backend

Laçınlılar Ermənistanı diz çökdürdü: Avropa məhkəməsindən qəti qərar

Laçınlılar Ermənistanı diz çökdürdü: Avropa məhkəməsindən qəti qərar

















Avropa Məhkəməsi Ermənistanın işğal olunmuş ərazilərdə hərbi mövcudluğunun inkarına birdəfəlik son qoydu; Bu qərar Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi üçün presedentdir

İyunun 16-da Avropa İnsan Haqları Məhkəməsi “Çıraqovların və digərlərinin Ermənistana” və “Sərkisyanın Azərbaycana” qarşı işləri üzrə qərarlarını açıqlayıb. Qərarların hər ikisinin mahiyyəti eynidir. Ermənistana qarşı işdə 6 nəfər iddiaçı tələb edirdi ki, Laçına gedə bilmədikləri üçün onların özəl həyat, mülkiyyət toxunulmazlığı və səmərəli müdafiə haqlarının pozulması faktı tanınsın.
Eyni iddialar üzrə hüquqların pozulduğunu indiki Goranboy, keçmiş Şaumiyan rayonundan olan Sərkisyan da iddia edirdi. Avropa Məhkəməsi hər iki işdə iddiaçılarıın Konvensiyanın 1-ci (mülkiyyət), 3-cü (özəl həyat) və 8-ci (ədalətli mühakimə) hüquqlarının pozulması faktını tanıyıb.
Fəxrəddin Paşayev dədə-baba yurduna qayıtmağa şəraitin yaradılması, ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə 2005-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə üz tutub. Avropa Məhkəməsi 10 ildən sonra həmin iş üzrə qərarını elan edib: “Proses çox uzun çəkdi. Biz bu yola çıxanda 6 nəfərdik. Amma yoldaşlarımızdan biri bu günü görə bilmədi. 10 ildən sonra qərar çıxsa da, biz haqq-ədalətin qələbəsinə sevinirik. Lap əvvəldən Avropanın ədalətinə inanırdıq”.
Hüquqşünas Erkin Qədirli “Azadlıq” radiosuna şərhində bildirib ki, hər iki qərarın mahiyyəti eyni olsa da, Avropa Məhkəməsi əslində işlərə fərqli yanaşıb: “Məhkəmə özəlliklə bir məqamı vurğulayıb. Daha sadə dildə desək, bildirib ki, mülki erməni vətəndaşlarının Azərbaycana gəlməsini məhdudlaşdırmağa hökumətin ədalətli əsasları var.
Amma azərbaycanlıların Ermənistanın nəzarətində olan torpaqlara getməsini məhdudlaşdırmaq üçün heç bir əsasları yoxdur. Bu olduqca önəmlidir. Çıraqovların işində Ermənistanın məsuliyyət daşıdığını bildirən Avropa Məhkəməsinin bu qərarı, öz dədə-baba torpaqlarına – Kəlbəcərə getmək istəyən və həbs olunan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi üçün presedentdir”.
Avropa Məhkəməsi azərbaycanlıların Ermənistanın nəzarətində olan torpaqlara gediş-gəliş hüququnu tanıyıb. Erkin Qədirli deyir ki, bu hüququ reallaşdırmaq olacaqmı, bu başqa mövzudur. Buna görə də o, Avropa Məhkəməsinin bu qərarının siyasi əhəmiyyətlərini vurğulayıb: “Bu qərarda Azərbaycanın xeyrinə olan bir neçə mühüm məqam var. Birincisi odur ki, Ermənistanın işğal olunmuş ərazilər üzərində səmərəli nəzarəti təsdiqləndi. Ərazinin kimin olması məsələsinə toxunmadan (bu məsələ Avropa Məhkəməsinin səlahiyyətində deyil) Ermənistanın üzərinə məsuliyyət qoyuldu.
Bu, Azərbaycan üçün çox önəmlidir. İkinci məsələ odur ki, Avropa Məhkəməsi bildirib ki, Ermənistan ilk günlərdən münaqişənin fəal iştirakçısı olub.
“İşğalçı” sözünü işlətməsə də, dolayısı ilə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini təsdiqləyir. Bundan əlavə qərarda Azərbaycan torpaqlarının işğal olunması və qeyd-şərtsiz boşaldılması ilə bağlı bir sıra beynəlxalq təşkilatların qətnamə və sənədlərinə istinad edilib. Qısacası, bu qərar siyasi baxımdan Azərbaycan üçün olduqca əhəmiyyətlidir”.
Sözügedən məhkəmə qərarı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda bildirilir ki, Məhkəmə icraatı zamanı beynəlxalq ictimaiyyəti yayındırmağa və münaqişənin səbəb və mahiyyətini təhrif etməyə ənənəvi olaraq cəhd edən Ermənistan öz yurisdiksiyasının Məhkəmə qərarı Ermənistanın Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı və işğal olunmuş ərazilərində hərbi mövcudluğunun davamlı inkarına birdəfəlik son qoyub.
Ermənistan tərəfindən təqdim edilmiş uydurma iddialara cavab olaraq, Məhkəmə xüsusilə qeyd etmişdir ki, müharibəyə səbəb Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışları olmuş və bununla bağlı diqqəti Ermənistan SSRİ-nin Ali Soveti və Dağlıq Qarabağ yerli şurası tərəfindən 1989-cu ilin dekabrında “birləşməyə” dair birgə qərarın qəbul edilməsinə yönəltmişdir. Məhkəmə 1992-ci ilin may ayında Laçın rayonuna qarşı hərbi hücum nəticəsində Azərbaycan vətəndaşlarının həmin rayonu tərk etməyə məcbur edildiyini bildirmişdir. Məhkəmə bəyan etmişdir ki, Dağlıq Qarabağ və Laçın rayonu və ətraf rayonlar hazırda işğal altındadır və həmin vəziyyətə münasibətdə “Quruda müharibə aparma qanun və adətləri haqqında” 1907-ci il Haaqa Konvensiyası və “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” 1949-cü il Cenevrə Konvensiyasının müvafiq müddəalarında təsbit olunmuş hərbi işğala dair beynəlxalq hüquq tətbiq edilir.
Məhkəmə sözügedən işin icraata qəbul edilməsinə dair 14 dekabr 2011-ci il tarixli qərarına istinad edərək, “DQR”-ın heç bir dövlət və ya beynəlxalq təşkilat tərəfindən dövlət kimi tanınmadığını” vurğulayıb və beləliklə, bu qondarma qurumu qətiyyətlə rədd edən və Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiq etməklə yaradılmış və etnik təmizləmə və digər kobud pozuntularla müşayiət olunan vəziyyətin legitimliyini tanımaqdan imtina edən beynəlxalq birliyin mövqeyini bir daha təsdiq edib.
Münaqişənin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, suverenliyi və ərazi bütövlüyü çərçivəsində mümkündür. Azərbaycanın ərazi bütövlüyü heç bir zaman danışıqlar mövzusu olmamış və olmayacaqdır – deyə bəyanatda bildirilir.(bizimyol.info)