi haqda hakimiyyət təmsilçilərinin fikirləriə cavab vrib. O.Gülalıyevin bununla bağlı facebook statusunu olduğu kimi diqqətinizə çatdırırıq:

“… PA şöbə müdiri Fuad Ələsgərov İnsan Haqları üzrə Avropa Məhkəməsində “Çıraqov və digərlərinin Ermənistana qarşı” iş üzrə qərarına münasibət bildirərək qeyd edib ki bu qərar beynəlxalq səviyyədə məcburi hüquqi qüvvəyə malik olan sənəddir və heç bir beynəlxalq təşkilat və ya dövlət tərəfindən inkar edilə bilməz;
“…Avropa Məhkəməsinin bu qərarı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili standartların tətbiqini aradan qaldırmaq istiqamətində mühüm addımdır.
… Həmin qərarla Avropa Məhkəməsi ermənilərin uydurma iddialarına son qoydu
…. Avropa Məhkəməsinin qərarı mövqeyimizin tam haqlı və əsaslı olmasını bir daha bütün dünyaya göstərdi”
Təbii ki, Avropa Məhkəməsinin sözü gedən qərarı tam haqlı, reallığı əsk etdirən ədalətli bir qərardır. Gec də olsa verilmiş bu qərar təqdir olunmaqla yanaşı torpaqlarımızdan didərgin salınmış, yurd- yuvası talan edilmiş, əmlakı əlindən alınmış digər minlərlə qaçqın soydaşlarımıza da tətbiq edilməli və onların tapdanmış hüququ bərpa edilməlidir.
Amma Fuad Ələsgərovun fikirləri ilə tanış olarkən başqa bir məqam da mənim diqqətimi çəkdi. Necə ola bilir ki, Azərbaycan höküməti tərəfindən evi uçurulmuş, əmlakı əlindən alınmış sakinlərlə bağlı Avropa Məhkəməsi zərərçəkənin hüquqlarının bərpasına dair qərar qəbul edərkən bu qərar ədalətsiz olur? Necə ola bilir ki, ictimai- siyasi fəaliyyətinə görə şərlənərək həbs olunmuş siyasi məhbuslar haqqında Avropa Məhkəməsi azadlıq və bəraət hökmü çıxararkən Azərbaycan hakimiyyəti tərəfindən bu qərar ədalətsiz elan olunur? Necə ola bilir ki, həbsdə olan siyasi məhbuslar Əli İnsanov, İlqar Məmmədov və başqaları haqqında onların tapdanmış hüquqlarının bərpasına dair çıxarılan qərarları erməni lobbisinin sifarişi adlandırılır və xeyli müddətdir ki, icra olunmur? Azərbaycanda olan seçki saxtakarlığına dair adı çəkilən məhkəmənin çıxardığı qərarlar da “ölkəmizi istəməyən xarici qüvvələrin, düşmənlərimizin işi” kimi qiymətləndirilir. Məsul şəxslər və rəsmi təbliğat vasitələri elan edirlər ki, Avropa Məhkəməsi Azərbaycana düşmən mövqedə olan təşkilatların və erməni lobbisinin təsiri altındadır. İntiqam Əliyevi də şərləyib həbs etdilər ki, o Avropa Məhkəməsinə daha çox şikayət göndərir və ölkəmizə qarşı olan bu təşkilatla işləyir.
Əslində Avropa Məhkəməsi “Çıraqov və digərlərinin Ermənistana qarşı” işi ilə bağlı qəbul etdiyi qərarla bu qurum haqqında deyilən cəfəng fikirləri bir daha alt- üst etdi. Çünki sual yarana bilərdi; necə oldu ki, Azərbaycanı istəməyən, erməni lobbisinin təsiri altında olan ali bir qurum erməni işğalını, qəsbkarlığını, etnik təmizləməni təsdiq edən belə bir önəmli qərar çıxardır? Yoxsa ermənilər özlərini ifşa edib öz əleyhilərinə qərar qəbul edirlər? Təbii ki, yox. Bu qərar Avropa Məhkəməsinin bir daha tərəfsiz və ədalətli olmasının təsdiqidir.
Bu qərar həm də onu göstərdi ki, ikili standartlarla işləyənlər Avropa Məhkəməsi yox, Azərbaycan hakimiyyətidir.
Belə qərarların davamlı olmasını istərdik…“